AZ

İsrailin İrana cavab zərbəsi endirməməsinin səbəbi bəlli oldu

“İsrail tam şəkildə hazır olduğu zaman İrana zərbələr endirəcək”.

Bu fikiri ABŞ-nin İsrailə raket əleyhinə sistemlər və hücum silahları verməsini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, İsrailin silahlandırılması İrana görədir.

“ABŞ heç vaxt İsrailə dəstək verəcəyini gizlətmir. Bu ABŞ-nin dəyişməz siyasətidir. Tarixən ABŞ İsrailə, SSRİ isə Fələstinə dəstək verirdi. İndi Fələstinə əsas dəstəkçi kimi İran görsənir, ancaq silah, sursat baxımından Rusiyanın Yaxın Şərqdə dəstəyi davam edir”, – deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, Fransa İsrailə silah satmayacağını bəyan edib.

“Ancaq ABŞ bildirdi ki, bütün vasitələrlə İsrailə dəstək verəcəyik. ABŞ İsrailə həm hava hücumundan müdafiə sistemləri, həm uzaq mənzilli və orta mənzilli ballistik raketlər verir.

İrana gəldikdə görürük ki, cənub qonşumuzun arsenalında çoxlu sayda ballistik raketlər və qurğular var. İsrailin İrana cavab zərbəsi endirməməsinin səbəbi kimi ballistik raketlərinin tükəndiyi göstərilir. Bu barədə İsrail mediası da məlumatlar yayır. ABŞ bu silahların verilməsi istiqamətində addımlar atır. Bu onu göstərir ki, tam şəkildə hazır olduğu zaman İsrail İrana zərbələr endirəcək. Ancaq İran kimi çoxlu sayda raket zərbələri yox, strateji obyektləri vurmağa çalışacaq. Çünki İsrailin İranınkı qədər raket ehtiyatı yoxdur. Bu da müharibənin qızışması deməkdir. Belə olan təqdirdə ABŞ və Böyük Britaniya müharibəyə qarışacaqlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

Seçilən
46
50
yenicag.az

10Mənbələr