AZ

Aşıq Ələsgər atasından üç yaş böyük olub? –QALMAQALLI MÜSAHİBƏ + FOTOLAR

Təxminən on gün bundan öncə Bakının mərkəzi ünvanlarından birində Ustad Aşıq Ələsgərin abidəsinin açılışı oldu. Dövlət başçısı İlham Əliyev, Xalq yazıçısı Anar, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli eyni zamanda Qərbi Azərbaycandan olan millət vəkilləri, mədəniyyət xadimləri açılış mərasimində iştirak etdilər, nitq söylədilər.

Bu hadisədən sonra Aşıq Ələsgərin heykəli ətrafında geniş müzakirələr aparıldı. Abidəni bəyənib təqdir edənlər də oldu, bəyənməyib heykəltəraşı tənqid atəşinə tutanlar da tapıldı.

Musavat.com Medianews.az-a istinadən Azərbaycan Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tədqiqatçı-alim Nazir Əhmədli ilə mövzuya dair müsahibəni təqdim edir.

– Nazir müəllim, Aşıq Ələsgərin yorulmaz tədqiqatçılarından biri də Sizsiniz. Həm Qərbi azərbaycanlı ziyalı kimi, həm də ustad aşığın tədqiqatçısı olaraq paytaxt ərazisində ona abidə ucaldılmasını necə dəyərləndirirsiniz?

– Azərbaycan aşıq sənətinin zirvəsi sayılan, dahi söz xiridarı olan Aşıq Ələsgərə Bakı şəhərində abidə qoyulmasını çox yüksək qiymətləndirirəm. Aşıq Ələsgər Azərbaycan folklor sənətinin, poeziyasının ən öndə gələn, ustad sənətkarlarından biridir. Azərbaycan xalqının ən dahi oğullarından biridir. Hesab edirəm ki, ustadın xatirəsinə bu heykəlin qoyulmasını Aşıq Ələsgər çoxdan haqq etmişdi. Heykəlin açılışında Azərbaycan Prezidentinin iştirak etməsi və nitq söyləməsi bu işin əhəmiyyətini daha da artırır. Bu, çox müsbət hadisədir. Hətta mən əvvəlki fikir mübadilələrində bildirmişdim ki, Aşıq Ələsgərin nəşinin qalıqlarını gətirib Bakı şəhərindəki birinci Fəxri Xiyabanda dəfn etsək, daha yaxşı olar. Azərbaycanlılar, gənc nəsil Aşıq Ələsgərin qəbrini ziyarətə gələrlər. Azərbaycan xalqının böyük siyasi xadimlərinin, elm, sənət adamlarının, ədəbiyyat xadimlərinin uyuduğu Fəxri Xiyabanda Aşıq Ələsgərin də abidəsinin olmasını çox istəyərdim. Bu baxımdan mən Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin ucaldılmasını, açılışının edilməsini çox müsbət qarşılayır və  bunu 2024-cü ildə Azərbaycan mədəniyyətində baş verən ən böyük hadisələrdən biri kimi qiymətləndirirəm.

– Açılış mərasimində iştirak edənlər arasında siz nə üçün yox idiniz? Aşıq Ələsgər barədə tədqiqatlar, araşdırmalar aparan bir ziyalı kimi Sizi orada niyə görə bilmədik?

– Adətən belə məclislərdə onun iştirakçıları öncədən müəyyənləşdirilir və dəvət olunurlar. Qeyd etmək yerinə düşər ki, mən Aşıq Ələsgərin tədqiqatçıları arasındayam. Onun nəsil şəcərəsini üzə çıxartmışam. Çar imperiyası dövründə dövlət məmurları tərəfindən tərtib olunmuş kameral təsvirlər əsasında onun doğum tarixini, qohumlarını müəyyənləşdirmişəm. Aşıq Ələsgər haqqında xeyli məqalələrim, kitablarım var. Bunlara rəğmən, məni açılışa dəvət etməmişdilər. Dəvət olunsaydım çox böyük məmnuniyyətlə iştirak edərdim. Yəqin ki, bu işin infrastrukturunu quran, dəvət olunanların siyahısını tərtib edən qurumlar məsləhət bilməyib, bəlkə də yadlarına düşməyib deyə, dəvət etməyiblər. Bütün hallarda biz dəvət olunsaq da, olunmasaq da, əsas məsələ Aşıq Ələsgərə abidənin qoyulmasıdır.

– Aşıq Ələsgərin abidəsi ilə bağlı müxtəlif fikirlər səsləndirildi. Aşığın abidəsinin ölçüsünə, ustada oxşamamağına, hətta sazı tutmağına da irad bildirdilər. Bununla bağlı Sizin yanaşmanızı bilmək maraqlı olardı. Səsləndirilən iradlar nə dərəcədə ədalətli idi? Heykəltəraş işinin öhdəsindən gələ bilmişdimi?

– Heykəllə bağlı müəyyən problemlər var. Heykəlin Aşıq Ələsgərə oxşamaması bir az subyektiv məsələdir. Çünki onun fotosu qalmayıb. Şifahi söhbətlərə görə, Aşıq Talıbın ona oxşadığını deyirdilər. Rəssamlar da onun şəklini Aşıq Talıba oxşadıb çəkmişdilər. Bu heykəl isə müəyyən qədər bizim ənənəvi heykəlşünaslıqda gördüyümüz məsələlərdən bir az kənara çıxıb. Məsələn, o sazı əlində tutması rəmzi məna daşıyır. Heykəltəraşın da öz fikri var və bu, onun fantaziyasının məhsuludur. Sazın o cür tutulması ilə bağlı heykəltəraş Aşıq Ələsgərin fikirlərindən, sufizm dünyagörüşündən istifadə edib. Lakin reallığa qayıtsaq, mən də sazın tutuluş formasından razı qalmadım. Çünki, Aşıq Ələsgər solaxaydır. O, sol əli ilə mizrabı vurub və sağ əli ilə pərdələrdə gəzişdirib ifa edirdi. Sazın çanağının dayandığı bir yer olmasa heykəldəki formada onu çalmaq mümkün deyil. Heykəldəki kimi sağ əli tərpətsən saz onun əlindən düşər. Çünki, çanaq heç bir yerə dayanmayıb. Heykəltəraş onu sinəsində düzəltməli idi ki, çanaq aşığın sinəsinə dayanmış olsun və sağ əl pərdələrdə gəzişsin. Bu baxımdan heykəlin bu tərəfini mən qüsurlu sayıram. Amma bəzən sazın çalınma texnikasından da çıxış etmək doğru deyil. Bu, heykəltəraşın təxəyyülünün məhsuludur. Mən güman etmirəm ki, heykəltəraş sazın çalınma texnikasını bilməyib. Görünür onun da bu barədə öz fikri var. Hər halda bu mövzuda heykəltəraşı dinləmək yaxşı olardı. İş olan yerdə təbii ki, fikirlər də var. Bunların hər biri subyektiv, özünəməxsus olan fikirlərdir.

– Aşıq Ələsgərə paytaxt ərazisində abidə qoyulmasını “sizə tərs şillə” kimi qələmə verənlər, əleyhinizə fikir bildirənlər də var. Özünüzə qarşı belə münasibətə səbəb nədir? Sizdən nə istəyirlər?

– Bu cahilliyin göstəricisidir. Belə çıxır ki, mən abidənin qoyulmasının əleyhinə olmuşam. Halbuki, belə deyil. Mən dahi sənətkarımıza abidənin qoyulmasını ürəkdən arzulayan, bu sahədə yazılar yazan, təkliflər edən biriyəm. Bir qədər əvvəl vurğuladığım kimi, hətta mən təklif etmişəm və israrlıyam ki, Aşıq Ələsgərin Qərbi Azərbaycanın Basarkeçər rayonunun Ağkilsə kəndindəki nəşinin qalıqları gətirilərək Birinci Fəxri Xiyabanda dəfn edilsin, üzərində abidəsi qoyulsun. Bunu ona görə etmək lazımdır ki, ora bütün mədəniyyət insanlarımızın, ziyalılarımızın, yazarlarımızın ziyarətgahına çevrilsin. Bilirəm ki, nəşin başqa ölkənin ərazisindən, xüsusən də indiki Ermənistandan əldə edilməsi, gətirilməsi texniki çətinliklərlə bağlıdır. Amma bunun üçün siyasi həlli lazımdır. Bütün hallarda bunu ürəkdən arzulayıram. O ki, qaldı abidənin qoyulmasının mənə “tərs şillə” kimi qiymətləndirən Loğman adlı bir nəfərə, bu, onun cahilliyinin göstəricisidir. Aşıq Ələsgərin doğumu haqqında mən kitab yazanda onunla 2017-ci ildə “Facebook”da uzun müzakirələrimiz oldu. Başqaları, o cümlədən Loğman da çox bəsit şəkildə öz fikrini yazmışdı. O, üçüncü sinif uşağının etməyəcəyi səhvləri etmiş, Aşıq Ələsgərin doğum tarixini də özündən uydurmuşdu. Onun da cavabı verildi. Loğman həmin adamdır ki, guya özünü Aşıq Ələsgər yaradıcılığın bir nömrəli bilicisi hesab edir. “Facebook”da o qeyd etmişdi ki, bir vaxtlar zurnaçı olub, toylarda ifa edib, hətta “malyar”lıq edib, ev təmiri ilə məşğul olub. Mən bu yazılanları “Nadanlıq” kitabıma da daxil etmişəm. Səhv etmirəmsə indi də toylarda tamadalıq edir. Onun dediyi “tərs şillə” söhbəti ünvanıma təhqirdən başqa, həm də çox mənasız və yersizdir. Aşıq Ələsgərə abidə qoyulması, paytaxt Bakı şəhərinin mərkəzi ünvanlarından birində ucaldılması onun böyük sənətinə verilən qiymətdir. Mən də bunu çox yüksək qiymətləndirirəm və ürəkdən sevinirəm. O ki, qaldı onun doğum tarixinə, heykəli doğulduğu tarixə görə qoymayıblar. Onun böyüklüyünə, dahiliyinə görə qoyublar. Hətta orada Aşıq Ələsgərə heykəl qoyulması da ustadın doğum tarixini dəyişmir.

– Aşıq Ələsgərin 22 mart 1821-ci ildə Ağkilsədə anadan olmasına, 7 mart 1926-cı ildə elə həmin kənddə 105 yaşında vəfat etməsinə dair vikipediyada, dərsliklərdə, kitablarda yetərincə məlumat var. Siz isə iddia edirsiniz ki, Aşıq Ələsgər 1852-ci ildə doğulub və 1926-cı ildə, yəni 74 yaşında vəfat edib. Bu iddianızı nə ilə əsaslandırardınız?

– Sənədlər əsasında mən sübut etmişəm ki, Aşıq Ələsgər 1852-ci ildə doğulub. Onun bütün ailəsinin tarixi var. Əgər ailə üzvlərinin doğum və vəfat tarixini bir kənara qoyub, yalnız Aşıq Ələsgəri ortadan götürüb 1821-ci ilə aparsaq, ustad aşıq öz atasından üç yaş böyük olar. Bu da çox absurd bir şeydir. Aşıq Ələsgərin 1852-ci ildə doğulduğu dövlət sənətləri əsasında yazılmış tarixi faktdır, ideya deyil. Məsələn, mən Ulu Öndər Heydər Əliyevin kameral təsvirlər əsasında şəcərəsini də yazmışam. Zəngəzur qəzasının 1874-cü il tarixli kameral təsvirinin giriş mətnində də bu, çap olunub. Şəcərəni cədvəl şəklində vermişəm. Bunu yazanda Prezident Administrasiyasında humanitar məsələlər üzrə məsul şəxs Pəri xanım Əliyeva da baxıb və heç bir etiraz bildirməyib. Yəni, mənim çap etdiyim bu şəcərələrin, kitabların hər biri kameral təsvirlərə əsaslanır. Kameral təsvirləri isə o dövrdəki dövlət məmurları, məsələn qəza rəisi təsdiq edirdi. Qəza rəisi indiki daxili işlər naziri statusuna yaxın vəzifə daşıyırdı. Həmin şəxs qəzadakı ən ali şəxs sayılırdı. Bir sözlə, bu dövlət idarəsinin, məmurlarının tərtib etdikləri sənədlərdir. Başqalarının əsaslandığı rəvayətlər, salnamələr və söz-söhbətlər deyil. Aşıq Ələsgərin 1821-ci ildə doğulduğunu iddia edənlər sənəd tərtib edib, ortaya sübut qoymalıdırlar ki, bəli, Nazir Əhmədlinin bizə təqdim etdiyi sənəd düzgün deyil. Çünki iddiaçı onlardır. Mən həqiqəti yazmışam və sənədlərə əsaslanmışam. Sənədin orijinalı məndə var. Bir dəfə 2017-ci ildə mübahisələrin getdiyi dövrdə onu istədilər, mən də “Facebook”da orijinal sənədi yayımladım. Hazırda da istənilən vaxt yaya bilərəm. Hətta bu, bir kameral təsvirə yox, bir necə kameral təsvirə əsaslanır. 1859, 1873-cü il kameral təsvirlərində Aşıq Ələsgərin adı var. 1859-cu ildə 7 yaşında göstərilib və 1873-cü ildə də 21 yaşında göstərilib. Bu da onun 1852-ci ildə doğulduğunu sübut edir. Mənim yazdığım elimdir. Bunu inkar edənlər ortaya başqa bir sənəd qoymalıdır. Aşıq Ələsgərin 1821-ci ildə doğulduğunu yazanlar isə indiyə qədər heç bir sənəd təqdim etmirlər. Hətta bunu ilk dəfə 1946-cı ildə namizədlik dissertasiyasında yazan folklorşünas Əhliman Axundov da bu rəqəmi kimdən alıb, nəyə əsaslanıb, niyə 1821-ci ildə doğulduğunu yazıb, bu barədə heç bir yerdə qeyd etməyib. Mən sizə başqa bir fakt deyə bilərəm. 1938-ci ilin martında keçirilən Azərbaycan Aşıqlarının İkinci Qurultayında əsas məruzəçi kimi çıxış edən folklorşünas Hümbət Əlizadə məruzəsində deyir ki, mən Aşıq Ələsgərin oğlanları ilə də görüşmüşəm. Onlar atalarının doğum tarixini bilmirlər. Aşıq Ələsgərin vəfatından cəmi 12 il sonra keçirilən qurultayda, Mircəfər Bağırovun hüzurunda, oğlanlarının üçünün də yaşadığı zamanda, onlar atalarının doğum tarixini bilməyiblər. Bu hadisənin üstündən xeyli keçəndən sonra Əhliman Axundovun yazdığı və İslam Ələsgərovun bərk-bərk tutduğu rəqəmi sübut etmək lazımdır ki, bu da həqiqətə uyğun deyil. Mənim yazdıqlarım ancaq dövlət sənədlərinə əsaslanır.

– Bəzən iddialar səsləndirilir ki, Aşıq Ələsgər inanclı, İslama bağlı, bir növ vergili adam olub, hətta onun yanına gəlib-gedəcək şəxsləri əvvəlcədən duyub, hiss edib. Beləliklə onu dini nöqteyi-nəzərdən müqəddəsləşdirirlər. Bu iddialar nə dərəcədə doğrudur?

– Aşıq Ələsgərin dinə bağlı olması faktdır. Səhv etmirəmsə namaz da qılıb. Həmçinin şeirlərində dini irfan ədəbiyyatına xeyli müraciət edib. O ki, qaldı yanına gələcək adamları öncədən duymaq kimi hisslər bir çox insanlarda var. Buna da intuisiya deyilir, məsələn ürəyinə danmaq. Bu söhbət də Aşıq Hüseyn Şəmkirli ilə bağlıdır. Guya Aşıq Hüseyn Ələsgərin şöhrəti yayıldıqdan sonra ağlına salıb ki, mən gedib onu görəcəyəm, onunla deyişəcəyəm və kimin güclü olduğu bilinəcək. Bu, Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərovun versiyasıdır. Guya gecə Aşıq Ələsgər yuxusunda Aşıq Hüseynin gələcəyini görüb və qoç saxlayaraq onun gəlməsinə qurban kəsib. Halbuki, Folklor, Ədəbiyyat İnstitutu məşhur folklorşünas Məmməd Hüseyn Təhmasib, Əhliman Axundov və başqalarının iştirakı ilə Aşıq Ələsgərin 1963-cü ildə iki cildliyini çap edib. Bunlar Aşıq Ələsgərlə görüşüb deyişənin Aşıq Hüseyn Şəmkirli yox, Aşıq Hüseyn Bozalqanlı olduğunu iddia edirlər. Amma mənim fikrimcə, onların heç biri ilə Aşıq Ələsgər görüşməyib. Aşıq Hüseyn Şəmkirlinin Aşıq Ələsgərlə görüşdüyü İslam Ələsgərovun və Aşıq Hüseyn Bozalqanlı ilə görüşməsi də onun qohumlarının iddiasıdır. Bu iddiaların heç biri həqiqətə uyğun deyil. Düzdür, Aşıq Hüseyn Bozalqanlı Aşıq Ələsgərin şagirdi Aşıq Nəcəfin uşağının sünnət toyuna, kirvə qonaqlığına gəlib. Birincisi Aşıq Hüseyn Bozalqanlı Aşıq Ələsgərlə deyişəcək qədər qüdrətli sənətkar deyil. İkincisi isə etika qaydalarına zidd olur ki, kirvə qonaqlığına gəlmiş birini Aşıq Ələsgər kənara çəkib deyişsin. Bir sözlə, bu versiyaların heç biri həqiqətə uyğun deyil. Düzdür, ürəyə danma, intuisiya bir çox adamlarda var, eləcə də Aşıq Ələsgərdə. Hətta deyilənə görə, ustad aşıq ölümündən üç gün qabaq öləcəyini hiss edib və  oğlu Bəşirə tədarük görməsini tapşırıb. Lakin onun yanına şəxs olaraq kimin gələcəyini bilmək, hiss etmək inandırıcı görünmür. Məsələ də burasındadır ki, Aşıq Hüseyn Şəmkirli ümumiyyətlə Göyçəyə gəlməyib və Aşıq Ələsgərlə deyişməyib. Eyni zamanda, Aşıq Ələsgərin Aşıq Hüseyn Bozalqanlı ilə deyişməsi də uydurmadır.

– Sizcə, Aşıq Ələsgərin törəmələri nə üçün Rusiya İmperiyasının rəsmi arxivinə, kameral siyahıyalmaya inanmırlar?

– Əvvəlki sualınıza cavabda qeyd etdiyim kimi, bunların hər biri rəsmi sənədlərdir. Hazırda da bizim şəxsiyyət vəsiqəmiz, diplomumuz və başqa rəsmi sənədlərimiz var və bunlar rəsmi dövlət orqanları tərəfindən verilir. Bu sənədləri necə qəbul etməmək olar? Bunu qəbul etməyənlərin ağlına şübhə edirəm. Niyə qəbul etmirlər? Qoy, həmin insanların özləri buna cavab versinlər. Mən bunu ancaq cəhalətin nümunəsi hesab edirəm. İmperiya olan dövlətin rəsmi sənədlərini qəbul etməmək cəhalətdən başqa bir şey deyil.

– Qayıdaq Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin ucaldılması və dövlət başçısının açılış mərasimində iştirak edərək nitq söyləməsinə. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər, abidənin ucaldılması Qərbi Azərbaycana Qayıdış konsepsiyasının icrası fonunda hansı məna kəsb edir?

– Qərbi Azərbaycana qayıdışı gerçəkliyə çevirmək üçün hər birimiz öz sahəmizdə müəyyən işlər görürük. O cümlədən mən nəşr etdirdiyim kameral təsvirlərdə həmin torpaqların Azərbaycan türklərinə məxsus olduğunu göstərən rəsmi sənədləri geniş ictimaiyyətə çatdırmışam. Aşıq Ələsgərin kameral siyahıya əsasən doğum tarixinin 1852-ci ildə olduğunu qəbul etməyənlər, belə çıxır ki, o torpaqların da Azərbaycan türklərinə məxsus olduğunu qəbul etmək istəmirlər. Çünki, həmin kameral təsvirlərdə sözügedən ərazilərdə yaşayan əhalinin adlar siyahısı göstərilir. Bununla sübut olunur ki, bu torpaqlar Azərbaycan türklərinə məxsusdur. Bu kameral təsvirlər yalnız ayrı-ayrı şəxslərin şəcərəsinin müəyyən edilməsi üçün deyil, həm də bu torpaqların Azərbaycan türklərinə məxsus olduğunu göstərən dövlət sənədləridir. Bu sənədləri təkzib etmək mümkün deyil. Kameral təsvirlər əsasən ərazidə yaşayan insanlardan vergi yığılması üçün tərtib olunurdu. Dövlət məmurları bir nəfərin belə vergidən kənarda qalmasını istəmirdilər. Ona görə də kameral təsvirlərə heç cür şübhə etmək olmaz. Bəzi hallarda kimsə vergidən qaçmaq üçün adını yazdırmırdı, yaxud da məmura görə kiminsə adı yazılmamış olurdusa, növbəti kameral siyahıda və ya bir müddətdən sonra həmin şəxsi müəyyən edib adını yazır, sənədləşdirirdilər. Xoşbəxtlikdən bu zaman onların yaşını da yazırdılar. Məsələn, Osmanlı məmurlarının tərtib etdiyi oxşar sənədlər, icmal dəftərlər də var. Həmin siyahılarda yalnız vergi ödəyən ailə başçısının və onun yetkinlik yaşına çatmış oğlan uşağının adı yazılırdı. Amma Rusiya İmperiyasının tərtib etdirdiyi bu kameral siyahılarda həmin şəxslərin adları, yaşları, hətta vergi yaşına çatmamış uşaqların adı və yaşı göstərilir. Biz də bunlardan istifadə edərək həmin şəxslərin şəcərələrinin tərtib olunmasında istifadə edirik. Həm də tarixşünaslıqda kameralşünaslığa dövlətşünaslıq elmi də deyirlər. Bu onun ikinci adıdır. Kameral təsvirlər dövlətin əsasını təşkil edən ən mühüm sənədlərin başında gəlir. Sənədləri qəbul etməyən şəxslərlə mübahisə etməyin mənası yoxdur.  Bu xəlbirlə su daşımaq cəhdinə oxşar bir şeydir. Kameral təsvirlərə inanmayan, onu qəbul etməyənlər elmi mövqe göstərmirlər. Azərbaycan tarixşünaslıq elmində bunu qəbul etməyən heç kəs yoxdur. Mənim kitablarım da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görür. İnstitutun indiki və ya əvvəlki, direktoru kitabların elmi redaktoru olub. Bütün tarix cəmiyyəti bunu birmənalı olaraq qəbul edir.

phrase_var_article.chosen
84
50
musavat.com

10phrase_var_article.sources