Rusiya qəbiristanlıq və krematoriya çatışmazlığı problemi ilə üzləşib.
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Tikinti, Mənzil və Kommunal Təsərrüfat Komitəsinin sədr müavini Svetlana Razvorotneva deyib.
Məlumata görə, buna səbəb 1996-cı ildə qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” qanun olub. Sənəddə qeyd olunur ki, dəfn işləri ilə yalnız bələdiyyə təşkilatları məşğul ola bilər. Yəni heç bir şəxsi qəbiristanlıq, krematoriya və ya digər ritual obyektləri yaratmaq, bu sahəyə dövlətdən əlavə kapital və investisiya cəlb etmək mümkün deyil.
Razvorotnevanın gətirdiyi statistik məlumatlara görə, krematoriyalarda vəziyyət xüsusilə pisdir. Ümumilikdə ölkə üzrə 27 analoji obyekt fəaliyyət göstərir. Belə ki, hər 5 milyon vətəndaşa cəmi bir krematorium düşürsə, Yaponiyada hər 79 min nəfərə bir, ABŞ-də 159 min nəfərə bir, Böyük Britaniyada isə 242 min nəfərə bir krematoriya düşür.
“Bu gün krematoriyalara ehtiyac çox böyükdür. Dəfnlərin 70%-ə qədəri böyük şəhərlərdə xüsusən də Moskva, Sankt-Peterburq, Yekaterinburqda olur. Çox vaxt ətrafdan olan insanlar kremasiya xidmətindən istifadə etmək üçün federal mərkəzlərə getməyə məcbur olurlar. Bu isə əlavə pul, əlavə stress, növbələrdə əlavə vaxt və s. deməkdir”, - Razvorotneva qeyd edib.
Onun fikrincə, problemin həlli qanuna dövlət-özəl tərəfdaşlıq çərçivəsində, yəni kommersiya kapitalının cəlb edilməsi ilə ritual binaların tikintisinə icazə verən dəyişikliklər ola bilər.
Qeyd edək ki, Rusiyada ölüm nisbətləri COVID-19 pandemiyası zamanı və Ukraynada müharibə başlayandan sonra kəskin şəkildə artmağa başlayıb. Rosstatın məlumatına görə, 2024-cü ilin birinci yarısında ölənlərin sayı illik müqayisədə 4% artaraq 921,1 min nəfərə çatıb ki, ölkədə doğulanlardan orta hesabla 1,5 dəfə çox insan ölüb. Nəticədə, altı ay ərzində Rusiya əhalinin təbii azalması nəticəsində daha 272,5 min insan itirib. 2023-cü ildə 500,3 min, 2022-ci ildə 599,6 min və son 8 ildə cəmi 3,5 milyon itki baş verib.
Eyni zamanda, Britaniya kəşfiyyatının hesablamalarına görə, 2024-cü ilin sentyabrına qədər Rusiya ordusunun Ukraynadakı itkiləri 610 min nəfərə çatıb. Bu rəqəmə həm ölənlər, həm də yaralananlar daxildir.
Firuzə Əliyeva