AZ

Azərbaycanın sülh çağırışı: "Bəşəriyyətimiz siyasi fərqləri aşa və planeti birlikdə xilas edə bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Tərəfləri Konfransına (COP29) ev sahibliyi etmək Azərbaycanın davamlı inkişafına və beynəlxalq əməkdaşlığa sadiqliyini vurğulamaqla bərabər, həmçinin beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsindən və artmasından xəbər verir. Habelə, bu tədbirin bütün postsovet ölkələri arasında və Qafqazda keçiriləcək ilk belə sessiya olduğunu nəzərə alsaq, bu, regionumuzun da bütün dünyada təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır.
COP29 çərçivəsində ən mühüm məqamlardan biri də "Birgə Atəşkəs Çağırışı"na start verilməsidir. Bu dəvət bütün tərəfləri siyasi çətinliklərə rəğmən birlik olmağa, COP29-un keçirildiyi müddət ərzində atəşkəsə əməl etməyə çağırır. COP29-un da əsas mesajı budur ki, bütün bəşər siyasi fərqliliyi bir kənara qoyaraq bərabər olmalıdır.
Qeyd edək ki, artıq Azərbaycanın COP29 sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi "Birgə Atəşkəs Çağırışı" Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.
Təbii ki, bu, Azərbaycanın xoşməramlı və sülhməramlı addımının və bu addımın beynəlxalq miqyasda da qəbul edildiyinin daha bir bariz nümunəsidir.
Oxu.Az-a "Birgə Atəşkəs Çağırışı"nın əhəmiyyətindən danışan COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, iqlim dəyişmələri ekosistemlərə, insan sağlamlığına və iqtisadiyyatlara təsir edərək, eyni zamanda, sülh və təhlükəsizlik məsələlərini də əhatə edir:
"Məsələn, Afrika və Orta Şərq regionunda su resurslarının azalması ciddi problemlərə səbəb olur. Su çatışmazlığı kənd təsərrüfatına mənfi təsir göstərərək ərzaq təhlükəsizliyinə yol açır. Nəticədə insanların yaşayış yerlərini tərk etməsi - miqrasiya və münaqişələrin artmasına gətirib çıxarır. Bu hallar yalnız yerli münaqişələrə deyil, eyni zamanda, regional gərginliklərə də yol açır. Bir sözlə, iqlim dəyişmələri beynəlxalq diplomatiyada yeni bir sahə yaradıb. Ona görə də ölkələr iqlim məsələləri ilə bağlı müzakirələrdə bir araya gəlməkdə və birgə həll yolları axtarmaqdadır".
"Ölkəmiz COP29 zamanı sülhün təmin edilməsi və dünyada gedən bütün münaqişələrin bu iki həftə ərzində dayandırılması üçün bir çağırış edib. Bu çağırış tərəf dövlətlər tərəfindən dəstəklənir, 2 000-dən çox beynəlxalq təşkilat və xarici qeyri-hökumət təşkilatları (QHT) tərəfindən alqışlanır. Hər gün bu çağırışa qoşulanların sayı artır, o cümlədən Azərbaycanın ötən illər ərzində uğurla sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan ölkələr bu çağırışa qoşulublar. COP29-un atəşkəs çağırışı üçün birgə müraciətə dünyanın hər yerindən partiyalar və qeyri-partiyalı maraqlı tərəflər də öz dəstəklərini bildirirlər", - deyə müsahibimiz bildirib.
Onun sözlərinə görə, münaqişələr istixana qazlarının emissiyalarını artırır və ətraf mühiti korlayır, torpağı, suyu və havanı çirkləndirir:
"Münaqişələrin səbəb olduğu ekosistemlərin dağılması və çirklənmə iqlim dəyişmələrini daha da pisləşdirir və planeti qorumaq səylərimizi sarsıdır. Ölkəmiz də Ermənistanın işğal dövründə ərazilərimizə yerləşdirdiyi minalarla ekoloji terrordan, insanların və ətraf mühitin ekosidə məruz qalmasından ciddi şəkildə əziyyət çəkir. Ətraf mühitə ziyan - bir olan atmosferə ziyan deməkdir və bunun mənfi təsirləri Ermənistana da gedib çatacaq. COP29-un da əsas mesajı ondan ibarətdir ki, bəşəriyyətimiz siyasi fərqləri aşa və planeti birlikdə xilas edə bilər. Hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək üçün birləşmək vaxtıdır. Bu baxımdan, COP29-un "Birgə Atəşkəs Çağırışı" əhəmiyyətli olacaq".
Mərahim Nəsib
Seçilən
1
50
oxu.az

10Mənbələr