AZ

Bank işçisi müştərinin kart məlumatlarını hakerlərə verə bilərmi? - AÇIQLAMA

Xakerlər tərəfindən bank kartlarının sındırılması və şəxsi hesablardan pulun oğurlanması hallarında bəzən müştərilər bank əməkdaşlarını ittiham edirlər. Sosial şəbəkələrdə bu tip hallarla bağlı paylaşımların rəylərdə bildirirlər ki, bank  işçiləri müştəri məlumatlarını xakerlərə verirlər. Bu da xakerlərin işini asanlaşdırır. Həqiqətən bank əməkdaşlar müştəri məlumatlarını gizli şəkildə xakerlərə verə bilərmi?
 
Moderator.az xəbər verir ki, bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov Valyuta.az-a açıqlamasında bildirib ki, rasional şəkildə düşünsək, bank işçisi cüzi mənfəət qarşılığında işini və şəxsi etibarını riskə atmaq istəməz:
 
”Lakin, əldə edəcəyi mənfəət olduqca yüksək olarsa, səlahiyyətli bank işçisi tərəfindən bu məsələ yüksək peşəkarlıqla edilə bilər. Kiçik məbləğlərin bir neçə kartdan oğurlanması taktikası, əlbəttə ki, daha az diqqət çəkə bilər, amma bu proses uzun müddət davam edə bilməz. Şikayətlərə əsasən, bu hal dərhal araşdırılır. Belə bir məsəl var: "Bir nəfəri həmişə aladada bilərsən, amma hamını hər dəfə aldada bilməzsən. Yəni, bu məsələ o qədər də asan deyil".
 
E.Mahmudov qeyd edib ki, hər bir bank əməkdaşının fəaliyyətinin loqlanması, istənilən vaxt bu məlumatlara baxmaq imkanı verir. Bu da potensial münaqişələr və pozuntuların qarşısını almağa kömək edir: “Məlumatların qorunması və şəffaflığın artırılması üçün bu cür sistemlərin tətbiqi müasir bankçılıqda geniş yayılıb. Bu yolla banklar, həmçinin müştəri məlumatlarının təhlükəsizliyini təmin edə bilirlər. Dələduzluq hallarının artması bəzən həqiqətən də diqqət çəkir, amma gündəlik kart əməliyyatlarının miqdarını nəzərə alsaq, bu hadisələrin nisbəti kifayət qədər aşağıdır. İnsanların kart məlumatlarını düzgün qoruması, şüurlu davranış və təhlükəsizlik tədbirlərini yerinə yetirməsi bu cür halların qarşısını almağa kömək edəcək. Eyni zamanda, banklar və digər maliyyə institutları da müştəriləri daha çox maarifləndirməlidir ki, bu cür təhlükələrdən qorunsunlar”.
 
 
Ekspert vurğulayıb ki, gizli məlumatlarla işləyən sahələrdə təhlükəsizlik yoxlamaları ciddi şəkildə aparılır və işçilər işə qəbul edilməzdən əvvəl ətraflı yoxlanılır: “Bu da onların etibarlılığını və səlahiyyətlərini təmin edir. Hər bir işçiyə giriş səlahiyyəti verilməzdən əvvəl onların statusu və iş müddəti nəzərə alınır. Bu, məlumatların təhlükəsizliyini qorumaq üçün vacibdir. Sistemlərə və məlumatlara giriş, yalnız lazımi səlahiyyətlərə malik olan işçilərə verilir. Kartların CVC, PIN və OTP kodları yalnız müştərilərə məxsusdur və bank əməkdaşları bu məlumatları görə bilmir. Belə məlumatların üçüncü tərəflərlə paylaşılması mümkün deyil. Əməkdaşların bu cür məlumatları əldə etməsi və ya paylaşması həqiqətən absurd iddiadır. Bankların müştəri təhlükəsizliyini qorumaq üçün müxtəlif protokolları və standartları var. Bank müştərilərin təhlükəsizliyini təmin etmək üçün daima sistemlərini yeniləyir və təhlükəsizlik tədbirlərini gücləndirir”.
 
“Qeyd edim ki, bu sahədə 7-8 ildən çoxdur işləyirəm, amma bank əməkdaşının əsassız yerə kart məlumatlarına baxıb, şübhəli əməliyyatın olması və müştəridən vəsaitin oğurlanması ilə bağlı hala rast gəlməmişəm. Əgər əməkdaşın kart məlumatlarına baxışı müştərinin müraciəti ilə əlaqəlidirsə, bu, normaldır. Lakin əsassız baxışlar təhlükəli ola bilər. Bu zaman ilk növbədə, kart sahibi ilə əlaqə saxlayaraq vəziyyəti aydınlaşdırır və mümkün olan zərərin qarşısını almağa çalışırıq. Həmçinin, dələduzluq halları ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilir. Məlumatlar sistemdə müvafiq müddət ərzində saxlanılır ki, bu da gələcəkdə oxşar halların qarşısını almağa kömək edir”, deyə ekspert əlavə edib.
 
Seçilən
47
40
moderator.az

10Mənbələr