Ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
“Qeydə alınan qəzaların təhlili göstərib ki, bəzi sürücülər yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməklə yanaşı, ara məsafəsinə düzgün əməl etmirlər, yol nişanlarının tələblərini pozurlar. Nəticədə də hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır”, - qurumdan bildirilib.
Qeyd olunub ki, cari dövr ərzində 1557 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması da digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.
“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 55 küçə və prospekt üzrə 53 mindən çox “yaşıl dalğa” əmri tətbiq edilib. Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işlər davam etdirilir”, - məlumatda vurğulanıb.
Günay