AZ

Avropa ölkələrinə işləməyə getmək istəyən 130 nəfərin pulları mənimsənildi

Bakıda fəaliyyət göstərən "Recent Group" MMC və "Area Alfa Group" MMC-nin rəhbərləri Sevinc Aslanova və Kamil Curayevin cinayət işinin ibtidai istintaqı yekunlaşaraq məhkəmədə araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxu.az-ın məlumatına görə, cinayət işi ilkin olaraq hakim Əli Məmmədovun icraatına verilsə də, hakimin işinin dəyişdirilməsi ilə əlaqədar hazırlıq iclası təxirə salınaraq başqa tərkibə verilməsi haqda qərar qəbul edilib.

İstintaqla müəyyən edilib ki, "Recent Group" MMC-nin direktoru Sevinc Aslanova və "Area Alfa Group" MMC-nin direktoru Kamil Curayev ayrı-ayrı şəxslərdən müxtəlif Avropa ölkələrində işə düzəlmələrinə, həmçinin iş vizasının alınmasına kömək edəcəklərini vəd edərək dələduzluq yolu ilə aldıqları pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmələri və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən ələ keçirməsi ilə bağlı kifayət qədər dəlillər toplanılıb.

15 may 2024-cü il tarixdə Kamil Curayev CM-in 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, o, istintaq orqanlarından yayınmaqla çağırışlara gəlməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilib. Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq istintaqa təhvil verilib.

Digər təqsirləndirilən Sevinc Aslanova barəsində isə CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Araşdırmalarla müəyyən edilib ki, "Recent Group" MMC-nin direktoru Sevinc Aslanova yaxın münasibətdə olduğu "Area Alfa Group" MMC-nin direktoru Kamil Curayev ilə əlbir olaraq paytaxtla yanaşı bir çox bölgələrdən olan müxtəlif vətəndaşları, onları Avropa ilə yanaşı dünyanın bir çox digər ölkələrində yüksək maaş vədi ilə aldadaraq bunun müqabilində onların külli miqdarda pulunu mənimsəyiblər. Onların vətəndaşlara vəd etdikləri mövsümi xarakterli işlərlə yanaşı müxtəlif peşə əsaslı işlərin isə əslində heç bir hüquqi əsası olmayaraq saxta müqavilələr əsasında tərtib olunubmuş.

Aldadılan vətəndaşlara işləmək üçün vəd edilən ölkələr isə əsasən Hollandiya, Slovakiya, İngiltərə, Polşa, Rumıniya və digər Şengen ərazilərinə daxil olan ölkələr olub. Sevinc Aslanova Kamil Curayev ilə qabaqcadan əlbir olaraq qrup halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 130 nəfərin 161550 manatını mənimsəyiblər. Hər iki şəxslə bağlı toplanmış materiallar üzrə ittiham elan edilmiş, barələrində həbs və polisin nəzarəti altında qətimkan tədbiri seçilib.

phrase_var_article.chosen
207
8
sitat.info

10phrase_var_article.sources