AZ

Ukrayna səfiri Azərbaycana qarşı: “Kiyev Avropanı, Bakıya gələnləri şantaj edir”

“Əgər Ukraynanın Avropa Şurasındakı səfiri COP29-un boykot edilməsi ilə bağlı çıxış edibsə, əlbəttə ki, bu, başadüşülən hal deyil. Ona görə ki, COP29 beynəlxalq tədbirdir və burada qlobal ekoloji böhrandan çıxmaq, davamlı inkişaf və hazırda dünya qarşısında olan çağırışların dəf edilməsi üçün dialoqa ehtiyac var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, Ukraynanın Avropa Şurasındakı səfiri Vsevolod Çetsovun COP29-la əlaqədar səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, ukraynalı rəsmi açıqlamasında bildirib ki, Putin COP29 tədbirinə gələrsə, avropalı liderlərdən tədbiri boykot etməyə çağıracaqlar.

Siyasi ekspertin fikrincə, Rusiya da ərazisinə görə dünyanın ən böyük dövlətidir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir:

“Belə olan təqdirdə, Rusiya, Çin, Avropa ölkələri və ABŞ-nin bu tədbirdə iştirakı mövcud problemlərin və çağırışların həlli baxımından olduqca vacib olardı. Bu gün Ukraynanın da yerləşdiyi Yer kürəsinin problemləri bu dövlətlər olmadan həll edilə bilməz”.

“Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, COP29 siyasi tədbir deyil və bunu siyasiləşdirmək yol verilməzdir. Yəni Çetsovun bu sözləri deməsi bir başa Azərbaycana qarşı bir çıxışdır. Avropalıları şərt qarşısında qoymaq isə yolverilməzdir və ciddi irada malik olan bir çıxışdır. Belə çıxır ki, Ukrayna dövləti Avropanı, Bakıya gələnləri şantaj edir. Bu isə ciddi təzyiqdir, çünki bu gün Avropa daxilindəki dövlətlərin hamısı Rusiya-Ukrayna müharibəsində seçim ediblər. Lakin Vladimir Putinin COP29-a gəlməsi ilə müharibəni bərabərləşdirmək həm də ki, siyasi savadsızlığın bir nümunəsidir”, – deyə o, əlavə edib.

“Azərbaycan bu il COP29-u keçirəcək, ona görə də istənilən şəxsin bu tədbirə gəlməsi normal haldır. Yaxşı olardı ki, Çetsov elə öz prezidentinin Bakıya gəlməsinə şərait yaratsın və Volodimir Zelenski də Bakıya gələrək ziddiyyətlərin aradan qaldırılması üçün öz töhfəsini vermiş olmuş Yoxsa ki, belə bəyanatlar, boykot söhbətləri və s. Ukraynanın özünə də xeyir verməyəcək”, – həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
70
50
yenicag.az

10Mənbələr