AZ

TUŞAS teraktında sensasion iz – İki ölkənin adı çəkilir

Türk Aerokosmik Sənayesinin (TUŞAS) Ankaradakı baş qərargahına terror hücumu olub. Ankara hücumun arxasında PKK terror təşkilatının olduğunu açıqlayıb. Hücum nəticəsində 5 mülki şəxs ölüb, 22 nəfər yaralanıb.

Diqqətçəkən məqam Ankaradakı terrorun MHP başqanı Dövlət Baxçalının PKK lideri Abdullah Öcalanla bağlı təklifindən və Fətullah Gülənin ölümündən 2 gün sonra baş verməsidir.

Globalinfo.az-a danışan Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib ki, belə teraktlar plansız həyata keçirilmir:

“Belə bir terakt üçün kəşfiyyat və hazırlıq işləri görülməli, silahlar və partlayıcılar hazırlanmalıdır. Buna görə mən hadisənin MHP başqanı D.Baxçalının açıqlaması ilə birbaşa əlaqəsinin olduğunu düşünmürəm.

Ankaranın Kazan rayonu daxilində yerləşən TUŞAS firmasına hücum çoxməqsədlidir. İlk növbədə, bu hadisənin D.Baxçalının açıqlamasına cavab olduğu deyilir. Lakin bu əməliyyatı PKK həyata keçirib. Yəni məntiqlə Baxçalı PKK-nın maraqlarına zidd nə isə deməyib. O, PKK liderinin həbsxanadan çıxarılması barədə bəyanat verib ki, bu da onların marağına daha çox uyğundur.

Həsən Oqtay

Digər tərəfdən, onun çıxışından bir gün sonra belə bir əməliyyatı planlaşdırmaq, kəşfiyyat aparmaq, silah və təchizatı toplamaq olduqca çətindir.

Teraktın törədilməsinin daha 3 səbəbi ola bilər.

Bunlardan biri Türkiyənin Tatarıstanda keçirilən BRİKS toplantısına qatılmasıdır. Qərb ölkələrinin bu toplantıya qatıldığı üçün Ərdoğana xəbərdarlıq etməsi mümkündür.

Digər mühüm versiya isə o qədər də müzakirə olunmur: BRİKS toplantısında Ərdoğana təzyiq etmək istəyən Putin əlini gücləndirmək üçün PKK vasitəsilə bu əməliyyatı həyata keçirmək təlimatı verə bilər.

Həmçinin hadisənin arxasında 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın İsrailə hücumundan sonra bölgədə dəyişən vəziyyətin də təsirinin olması mümkündür. Belə ki, İsrail Türkiyənin HƏMAS və “Hizbullah” məsələsindəki mövqeyinə cavab vermiş ola bilər. Hadisənin arxasında İsrail və Rusiyanın rolunun olması ehtimalı araşdırılmalıdır”.

Murad Saddədinov

Politoloq Murad Saddədinov da hadisənin MHP başqanı Dövlət Baxçalının çıxışı ilə əlaqəli olmadığını düşünür:

“Belə hadisələr nə təsadüfi, nə də bir şəxsin fikirlərinə cavab məqsədi ilə baş vermir. Hadisə ilə bağlı videolardan görünür ki, teraktı törədən şəxslər həm hazırlıqlıdır, həm planlı, həm də təlim keçmiş peşəkarlardır. Yəni terakta uzun müddətdir hazırlıq getdiyi aydın görünür.

Teraktın törədilməsində əsas faktor regionda baş verən son olaylardır. Belə ki, son zamanlar Türkiyənin daxili siyasətində PKK, kürd problemi ilə bağlı təkliflər verilib. Hətta A.Öcalanın azadlığa çıxması barədə fikirlər səsləndirilib. PKK daxili bəzi qüvvələr bu prosesin olmaması üçün belə bir iş gerçəkləşdirə bilər. Bununla belə hadisənin uzun müddətdir planlandığını demək lazımdır”.

Seçilən
36
1
turkustan.az

2Mənbələr