Bakının Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir.
Avtosfer.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.
"Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Hazırda asfaltlanma işlərinin icrası həyata keçirilir, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa edilir, ərazi abadlaşdırılır", - deyə məlumatda qeyd edilib.