“Bir çox halda qızlar təhsildə uğur qazana bilməyəndə düşününürlər ki, onu ərə vermək lazımdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında erkən nikahların qarşısının alınmasında görülməli olan kompleks tədbirlər barədə danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, ölkədə erkən nikahlarla bağlı ciddi, sistemli müzakirə, mübarizə getməsinə baxmayaraq, hələ də Azərbaycanda erkən nikah problemi mövcuddur.
“Burada bir məsələ ondadır ki, Ailə Məcəlləsində ümumi təkmilləşməyə, dəstək proqramlarına ehtiyac var.
İkinci vacib məsələ təhsil proqramlarını yüngülləşdirməyə ehtiyac duyulur. Bir çox halda qızlar təhsildə uğur qazana bilməyəndə düşününürlər ki, onu ərə vermək lazımdır. Ona görə də təhsil proqramlarına nəzər yetirmək, regionlarda təhsil müəssisələrini artırmaq lazımdır”, – deyə o bildirib.
M.Zeynalova qeyd edib ki, qızların hansı səbəbdən erkən evliliyə razılıq verdiyi ciddi araşdırılmır.
“Bu, evdə zorakılıq və digər hallara görə də ola bilər. Erkən evliliyə razılıq verən qız bir zorakılıqdan digər zorakılığa qaçmağa çalışır. Bu baxımdan, hesab edirəm, hər bir faktla bağlı vəziyyətin qiymətləndirilməsi lazımdır. Həmin yeniyetmə qız təhsilini ataraq, evliliyə getməsində hansı təsirlərin səbəb olduğunu araşdırmaq gərəkdir.
Yaxın günlərdə Hindistanda konfransda iştirak etdim. Orada erkən nişanlanma baş verdiyi halda həmin ailəyə dövlət tərəfindən maddi yardım göstərilir ki, həmin yeniyetmə təhsilini davam etdirsin və bununla da erkən evliliyin qarşısını almağa çalışılsın.
Bəzi hallarda qızların özləri razı olur, digərlərində isə müəyyən təsirlər altında məcbur qalır. Düşünürəm ki, səbəblər üzərində işləmək və onu kompleks şəkildə həllinə nail olmaq lazımdır”.
İsmayıl Bakuvi