AZ

Sankt-Peterburqda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi gecəsi keçirilib

Sankt-Peterburqda

Bakı, 24 oktyabr, AZƏRTAC

Sankt-Peterburqun Dövlət Akademik Kapellasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət möhtəşəm simfonik musiqi gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kapellasının orkestri və azərbaycanlı bəstəkar və pianoçu Tamilla Əhədova çıxış ediblər.

İlk dəfə Sankt-Peterburqda Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, eləcə də N.A.Rimski-Korsakovun “Şəhrizad” (skripkada solo - Anton Çausovski) və K.Sen-Sansın “Samson və Dalila” operasından nümunələr səslənib.

Vacib premyeralarından biri isə gənc bəstəkar Tamilla Əhədovanın öz ifasında həmin gecə səsləndirdiyi fortepiano və orkestr üçün konsert olub. Əsər Rusiyada ilk dəfə səsləndirlib. Böyük maraq və həyəcanla qarşılanan əsərin ifasından sonra dinləyicilərin diqqətini nəzərə alaraq Tamilla Əhədova fortepiano üçün bəstələdiyi kompozisiyaları təqdim edib.

Qeyd edək ki, konsertin tam anşlaqla keçməsi və biletlərin əvvəlcədən əldə olunması azərbaycanlı musiqiçilərin Sankt-Peterburq Kapellası kimi mötəbər salonunda çıxışına olan marağın bariz nümunəsidir.

 

 

Seçilən
22
azertag.az

1Mənbələr