Bakı, 23 oktyabr, AZƏRTAC
2024-cü il dekabrın 7-8-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində azərbaycanlı dirijor Təranə Teylorun rəhbərlik etdiyi yeni Hyuston Repertuar Balet Orkestrinin müşayiəti ilə dahi rus bəstəkarı Pyotr Çaykovskinin “Şelkunçik” baleti nümayiş olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC–a bildirilib ki, baletdə əsas rolları Amerika Balet Teatrının tanınmış solistləri Li Fleytoks (Léa Fleytoux) və Ceyk Roksander (Jake Roxander) ifa edəcəklər.
Təranə Teylorun dirijorluğu ilə “Şelkunçik” baletinin ilk təqdimatı 2023-cü ildə nümayiş olunub və Texas ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu olan Təranə Teylor solo, vokal, instrumental, kamera, orkestr, teatr və balet musiqisində böyük təcrübəyə malik pianoçudur. O, rəhbərlik etdiyi orkestri yaradana qədər 7 il ərzində Hyuston Repertuar Balet Orkestrində (HRB) pianoçu kimi fəaliyyət göstərib. Orkestrin üzvləri ABŞ-ın və dünyanın müxtəlif ölkələrinin səhnələrində çıxış edən tanınmış musiqiçilərdir. Soydaşımız Təranə Teylorun 2024-cü ildə yaratdığı Texas Musiqi klubunun 15 tələbəsi ABŞ üzrə keçirilmiş “All State Music” festivalında iştirak edib, yüksək nəticələr göstərərək mükafatlar alıb.