AZ

Ukraynanın "qələbə planı" və nüvə dilemması: "Silahı verirlər, vurmağa qoymurlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski London, Paris və Roma səfərləri zamanı "qələbə planı"nın beş bəndini təqdim edib. Plana NATO-ya daxil olmaq, Ukrayna səmasını qorumaq, Rusiya ərazisinin dərinliklərinə zərbə vurmaq hüququ, Almaniyanın "Taurus" raketlərinin Ukraynaya çatdırılması və Ukraynada yerli istehsal müəssisələrini açan Avropa müdafiə şirkətləri ilə Ukraynanı "demokratiya arsenalına" çevirmək daxildir.
Nəzərə alsaq ki, müharibənin başlamasına Ukraynanın NATO-ya daxil olmaq istəyi, müharibənin yeni və aktiv fazaya qədəm qoymasına isə Ukraynanın Rusiya ərazilərinə hücumu səbəb olub, buna rəğmən, Zelenskinin "qələbə planı"nın iki bəndi məhz NATO-ya daxil olmaq və Rusiya ərazilərinə hücumla bağlıdır, deməli, proseslər bundan sonra daha gərgin məcrada inkişaf edəcək. Lakin nəzərə almaq lazımdır ki, NATO-ya üzv olmaq üçün tərəfdaş ölkələrin də razılığı olmalıdır. Burada da bir problem yaranır ki, Slovakiyanın Baş naziri Robert Fitso vəzifəsində qaldığı müddətdə Ukraynanın NATO-ya üzv olmayacağını, yəni buna razılıq verməyəcəyini deyib. Hətta Fitso Ukraynanın NATO-ya daxil olmasının üçüncü dünya müharibəsinin başlamasına səbəb ola biləcəyini də istisna etməyib.
Mövzunu Oxu.Az-a dəyərləndirən siyasi şərhçi Turab Rzayev deyib ki, Zelenskinin prezidentlik müddəti bitdiyi və buna görə Rusiya artıq onu legitim rəhbər kimi tanımadığı üçün Ukrayna lideri Avropa turuna çıxıb:
"Bununla da o, özünü dünyada legitim lider kimi tanıtmaq və aldığı dəstəyin dayandırılmamasını istəyir. Məsələnin ikinci tərəfi isə Zelenskinin səfər zamanı açıqladığı "qələbə planı" ilə bağlıdır. Planda yer alan maddələrin iki ən əhəmiyyətlisi NATO-ya üzvlük və Rusiya daxilinə zərbə endirmək istəyidir. Lakin Böyük Britaniya buna razılıq versə də, ABŞ hələlik təmkin göstərir. Hətta Vladimir Putin Rusiya ərazisinə edilən hücumların nüvə müharibəsinə səbəb olacağını da açıqlayıb. Digər Avropa ölkələri isə ABŞ icazə verdiyi təqdirdə Rusiyaya hücum edə və ya Ukraynaya dəstək göstərə bilərlər. Çünki indiki halda biz Avropa, xüsusilə Almaniya cəmiyyətinin böyük hissəsinin, İspaniya, İtaliya, Avstriya, Çexiyanın müharibə istəmədiklərini görürük. Ona görə də Ukraynaya belə bir icazə verməyə tələsməyəcəklər".
"NATO-ya üzvlük isə kifayət qədər absurd məsələdir. Çünki müharibə aparan ölkə NATO-ya qəbul oluna bilməz. Bu, həm NATO-nun şərtlərinə ziddir, həm də NATO Nizamnaməsinin 5-ci bəndinə əsasən, Rusiya-NATO müharibəsi deməkdir. Çünki həmin maddəyə əsasən, üzv ölkələrin birinin ərazisinə edilən hücum digər ölkələrin ərazisinə hücum sayılır və adekvat cavab hüququnu özündə saxlayır. Üstəlik, Slovakiya baş nazirinin etirazı da, düşünürəm ki, təkcə onun yox, digər ölkələrin ortaq qərarıdır ki, bir ölkəni etirazçı kimi göstərib, bu şəkildə Ukraynanın alyansa üzvlüyünün qarşısını alsınlar", - deyə şərhçi vurğulayıb.
Onun sözlərinə görə, bu kimi qərarlar Rusiya ilə münasibətlərin bərpasına çıxış yolu qoymur:
"Çünki Ukrayna əldə etdiyi yeni silahlarla Rusiya ərazilərinə hücumları intensivləşdirmək istəyir. Putin də adekvat olaraq nüvə silahına əl atacaqlarını bildirib. Düzdür, bu, bir tərəfdən, Rusiyanın zəifliyini, yəni Moskvanın konvensional (adi, şərti) silahlara qarşı müdafiə qabiliyyətinin azalmasını və nüvə silahından başqa, cavab verə biləcəyi silahın olmadığını göstərir, digər tərəfdən isə böyük bir dilemma yaranır".
Türkiyəli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert İsmayıl Cingöz isə Oxu.Az-a açıqlamasında müharibənin son dönəmlərdə Rusiya üçün məğlubiyyətə çevrildiyini şərh edib:
"Çünki Rusiya bir həftə ərzində Ukraynanı məğlub edəcəyini və istədiyi şərtləri qəbul etdirəcəyini açıqlasa da, bunun əksi baş verdi. Bununla yanaşı, Rusiya iqtisadi embarqolarla mübarizə aparır. Lakin unutmaq olmaz ki, Qərbin dəstəyi olmadan Zelenski Rusiyaya qarşı müqaviməti davam etdirə bilməz. Zelenski özü də bunu bildiyi üçün artıq ABŞ-yə və Avropa ölkələrinə, demək olar ki, təslim olub. Təbii ki, Avropa və ABŞ də bu yardımları qarşılıqsız deyil, Ukraynaya borc qismində verir. Bu borc da müharibə bitdikdən sonra hansısa yolla Ukraynadan alınacaq. Həmçinin, Qərb Ukraynaya köhnə silahlarını verərək müharibədə ona dəstək verdiyi görüntüsünü yaradır. Qərb həm köhnə texnologiyalı silahlarından pulsuz xilas olur, həm də Ukraynanı özündən asılı vəziyyətə gətirir. Bununla yanaşı, Ukrayna uğur əldə etmək üçün Qərbin verdiyi silahlarla Rusiyaya hücum etmək hüququnu əldə etməyə çalışır. Avropa ölkələri isə buna qarşı çıxırlar. Yəni Qərb Ukraynaya silah-sursat verir, amma həmin silahlarla Rusiya ərazilərini vurmağa icazə vermir".
"Ukrayna NATO-ya israrla üzv olmaq istəyir, lakin NATO-nun Nizamnaməsinə görə, müharibə vəziyyətində olan ölkələr təşkilata üzv ola bilməzlər. Başqa bir məsələ ABŞ-nin "F-16" və Fransanın "Mirage" döyüş təyyarələrinin Ukraynaya verilməsi ilə bağlıdır. "F-16"ların bir qismi Ukraynaya təhvil verilsə də, ilk günlərdə uğursuzluq müşahidə olundu. Çünki bu təyyarələrin yüksək təlim görən pilotlara ehtiyacı var. Ona görə də Ukrayna pilotları sürətləndirilmiş təlimlərlə NATO təchizatlarını istifadə etməyi öyrənməyə çalışırlar. Lakin bu təlimlər çox vaxt tələb edir", - deyə müsahibimiz vurğulayıb.
Onun sözlərinə görə, müharibə uzandıqca ABŞ və Avropa ictimaiyyəti Ukraynaya verilən dəstəkdən narahat olur:
"Çünki Rusiyanın Avropaya qaz nəqlini dayandırması avropalıların dərin narahatlığına səbəb olub. Bu baxımdan, son zamanlarda Zelenski həm də atəşkəs və sülh danışıqları ilə bağlı çağırışlar edir. Buna görə də Zelenskinin işi çox çətindir və Qərbin dəstəyi olmadan bu müharibəni uğurla yekunlaşdıra bilməyəcək. Əks halda, Kiyev həm Avropadan tamamilə asılı vəziyyətə düşəcək, həm iqtisadiyyatı çökəcək, həm də Rusiya qarşısında məğlub olan ölkə mövqeyində olacaq".
Mərahim Nəsib
Seçilən
12
50
oxu.az

10Mənbələr