AZ

“Bu əclaf və onun yanında duranlar...” - İvanaşvili müxalifətə QADAĞA QOYUR

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə dörd gün qalmış hakim “Gürcü arzusu” partiyasının təsisçisi, fəxri sədri və seçki siyahısında bir nömrəli olan Bidzina İvanişvili yeni parlamentdə konstitusiya çoxluğunu qazanacaqları təqdirdə əsas müxalifət qüvvələrinə qadağa qoyacağı vədini təkrarlayıb.

Modern.az xəbər verir ki, “Rusiyayönlü” oliqarx hazırkı müxalifət qüvvələrinə qoyulacaq qadağadan sonra ölkədə yeni müxalifətin meydana çıxacağını əsas gətirərək, oktyabrın 26-da keçiriləcək seçkilərdə vətəndaşları “Gürcü arzusu”na səs verməyə çağırıb.

“İndiki müxalifət yox olandan sonra “Gürcü arzusu”nun çoxlu rəqibləri olacaq və mən o günü səbirsizliklə gözləyirəm. Bu, insanların yaxşı və yaxşı arasında seçim etmək imkanının olacağı ən xoşbəxt gün olacaq”, - İvanişvili “İmedi” telekanalına müsahibəsində bildirib.

O, gürcülərdən üzr istəyib ki, indi onların yeganə seçimi “Gürcü arzusu”dur.

Bundan başqa, milyarder keçmiş baş nazir Giorgi Qaxariyanı kəskin tənqid edib, partiyanı tərk edən və hazırda müxalifətdə olan keçmiş silahdaşını və komandasının üzvlərini məhkəməyə verəcəyi ilə hədələyib.

“Bu əclaf (Qaxariya) və onun yanında duranlar, əlbəttə ki, mühakimə olunmalıdırlar, təbii ki, biz hər şeyi ağ-qara sübut edəcəyik: o, nə edib, nə üçün edib”, – siyasətçi bildirib.

Xatırladaq ki, İvanişvili və Gürcüstanın baş naziri İrakli Kobaxidze mütəmadi olaraq oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra konstitusiya çoxluğunu qazanacaqları təqdirdə bütün əsas müxalifət partiyalarının fəaliyyətini qadağan edəcəklərini vəd edirlər. Gürcüstanın Qərb tərəfdaşları bu cür bəyanatları kəskin tənqid ediblər.

Kobaxidze bəyan edib ki, müxalifət partiyalarına qoyulan qadağa Gürcüstanın Avropa İttifaqına üzvlüyünə maneə olmayacaq. Eyni zamanda o, Moldova və Ukraynanı siyasi partiyaları qadağan edən dövlətlərə misal çəkib.

Seçilən
19
modern.az

1Mənbələr