AZ

Özəl bağçalara hansı qurum nəzarət etməlidir - deputatdan təklif

“Reqlament, müəyyən intizam sistemi ilə hərəkət edilməlidir”

Zaman-zaman özəl və dövlət bağçalarında uşaqlarla anormal davranış, qidalanma problemləri ilə bağlı məsələlər ortaya çıxır. Dövlət bağçalarında belə hallar olduqda müvafiq qaydada Təhsil Nazirliyi məsələyə müdaxilə edir, onlara şikayət olunur və araşdırma aparılır.

Özəl bağçalarda isə vəziyyət fərqlidir.

“Dövlətin müəyyənləşdirdiyi qaydalar özəl uşaq bağçalarında tətbiq edilmir”. Bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov plenar iclasda “Uşaq hüquqları haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı diqqətə çatdırıb: “Azərbaycanda dövlət uşaq müəssisələri ilə yanaşı özəl uşaq müəssisələri də var. Bir müddət əvvəl Bakı şəhərində uşaq müəssisəsində çox ciddi pozuntuların yaşandığı məlum oldu. Dövlətin müəyyənləşdirdiyi qaydalar özəl uşaq bağçalarında tətbiq edilmir. Dövlət müəssisələri ilə yanaşı özəl uşaq bağçalarında da dövlət müəssisələri üçün nəzərdə tutulmuş bütün meyarlar tətbiq olunmalıdır. Bizim müşahidə etdiyimiz ciddi pozuntular bu fikirləri söyləməyə əsas verir ki, həmin müəssisələrin qeydiyyata alınması, onlara lisenziya verilməsi, sonra isə onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ciddi şəkildə reqlamentləşdirilməlidir. Müvafiq dövlət orqanları buna nəzarət etməlidir”.

Bəs özəl bağçalara hansı qurum və necə nəzarət etməlidir? Dünya təcrübəsi necədir?

Deputat

Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Həmkarımın fikri ilə birmənalı olaraq razıyam.

Ümumiyyətlə, hesab edirəm ki, nəzarət bütün istiqamətlərdə olmalıdır. Yəni istər dövlət, istərsə də özəl müəssisələr üçün bütün meyarlar, eyni qaydalar tətbiq olunmalıdır.

Çox təəssüf ki, bəzi müəssisələr elə düşünür ki, onlar özəl müəssisədir, buna görə də rahat şəkildə istədikləri kimi hərəkət edə bilərlər. Bu cür problemlər bəzi özəl uşaq bağçaların fəaliyyətində  özünü açıq şəkildə göstərir. Hesab edirəm ki, aidiyyəti dövlət qurumları bu prosesə ciddi formada nəzarət etməli və qeyd etdiyim kimi, eyni qaydalar bütün müəssisələrdə tətbiq olunmalıdır.

Biz həmişə deyirik ki, uşaqlar bizim gələcəyimizdir və buna görə də onları qorumalı, onlara sahib çıxmalıyıq. Buna görə də uşaqların tərbiyəsi məsələsi mütləq qaydalara uyğun həyata keçirilməlidir. Yəni kim necə, hansı formada istəyir kimi deyil, reqlament, müəyyən intizam sistemi olmalı və o sistemlə də hərəkət edilməlidir.

Hesab edirəm ki, ən qısa vaxtda bütün müəssisələr eyni qaydalara tabe edilməli, fəaliyyəti ciddi yoxlanılmalı, ciddi nəzarətdə saxlanılmalı və qanuna uyğun olmayan hansısa əməl, fəaliyyət varsa, onların qarşısı ciddi formada alınmalıdır. Biz bunu etmədən həyata keçirmədən heç nəyə nail ola bilmərik".

Təhsil eksperti Kamran Əsədov isə deyir ki, hazırkı reallıqda özəl uşaq bağçalarının dövlət müəssisələri üçün nəzərdə tutulmuş qaydalardan kənar fəaliyyət göstərməsi ciddi narahatlıq doğurur və bu məsələ dövlət tərəfindən tənzimlənməli, lisenziyalaşdırma, fəaliyyətə nəzarət sistemləri təkmilləşdirilməlidir: “Dünya təcrübəsi bu sahədə müxtəlif modellərin tətbiqini təklif edir və Azərbaycanın da bu təcrübələrdən faydalanması vacibdir.

Özəl uşaq bağçalarına nəzarət etmək üçün müxtəlif ölkələrdə müxtəlif yanaşmalar mövcuddur. Məsələn, ABŞ-da özəl uşaq bağçalarının fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət həyata keçirilir. Hər bir ştat öz qaydalarını tənzimləsə də, ümumi şəkildə özəl bağçalar həm federal, həm də yerli qanunlara uyğun olaraq fəaliyyət göstərməlidir. Bu qaydalar arasında gigiyena, təhlükəsizlik, müəllim-tələbə nisbəti və tədris keyfiyyəti kimi meyarlar mövcuddur. İngiltərədə isə “Ofsted” kimi dövlət qurumları özəl təhsil müəssisələrinin keyfiyyətinə nəzarət edir. “Ofsted” uşaq bağçalarına müntəzəm yoxlamalar təşkil edir və nəticələrini ictimaiyyətə açıqlayır.

Azərbaycanın da bu sahədə dünya təcrübəsindən öyrənməsi və özəl bağçalara dövlətin nəzarət mexanizmini təkmilləşdirməsi vacibdir".

Həddini

Kamran Əsədov bildirir ki, hazırda Azərbaycan qanunvericiliyi “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarla tənzimlənir: “Lakin millət vəkili Əli Əhmədovun qeyd etdiyi kimi, bu mexanizmlərin tətbiqi kifayət qədər effektiv deyil. Məsələn, özəl bağçalara lisenziya verilməsi prosesi düzgün şəkildə həyata keçirilmədikdə və onların fəaliyyəti üzərində müntəzəm nəzarət olmadıqda, bu cür müəssisələrdə qayda pozuntuları və keyfiyyətsiz xidmətlər yaranır. Buna görə də Azərbaycanda özəl bağçalar üçün dövlət nəzarətinin gücləndirilməsi vacibdir. Bunun üçün konkret aşağıdakı tədbirlər görülməlidir:

Lisenziyalaşdırmanın təkmilləşdirilməsi: Özəl bağçalar üçün lisenziya verilməsi prosesində ciddi tələblər tətbiq edilməlidir. Bu tələblər uşaq təhlükəsizliyi, tədris keyfiyyəti, müəllimlərin sertifikatlaşdırılması kimi sahələri əhatə etməlidir.

Nəzarət orqanlarının gücləndirilməsi: Dövlət qurumları özəl bağçaların fəaliyyətinə nəzarət etməlidir. Müvafiq nəzarət orqanları, müntəzəm yoxlamalar və fəaliyyətlərin monitorinqini həyata keçirərək, qaydalara riayət edilmədiyi hallarda cəza tədbirləri tətbiq etməlidir.

Təhsildə keyfiyyət standartlarının tətbiqi: Dövlət müəssisələri üçün tətbiq olunan təhsil və təhlükəsizlik standartları özəl bağçalara da tətbiq edilməlidir. Müəllimlərin ixtisas səviyyəsi, uşaqların tədris proqramlarının müasir tələblərə cavab verməsi kimi məsələlər diqqətlə izlənilməlidir.

Norveç, Finlandiya və İsveç kimi ölkələrdə uşaq bağçaları həm dövlət, həm də özəl sektor tərəfindən idarə edilir, lakin hər iki sektor üçün eyni qaydalar və standartlar tətbiq edilir. Məsələn, bu ölkələrdə uşaq bağçalarına dövlət tərəfindən maliyyə dəstəyi verilir, lakin keyfiyyətə nəzarət dövlət tərəfindən sərt qaydalarla həyata keçirilir.

Beləliklə, özəl uşaq bağçalarına dövlətin ciddi nəzarəti təmin olunmalı və onların fəaliyyəti dövlət müəssisələri ilə eyni səviyyədə tənzimlənməlidir. Dövlət qurumları özəl sektorun fəaliyyəti üzərində müntəzəm yoxlamalar həyata keçirərək, uşaq hüquqlarının qorunmasını və keyfiyyətli təhsil verilməsini təmin etməlidir".

Xalidə GƏRAY,
“Yeni Mesavat”

Seçilən
16
25
musavat.com

10Mənbələr