AZ

MÜRVƏT QƏDİMOĞLU HƏKƏRİ YARADICILIQ GECƏSİNDƏ DEYİB Kİ...

Şair Mürvət Qədimoğlu Həkərinin yaradıcılıq gecəsi keçirilib...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında vətənpərvər şair Mürvət Qədimoğlu Həkərinin yaradıcılıq gecəsi keçirildi.

Tədbirin əvvəlində tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən igid şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı.  O çıxışında qeyd etdi ki, istedadlı şair, AYB-nin və AJB-nin üzvü, bir neçə ədəbi media mükafatları laureatıdır. O, Mürvət Qədimoğlu Həkərinin bir neçə kitab müəllifi olduğunu vurğuladı.

Tanınmış şair, kitabxananın Fəxri oxucusu Qadir Hüseynov tədbirə dəvətə görə təşəkkürünü bildirdi, Mürvət Qədimoğlu Həkəriyə yaradıcılıq uğurları arzuladı. O, şairin “Bu qız hara gedir görəsən?”, “Təzə il” şeirlərini oxuduğunu bildirdi.

Şair, “Sarı Aşıq Ədəbi Məclisi”nin üzvü Adil Cəfakeş şairə həsr etdiyi şeirini oxudu. O vurğuladı ki, Mürvət Qədimoğlu Həkəri onun da kitabının ön söz müəllifi və redaktoru olmuşdur.

Tanınmış şair Xanlar Zəngəzurlu şairə xoş arzularını bildirdikdən sonra, şairin bir neçə şeirinə nəzirə yazdığını bildirdi.

Şair İldırım Əlişoğlu şairə yaradıcılıq uğurları arzuladı və ona həsr etdiyi şeirini söylədi.

Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova şairin yaradıcılığı haqqında öz düşüncələrini bölüşdü. O, “Bağışlama məni, Vətən” kitabında Vətənə olan hisslərdən danışdı. “İtirilmiş dünyam” dastanının ən çox marağına səbəb olduğunu qeyd etdi. Y.Qafarova şairin “Qəlbimi yanımda qoyub getmisən” şeirini söylədi.

“Dövlət və qanun” qəzetinin təsisçisi və baş redaktoru, Beynəlxalq Sülh Səfiri Yasəmən Möhübbətqızı şairi təbrik etdi, uğurlarının axarlı və davamlı olmağını arzuladı. O, çıxışında son zamanlarda nəşr olunan hərbi-vətənpərvərlik mövzusundan olan kitablardan və kitabların az tirajlı olmasından danışdı.

Şairlərdən Əli Vahid Çaylı, Alıcan İsgəndərli və Ələsgər Talıboğlu tədbirə dəvətə görə təşəkkürlərini bildirdilər və şairə yaradıcılıq uğurları arzuladılar.

Mürvət Qədimoğlu Həkəri çıxışına şeiri ilə başladı. Vətənpərvərlik mövzusunda olan və lirik şeirlərindən bir neçəsini oxudu. O, tədbirin təşkilinə görə kitabxana kollektivinə təşəkkürünü bildirdi.

Tədbirin bədii hissəsində bəstəkar, müğənni Arif Səlimov Mürvət Qədimoğlu Həkərinin “Təzə il” şeirinə bəstələdiyi və “Mehriban olaq” mahnılarını ifa etdi. AMKK-nın magistrı, “Dastana dönən səs” mahnı müsabiqəsinin qalibi Günay Məmmədovanın ifasında “Sənə də qalmaz”, “Ay Laçın”, “Sevgi valsı” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Şairlər Xanlar Zəngəzurlu, Alıcan İsgəndərli, Adil Cəfakeş, Əli Vahid Çaylı, Ələsgər Talıboğlu kitabxanaya kitablarını hədiyyə etdilər.

Tədbirdə vətənpərvər şair Mürvət Qədimoğlu Həkərinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu. Videoçarxa aşağıdakı linkə keçid alaraq baxmaq olar:

https://www.youtube.com/watch?v=iPqBvOFxifo

Y.Məmmədli

 

Seçilən
18
tezadlar.az

1Mənbələr