AZ

Qartız dağı azad edildikdən sonra Qubadlının böyük hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qubadlı rayonunda yerləşən Qartız dağı Ermənistan silahlı qüvvələrinin işğalından azad edildikdən sonra rayonun böyük hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.
"Report" xəbər verir ki, bu barədə rayonunun işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar təşkil olunmuş mediaturda bildirilib.
Müdafiə Nazirliyinin təşkil etdiyi səfərdə media nümayəndələri, hərbi ekspertlər və Vətən Müharibəsində döyüşmüş hərbi qulluqçular iştirak ediblər.
Səfər zamanı iştirakçılara Qubadlı rayonu və burada yerləşən yüksəkliklərin işğaldan azad olunmasının Azərbaycan Ordusuna qazandırdığı üstünlüklər barədə məlumat verilib.
Bildirilib ki, rayon ərazisində yerləşən Qartız dağı müharibə zamanı strateji əhəmiyyətə malik olub, buranın və rayon ərazisində yerləşən digər yüksəkliklərin işğaldan azad olunması ətraf kəndlərin, həmçinin təminat, kommunikasiya yollarının da Azərbaycan Ordusunun nəzarətinə keçməsinə şərait yaradıb.
Ordumuzun Vətən Müharibəsində iştirak etmiş zabiti deyib ki, qanlı döyüşlərin getdiyi yerlərdən biri də Qubadlı rayonu olub:
"Rayon dağlıq ərazi olduğu üçün düşmən buradakı strateji yüksəkliklərdə mövqelənmişdi. Tapşırığa əsasən, ilk olaraq ərazidəki yüksəkliklər işğaldan azad edilməli idi. Biz Qubadlıya daxil olanda düşmən Xanlıqda yerləşmişdi. Azərbaycan Ordusunun qətiyyəti nəticəsində işğalçılar getdikcə Qartız dağı istiqamətində geri çəkilirdi. Onların bölmələrini təqib edir, imkan düşdükcə məhv edirdik. Qartız dağı istiqamətində əməliyyatlara başlayanda düşmən oradan da geri çəkilərək, arxa kəndlərdə mövqeləndi. Biz daim onları həm havadan, həm də yerdən müşahidə edirdik".
Hərbi qulluqçunun sözlərinə görə, ərazidə hakim yüksəklik Qartız dağıdır:
"Buradan bütün Qubadlı ərazisinə nəzarət etmək olur. Azərbaycan Ordusu bu yüksəkliyi azad etdikdən sonra rayonun Ermənistan silahlı dəstələrinin nəzarətində olan sonuncu kəndi də düşmən bölmələrindən təmizlənib".
Azərbaycan Ordusunun başqa bir hərbi qulluqçusu da rayon ərazisində olan yüksəkliklərin Vətən Müharibəsində strateji əhəmiyyətə malik olduğunu bildirib:
"Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində döyüşlərdə iştirak etmişəm. Qartız dağı istiqamətindəki döyüşlərdə düşmən yüksəklikdə olduğu üçün çətinlik olub. Amma biz qısa müddətdə bu yüksəklikləri işğaldan azad etmişik. Yüksəklik düşmən qüvvələrindən təmizləndikdən sonra Qubadlının böyük bir hissəsinə nəzarət edə bildik".
Daha bir hərbi qulluqçu da Qubadlı rayonunda ağır döyüşlərin getdiyini deyib. Onun sözlərinə görə, buradakı yüksəkliklər qarşı tərəfin nəzarətində olsa da, qısa müddətdə işğalçılardan təmizlənib.
"Qubadlı rayonunun Dəmirçilər kəndi istiqamətində düşmən üzərinə hücuma keçdik. Burada yerləşən və rayonun strateji nöqtəsi olan Qartız dağı azad olundu. Bundan sonra Qubadlı rayonu bütövlükdə düşmən qüvvələrindən təmizləndi. Oktyabrın 13 və 14-də rayonun dörd kəndi, 25-də isə ərazi işğaldan tam şəkildə azad olundu", - deyə hərbçi bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı rayonunu işğalçılardan azad edərək Azərbaycanın üçrəngli bayrağını həmin ərazilərdə dalğalandırıb.
Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.
Daha çox foto burada: PhotoStock.Az
Seçilən
53
50
oxu.az

10Mənbələr