AZ

Qida və təmiz su qıtlığı yarana bilər - Xəbərdarlıq

Qida

Tədbir görülməsə, 15-20 ildən sonra dünyada qida və təmiz su qıtlığı yaranacaq.

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı ekspertlər dünyanın ən böyük təbiəti mühafizə təşkilatı olan BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının (CBD) Tərəflər Konfransının (COP16) Kolumbiyadakı tədbirində ediblər.

Alimlər bildirirlər ki, bəşəriyyət Yerin sərhədlərini parçalamaq üzrədir və biomüxtəlifliyin itirilməsinin qarşısını almaq üçün tədbirlər görülməsə, sonradan böyük xərclər tələb olunacaq.

İngiltərədəki Reading Universitetinin ekologiya üzrə professoru və Yer kürəsinə xroniki riskləri müəyyən etmək üçün hökumətlə işləyən Tom Oliver “Guardian” qəzetinə açıqlamasında deyib ki, təhlükə çox yaxındır.

Professorun sözlərinə görə, 1970-ci ildən bəri aparılan araşdırmalar göstərir ki, vəhşi təbiət populyasiyaları 73 faiz azalıb.

T. Oliver əlavə edib ki, biomüxtəlifliyin itirilməsi təkcə növlərə aid deyil:

“İnsanlar qida, təmiz su və hava üçün də təbii dünyaya güvənirlər. Biomüxtəlifliyin itirilməsinin qarşısı alınmasa, 15-20 ildən sonra qida və təmiz su böhranı ilə üzləşəcəyik. Bundan başqa, okeanların turşulaşması, meşə yanğınları və yosunların çiçəklənməsi də insanların həyatına mənfi təsir göstərəcək”.



Nəsli kəsilməkdə olan bir dövrdə yaşadığımızı və israf etməyə vaxtımız olmadığını bildirən Oliverin sözlərinə görə, təbiətin pozulması İngiltərənin Ümumi Daxili Məhsulunda (ÜDM) 12 faiz itkiyə səbəb olub.

Ətraf mühitin pozulmasının bərabərsizliyə, münaqişələrə və ədalətsizliyə səbəb olduğunu bildirən London Zooloji Cəmiyyətinin siyasət direktoru Endryu Terri qeyd edib ki, Madaqaskarda ekoloji deqradasiya aclıq və kütləvi köçə səbəb olub: “Biz azalan resurslar səbəbindən suya və qidaya çıxış üçün artan münaqişələrin şahidi olacağıq. Havanın temperaturu dözülməz səviyyəyə yüksəldikcə və çirklənmə artdıqca, xüsusilə şəhər istiləri səbəbindən sağlamlıq problemlərində partlayışlarla qarşılaşacağıq”.

Noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində davam edəcək və biomüxtəlifliyin itirilməsinin qarşısının alınmasına yönəlmiş COP16 ətraf mühit sammitində 200 ölkədən nümayəndələr iştirak edir. 23 min nümayəndənin, o cümlədən 100-ə yaxın nazir və dövlət başçısının akkreditə olunduğu “Təbiətlə Sülh” adlı sammitdə çıxış edən Kolumbiyanın ətraf mühit naziri və COP16 prezidenti Susana Muhamad bildirib ki, planetin itirməyə vaxtı yoxdur və tədbirlər üçün daha çox maliyyə mənbələrinə ehtiyac var.

Y. QACAR
Seçilən
56
50
reyting.az

10Mənbələr