AZ

Milyardla dollara amnistiya gəlir? - "Yolu bundan keçir" – DEPUTAT

Xəbər vediyimiz kimi, İqtisadi Şuranın növbəti iclası keçirilib.

Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.

Qeyd edək ki, vətəndaşların ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı Milli Məclisdə millət vəkilləri, eləcə də mütəxəssislər müxtəlif təkliflər irəli sürülüb.

Həmin vəsaitlərlə bağlı maliyyə amnistiyası elan edilə bilərmi?

Millət vəkili Fazil Mustafa “Cebheinfo.az”a bildirib ki, İqtisadi Şurada bu məsələnin müzakirə olunması maliyyə məsuliyyətinə hökumət səviyyəsində xüsusi diqqət yetirildiyini göstərir: 

“Burada da bəlli bir sanksiyaların təsiri olacaq. Məncə, bu məsələdə iqtisadi subyektlərin problemlərinin araşdırılmasına ehtiyac var. Eləcə də qaytarılmamanın səbəbləri təhlil olunmalıdır. Çox güman ki, müvafiq qurumlar bu istiqamətdə öz rəylərini hazırlayırlar.

Çünki bilavasitə iqtisadi subyektlərin bəzən obyektiv, yaxud da subyektiv çətinliklərini diqqətdən qaçırmış oluruq. Hesab edirəm ki, bunlara aydınlıq gətirilsə, məhz bir iqtisadi subyektin ixrac fəaliyyəti ilə məşğul olması zamanı hansısa bir qanun pozuntusuna yol verməyə meyillik azalacaq.

Başa düşəcəklər ki, bu təkcə müəyyən obyektiv səbəblərdən baş vermir, həm də müəyyən maneə, çətinliklərin üzə çıxması mümkündür. Ona görə də bu məsələnin ciddi araşdırılmasına ehtiyac var.

İqtisadi Şuranın iclasıda bu məsələ açıq şəkildə müzakirə olundu.

Bu, müəyyən dərəcədə həm də valyuta ehtiyatlarımızın artırılması baxımından önəmlidir. Yeni investisiyaların qoyulması, təkrar ixracat potensialının artırılması, həvəsləndirilməsi mahiyyəti daşımalıdır. 

Ona görə də daha çox sanksiyalar üzərindən hansısa bir zəruri addımlar atılacaq. Ancaq daha çox stimullaşdırıcı və məsuliyyət yaradıcı bir istiqamətdə hər kəs üçün faydalı ola biləcək bir optimal qərar qəbul olunacaq”. 

Amnistiyaya gəldikdə isə, millət vəkili bildirib ki, bu fikirlər əslində çoxdan ideya olaraq var:

“Əgər biz doğurdanda iqtisadiyyatımızın inkişafı ilə bağlı radikal dəyişiklik istəyiriksə, yolu bundan keçir. Yəni investisiyanın qoyulması, investisiyanın qorunması, sahibkarlığın azad inkişafı və onlar hamısı kompleks bir-biri ilə əlaqəli tədbirlərdir.

Yəqin ki, hökumət nümayəndələri bunu düşünürlər və təkliflər olacaq. Hər halda vəziyyətin ciddiliyinə görə bu müzakirələr gedir. Ümid edirəm ki, bunun müsbət nəticələri olacaq”.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr