AZ

Azərbaycanın BRİCS-də “ayaq səsləri”

Prezident İlham Əliyev tədbirdə çıxış etdi: “Ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatında iştirak etmək üçün  Kazanda ikigünlük səfərdə olub.  Oktyabrın 24-də Prezident  İlham Əliyev Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/"BRICS+" formatının ilk plenar iclasında iştirak və çıxış edib.

İlham Əliyev dəvətə görə Vladimir  Putinə təşəkkürümü bildirib, Rusiyanı BRİCS-də uğurlu sədrliyi münasibətilə təbrik edib.

“Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq", - deyə dövlət başçısı bildirib.

Prezident deyib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının - COP29-un keçirilməsi məkanı olacaq: “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik. Diqqətinizə görə təşəkkür edirəm".

Putin çıxışa görə təşəkkür edib: “Həqiqətən, Siz tamamilə düzgün qeyd etdiniz ki, Azərbaycanın rolu, xüsusilə logistika dəhlizlərinin inkişafında çox mühümdür. Eyni zamanda, zənnimcə, Rusiyanın, həmçinin digər BRİCS dövlətləri ilə artan əmtəə dövriyyəsini nəzərə alsaq, bu da böyük əhəmiyyətə malikdir”.

***

Qeyd edək ki, Bakı BRİCS-lə münasibətlərinə rəsmiləşdirmək niyyətini açıqlayıb.  Buna səbəb  bu formatı perspektivli hesab etməsidir.

Azərbaycan bu formatın prinsiplərini bölüşür ki, bu prinsiplər ondan ibarətdir ki, ticarət azad olmalıdır, ideoloji çərçivələrə tabe olmamalıdır və beynəlxalq iqtisadi münasibətlərə, o cümlədən başqa ölkələrin müdaxiləsiini tamamilə faydası və dağıdıcı hesab edir.  Azərbaycanın   BRİCS-lə maraqları eynidir, və bəzi üzv ölkələrlə sıx iqtisadi əlaqələri mövcuddur. Bütün bunlar Azərbaycanın bu struktura marağının artmasından xəbər verir və onun BRİCS-də iştirakını stimullaşdırır. Bildirilir ki, Azərbaycan BRİCS-ə əlavə dinamika gətirməyə qadirdir və təşkilata üzvlük çoxtərəfli platformada üzv ölkələrlə yaxşı əlaqələrinin davamıdır.

Təhlillər göstərir ki, Azərbaycanın BRİCS-də artıq “ayaq səsləri” eşidilir. Bəs Azərbaycanın BRİCS-ə üzvlüyə qəbulu təxminən nə zaman rəsmiləşə bilər? Ölkəmiz yeni tətbiq olunacaq filtr meyarı keçə biləcəkmi?

Abutalıb

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Kazan sammiti ərəfəsində üzvlərin sayının artacağı düşüncəsi var idi. Hətta Qazaxıstanın BRİCS-ə qoşulmaq istəməməsi Rusiyanın narazılığına səbəb olmuşdu. Azərbaycan, Türkiyə və digər ölkələr BRİCS-ə üzv olmaq istəklərini bəyan elədilər. Ancaq sammitin gedişində məlum oldu ki, bir sıra ölkələr BRİCS-in sürətlə genişlənməsinin əleyhinədir, müəyyən filtrlərin qoyulmasını istəyirlər: “Bu filtrlər nədən ibarət ola bilər? Hələlik məlum deyil. Məlumdur ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşıdır və uzun müddətdir ki, müşahidəçi statusuna keçmək istəyir. Azərbaycan dialoq tərəfdaşından müşahidəçi statusuna keçə bilmir. Əsas da Azərbaycanın qarşısını alan Hindistandır. BRİCS-də də Hindistanın çəkisi böyükdür, həlledici səsə malik ölkələrdən biridir. Onun Azərbaycana münasibəti məlumdur”.

Asim

Asim Mollazadə

Deputat Asim Mollazadə isə Musavat.com-a bildirib ki, Azərbaycanın BRİCS-də fəal iştirakı tərəfdaşlıq və əməkdaşlıq üçün yeni şərait yaradır: "Azərbaycanın bütün xarici siyasəti məhz tərəfdaşlıq, qarşılıqlı maraq əsasında əməkdaşlıqdan ibarətdir. Eyni zamanda Azərbaycan BRİCS-də iştirakı ilə əməkdaşlığın coğrafiyasını genişləndirir. BRİCS sammitində Azərbaycana qardaş, müttəfiq olan Türkiyə də iştirak etdi. Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda maraqlı olan ölkələr həyata keçirdiyimiz strateji layihələrdə bizimlə birgə işləyəcəklər, bu, iqtisadi nöqteyi-nəzərdən Azərbaycan üçün çox önəmlidir.

BRİCS ölkələrinin Ermənistandan hər hansı formada asılılığı yoxdur, erməni diasporasının əmrləri ilə hərəkət etmirlər, yaxud siyasi korrupsiyaya qoşulmayıblar. Odur ki, beynəlxalq siyasi proseslərdə Azərbaycanın tərəfdaşlarının sayının artması bizim mövqeyimizi gücləndirir. BRİCS-in Kazanda keçirilən sammitində 32 ölkə iştirak edib. Bu, öz-özlüyündə miqyasın kifayət qədər geniş olduğunu göstərir".

Naqif

Naqif Həmzəyev 

Milli Məclisin deputatı Naqif Həmzəyev isə “Yeni Sabah”a bildirib ki, BRİCS-də təmsil olunan dövlətlərlə Azərbaycanın ikitərəfli və üçtərəfli münasibətləri mövcuddur: "BRİCS çərçivəsində də bu münasibətlərin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün əla şərait var. Bu bir platformadır və Azərbaycan bu platformanı yaxşı mənada istifadə etməkdədir. Ölkəmiz bu platforma vasitəsilə bir çox məsələlərin həllinə də nail olub. Düşünürəm ki, hazırda BRİCS-də iştirak etməklə, təşkilatda təmsil olunan dövlətlərlə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün əlverişli şans yaranıb. Azərbaycan ilk növbədə öz milli təhlükəsizliyinin təmin edilməsi, bir çox risklərin qarşısının alınması, iqtisadiyyatımızın gücləndirilməsi və inkişaf etdirilməsi üçün BRİCS-ə daxil olan dövlətlərlə əməkdaşlığı önəmli hesab etməkdədir. Ən məsələlərdən biri isə BRİCS-də təmsil olunan dövlətlər bir-birilərinin daxili işlərinə qarışmaq, dövlət suverenliyini təhdid altında qoymaq və hansısa öhdəliklərə məcbur etmə kimi yanaşmalar müşahidə edilməməkdədir. Bu da BRİCS-i cazibədar edir. BRİCS-lə münasibətlərin inkşafı siyasi və iqtisadi baxımdan, Azərbaycana mühüm töfhələr verəcək. Yaxın gələcəkdə baş verə biləcək təlatümlər, təhdidlərlə birlikdə mübarizənin birlikdə həyata keçirilməsi, eyni zamanda beynəlxalq layihələrin icrasında əməkdaşlıq və Azərbaycanın yerləşdiyi coğrafi məkanın cazibədar olması BRİCS dövlətləri üçün də çox maraqlıdır. Bu baxımdan, Azərbaycan hazırkı mövcud reallıqları, öz potensialı ilə müqayisədə daha əlverişli imkanlara dəyişmək istəyir. Azərbaycan həm logistik məkanda enerji resurslarının, xüsusilə "yaşıl enerji"yə keçidin təşkil edilməsində bu dövlətlərlə əməkdaşlığa maraqlıdır. Eyni zamanda regionumuzda uzunmüddətli və davamlı sülhün əldə edilməsi, qarşılıqlı əməkdaşlıq əsasında birgə inkişafı təmin edə bilmək üçün bu ölkələrin də iqtisadi dəstəyi çox yüksək qiymətləndirilir. Nəticə etibarı ilə, Azərbaycan bütün beynəlxalq platformalarda olduğu kimi, BRİCS-dən də dövlət maraqlarına xidmət edəcək bütün mümkün alətləri öz xeyrinə yönləndirə biləcək".

Siyasi analitiklər hesab edir ki, Kazan BRİCS sammiti Ukraynada xüsusi əməliyyatın başlanmasından sonra Rusiyada keçirilən ən böyük beynəlxalq tədbir kimi tarixə düşdü. Qərbin Rusiyanı “izolyasiya etmək” cəhdlərinin uğursuzluğunu dünyanın yarısını bir araya toplamaqdan daha yaxşı göstərmək olmazdı və Putin bunu bacardı. Amma Kazan sammitindən sonra BRİCS dünya siyasi düzənində yeni səhifənin başlanğıcını qoya bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
35
musavat.com

1Mənbələr