Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Antalyaspor” “Qalatasaray”ı qəbul edib.
“Ölkə.az” xəbər verir ki, Antalya stadionunda baş tutmuş matçı baş hakim Ali Sansalan idarə edib.
Matçda hesab erkən açılıb: artıq 10-cu dəqiqədə argentinalı hücumçu Mauro İkardi Mertensin dəqiq ötürməsini qola çevirib. İkinci hissədə də “sarı-qırmızılar” üstünlüklərini davam etdirib. Belə ki, 52-ci dəqiqədə Yunus Akgünün ötürməsindən sonra 31 yaşlı İkardi dubla imza atıb. Əlavə edilmiş ikinci dəqiqədə isə nigeriyalı Viktor Osimhen matçda son nöqtəni qoyub – 0:3.
Beləliklə, “Qalatasaray” doqquz oyundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. “Cimbom”un ən yaxın təqibçisi ehtiyatında bir oyun olan “Samsunspor”dur – 18 xal.
“Antalyaspor” isə eyni sayda oyuna cəmi səkkiz xal toplaya bilib.