AZ

Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş keçirilib

Sinqapurun paytaxtında bu ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Bu barədə seher.media-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Vurğulanıb ki, Azərbaycan və Sinqapurun Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyib. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər böyük layihələr barədə geniş məlumat verilib.

Daha sonra Azərbaycan diasporunun fəaliyyətini, eləcə də Azərbaycanın Qarabağ zəfərini əks etdirən videoçarxlar nümayiş olunub.

Görüşdə iştirak edən azərbaycanlı iş adamları, tələbələr və müxtəlif sahələrdə çalışan soydaşlarımız Sinqapurdakı Azərbaycan icmasını ilk dəfə bir araya gətirdiyinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. Gəncədə doğulan, 20 yaşında Azərbaycandan köçən və 31 ildir Sinqapurda yaşayan Ləman Bağeri ötən il Bakıya gəldiyini, ölkəmizin inkişafına heyran qaldığını və artıq vətəndaşlığını bərpa edərək Azərbaycana qayıtmaq fikrində olduğunu söyləyib. Rusiyada yaşayan məşhur azərbaycanlı onkoloq, professor Məmməd Əliyevin qızı Fərəh Mövsümova xaricdəki azərbaycanlıların ana dilini və milli kimliyini unutmaması üçün komitənin həyata keçirdiyi çoxsaylı layihələri yüksək qiymətləndirdiyini vurğulayıb.

Azərbaycanın İndoneziya və Sinqapurdakı səfirliyinin konsulunun da iştirakı ilə qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra diaspor nümayəndələrinin təklifi ilə Cənub-Şərqi Asiya regionunda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Sinqapur üzrə koordinatorları seçiliblər.

Toplantı "Qarabağ" muğam qrupunun ifaları ilə başa çatıb. Xalq artisti Mənsum İbrahimovu, müğənni Çinarə Məlikzadəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada isə Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.

Seçilən
34
13
seher.media

10Mənbələr