AZ

Milli Məclis AP-nin qərəzli qətnaməsini rədd etdi

Milli Məclis Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməyə münasibətini xüsusi şərhlə bildirib.

Açıqlamada qeyd edilir ki, özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçib: “Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığına artıq alışmışıq. Nəticə etibarilə, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, işğal olunmuş torpaqlarımızda və Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsinin kütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımızın hüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləri iztirablar avropalı parlamentariləri heç vaxt maraqlandırmayıb”.

Şərhin davamında göstərilir ki, bu ermənipərəst qurum 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra etməsi ilə də barışa bilməyib: “ Lakin indi məlum olur ki, Avropa Parlamenti artıq öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməyə qərar verib. Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı fəaliyyət göstərən müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların, təzyiq alətlərinin toplanaraq, bir sənəd formasında tərtib olunması məhz bunu deməyə əsas verir”.

Bildirilir ki, bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə, sadəcə, hiddət doğurur”.

Milli Məclisin Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən çıxardığı nəticə sonda belə ifadə olonur: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir”.

XQ

Seçilən
0
5
xalqqazeti.az

10Mənbələr