AZ

Azərbaycan MDB ilə əməkdaşlığa böyük önəm verir

 

“Prezident İlham Əliyevin oktyabrın 8-də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı, keçirdiyi görüşlər ölkəmizin milli maraqlarının yüksək tribunadan ifadəsi baxımından çox faydalı oldu. İclasdakı məzmunlu çıxışında dövlətimizin başçısı önəmli məsələlərə toxundu, dünyaya bir sıra mühüm mesajlar verdi. Rusiya ilə ticarət dövriyyəsinin iki dəfədən çox artaraq 4,5 milyard ABŞ dollarına çatması, 2024-2026-cı illər üçün imzalanan Yol Xəritəsinin ölkələrimiz arasında münasibətlərin güclənməsinin göstəricisi kimi xarakterizə olundu. Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evləri, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması və s. buna misaldır. Tarixi qonşumuz olan Rusiya ilə münasibətlərdə müsbət dinamikanın müşahidə olunması ölkəmizin milli maraqlarına tamamilə cavab verir”. 

 

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

 

Deputat bildirdi ki, cənab İlham Əliyevin qeyd etdiyi kimi, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Laçın azad ediləndən sonra sürətlə abadlaşdırıldı, bərpa işləri aparıldı: “Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə geri qayıdır. Dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti, vandalizm aktları və Laçının MDB-nin mədəniyyət mərkəzi elan olunması haqqında çıxış edərkən Onun yanında əyləşən Paşinyan acınacaqlı ruhsal vəziyyətə düşdü. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsi tarixi hadisədir. Ermənistanın da daxil olduğu MDB-nin verdiyi bu qərarın çox böyük siyasi-mənəvi əhəmiyyəti var. Bu qərar Azərbaycanın tarixi Zəfəri, Ermənistanın isə məğlubiyyətinin bir daha təsdiqi, MDB səviyyəsində etirafıdır. 2025-ci ildə mədəniyyət paytaxtı kimi Laçın şəhərində keçiriləcək müxtəlif mədəni tədbirlərə MDB ölkələrinin nümayəndələri də qatılacaqlar. Ümumiyyətlə, Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Zəfər, Prezident İlham Əliyevin bütün dünyada artan nüfuzu fonunda Ermənistan və onun qeyri-sabit xarici siyasət yürüdən rəhbəri Paşinyan bütün beynəlxalq tədbirlərdə əzik, mağmın iştirakçı kimi qarşılanır. Biz oktyabrın 8-də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında da bunun şahidi olduq”.

 

M.Vəliyeva bildirdi ki, bir aydan sonra Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi edəcək: “Növbəti il Azərbaycanda III MDB Oyunlarının keçirilməsi, Gəncə şəhərinin idman paytaxtına çevrilməsi də əhəmiyyətli idman hadisəsidir. Göründüyü kimi, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ölkə statusu qazanıb. Bütün bu tədbirlər ölkəmizə olan inam və etibarın təsdiqidir”.

 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Rusiya mətbuatına müsahibəsində mötəbər tədbirlər ərəfəsində Azərbaycana qarşı beynəlxalq güclər tərəfindən çirkin kampaniyanın aparılması məsələsinə də toxundu: “Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Bildirildi ki, bizə sanksiyalar 1992-ci ildə, torpaqlarımız Ermənistan tərəfindən işğal olunan zaman qəbul edilmişdi. Ölkəmizi haqsızcasına Ermənistanı blokadada saxlamaqda ittiham edirdilər. Bu sanksiyalar 2001-ci ildə Əfqanıstanı işğal etmiş ABŞ-ın Azərbaycana ehtiyacı olanda aradan qaldırıldı və bir də ABŞ Əfqanıstandan qaçandan sonra qüvvəyə mindi. Bunun bir adı var, nankorluq. Azərbaycan hazırda Qərbin belə bir iyrənc siyasəti ilə qarşı-qarşıya qalıb. Təbii ki, biz bir dövlət olaraq xarici siyasi addımlarımızı milli maraqlarımıza uyğun atacağıq. Bu mənada MDB Azərbaycan üçün vacib platformadır. Ölkəmizin də verdiyi töhfələr sayəsində bu gün MDB-nin beynəlxalq nüfuzu artır, təsir dairəsi güclənir. Bizim ortaq dəyərlərimiz, ortaq tariximiz var. 2025-ci ildə İkinci Dünya müharibəsində faşizmə qarşı qələbənin 80 illiyidir. Bu tarixi qələbədə Azərbaycanın öz payı var. 416-cı Azərbaycan atıcı diviziyası Berlinə qədər qəhrəmanlıqla savaşıb. Brandenburqa qələbə bayrağını sancan da azərbaycanlı Mirzə Hüseynov olub. O zaman 3 milyon 400 minlik Azərbaycan əhalisinin 700 minə yaxını müharibədə iştirak edib, 350 mini həlak olub. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. 130 növdə silah, sursat, texnika istehsal edib. Yusif Məmmədəliyev kimi neft-kimya sahəsində məşhur alimini yetirib. Bütün bunlar Azərbaycanın hər dövrdə əhəmiyyətli mövqeyini, gücünü ifadə edir. Azərbaycan dünyaya töhfə verən ölkə kimi nüfuzunu bu gün daha da geniş istiqamətdə təqdim edə bilir. Çünki dövlət suverenliyimiz artıq bərqərar olunub. Azərbaycanın güclü siyasi Lideri, iqtisadi və hərbi potensialı var”.

Seçilən
4
3
sabahinfo.az

4Mənbələr