AZ

Regionda ilk dəfə COP29

Prezident İlham Əliyev: "Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir"

"COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Ölkəmizdə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də "MAN Truck&Bus" şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edərkən bildirib. Dövlətimizin başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını bildirib.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab oldu. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yermək məqsədi ilə tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasına sadiqliyini nümayiş etdirən strateji addımdır. COP29-a hazırlıqla bağlı isə Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb, əlaqədar qurumlar səfərbər edilib. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli işlərin aparılması üçün əlverişli fürsət və böyük məsuliyyətdir. COP29-a hazırlıq sürətlə aparılır. Ölkəmizdə hazırlıqla bağlı həyata keçirilən tədbirlər sırasında müxtəlif təşkilatlar tərəfindən təşkil olunan təlimlər də xüsusi rol oynayır.

AZƏRBAYCANIN YAŞIL ENERJİ SİYASƏTİNƏ QLOBAL DƏSTƏK

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.

Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirib. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

"MAN TRUCK&BUS" ŞİRKƏTİ İLƏ ƏMƏKDAŞLIQ

Dövlətimizin başçısı ölkəmizdə nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü və bu baxımdan "MAN Truck&Bus" şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunub. Görüşdə ölkəmizlə "MAN Truck&Bus" şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edilib, şirkətin Azərbaycanda fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkəmizdə istifadə edildiyi bildirilib. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkəmizdə yerli istehsal imkanları da müzakirə olunub və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edilib.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğulayıb. Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxunub.

"YAŞIL ENERJİ NÖVLƏRİNİN YARADILMASI VƏ YAŞIL ENERJİNİN DÜNYA BAZARLARINA NƏQLİ HAZIRDA BİZİM ENERJİ SİYASƏTİMİZİN PRİORİTETİDİR"

"Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - deyə Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdır. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Rəsmi mənbələrin məlumatına istinadən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir və yaşıl enerjiyə keçidə yönəlmiş innovativ yanaşmaların tətbiqi üzrə regionda liderdir, iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir.

AZƏRBAYCANIN GEOSİYASƏTİ ÜÇÜN VACİB TOPLANTI

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bildirək ki. SOP28 ötən il Dubayda keçirildi, bu il isə dünyanın gözü COP29-a ev sahibliyi edəcək Bakıda olacaqdır. Bütün dünya ölkələrinin dövlət rəhbərləri bir araya gəlib iqlim dəyişikliyi ilə bağlı məhz Bakıda həll yolları axtaracaqlar. Bu ölkəmiz üçün, onun enerjisi, geosiyasəti üçün son dərəcə vacib bir toplantı kimi əhəmiyyət daşıyacaqdır. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanırdı. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı prioritet sahə kimi qəbul etdiyini bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə təqdiminə böyük təkan verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
39
50
sesqazeti.az

10Mənbələr