AZ

Dama-dama göl oldu...

Bakıdan Kürdəmirə çörək daşımaqla məşğul idi. Yağışın səsi bir çoxlarına sakitlik gətirsə də, onun üçün bu, həyatın ən ağır fırtınasına çevrildi. O gün, o, iki balasına bir parça sevinc aparmaq üçün yol gedirdi. Təbiətin amansızlığı, gözlənilməz yağışlar yolunu kəsdi. İndi o uşaqlar süfrədə atasını gözləyir, amma o, bir də heç vaxt gəlməyəcək. Atalarının isti nəfəsi, əlləri onları bir daha qucaqlamayacaq. Sular yalnız şəhəri deyil, bir ailəni də məhv etdi.

Sevərək izlədiyimiz yağış bu dəfə bizdən canlar aldı. O damcılar ki, adətən torpağa düşüb yeni başlanğıclara yol açır, indi həyatları yarımçıq qoydu. Bakı şəhəri bir daha yağış sularının təhlükəsinə boyun əydi. Sabunçu keçidində yağışın dolduğu tuneldə iki nəfərin faciəvi ölümü şəhərin qəflətən dərin hüznə qərq olmasına səbəb oldu. Ölən şəxslər, hər biri, sıradan bir günün sonunu gözləyirdi. Onların həyatı, suyun altında qalan bədənləri ilə sona çatdı. Təsəvvür edin: yağış damcıları onların son nəfəsini alarkən, heç kim o tuneldə nə baş verdiyindən xəbərdar deyildi. Yalnız cəsədlər çıxarılanda bu faciənin böyüklüyü anlaşıldı.

Niyə belə hallar yenidən baş verir? Şəhərimiz niyə bir yağışla bu qədər çətinlik çəkir?

Şəhər infrastrukturu, su basmalarına qarşı tədbirsiz qalmış kimi görünür. Hər yağışla eyni mənzərəni görürük: evlər su altında, yollar keçilməz, insanlar isə gözlənilməz təhlükələrlə qarşı-qarşıya. Məktəblər ətrafında yaranan gölməçələr isə xüsusilə uşaqlar üçün böyük təhlükə yaradır, onların təhlükəsizliyi heçə sayılır.

Bu hadisələr bir daha göstərir ki, şəhərimizin təcili tədbirlərə ehtiyacı var. Biz yağışın gətirdiyi fəlakətlərə hazır olmalı, hər addımda təhlükəni minimuma endirəcək infrastruktur qurmalıyıq. Yağışla suya boğulan şəhərimiz gələcəkdə bu təhlükələrdən qaça biləcəkmi? Bu sual hələ də cavabsız qalır. 

"Təbii fəlakətlər zamanı hallarda bizlərdən asılı olan təhlükəsizliyi necə təmin etmək olar?"-sualını təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevə ünvanladıq:

-Bütün təhlükə risklərinə qarşı önləyici tədbirlər planı olmalıdır. Bu, həm müvafiq qurumlar üçün, həm də fiziki və hüquqi şəxslər, iş yerləri, təşkilatlar, müəssisələr üçün keçərlidir. Həmçinin insanlar özləri bütün təhlükə hisslərinə qarşı belə hazır olmalı, nə etməli, necə davranmasına dair bilik və bacarıqlara sahib olmalıdırlar. Bütün təhlükə hissləri dedikdə, gözlənilən və gözlənilməyən təhlükə hisslərindən söhbət gedir. Fors-major hallardan, təbiət hadisələrindən, təbii fəlakətlərdən, fövqəladə hadisələrdən, yəni qarşılaşa biləcək və gözlənilməz anlarda nə etməlidir, necə davranmalıdır, hadisə baş verdikdən sonra hansı belə koordinasiyalı əlaqələr qurulmalıdır və s. Əlbəttə, bu elə təhlükəsizlik konsepsiyasıdır ki, bütün regionlarda, bölgələrdə həmin yerin spesifikasına uyğun olaraq hazırlansın ki, insanların daha az zərərlə ordan qurtulmaq imkanı olsun. Yaxud onların təxliyyə edilməsi, əmlakın təxliyyə edilməsi, əmlakın qorunması və s.- bu kompleks görülən bir tədbirlər planıdır. Yerləşdiyi yerin spesifikası ilə bağlı məsələdə elə Bakı şəhərini götürək: seysmik cəhətdən aktiv yerdir, vulkanik ərazilər var, küləkli şəhərdir, davamlı olaraq güclü yağıntılar müşahidə oluna bilir. Regionlarda meşəlik ərazilər, sel daşması, uçqunu, torpaq sürüşməsi və s.- bunlar hər biri təhlükəni özündə kifayət qədər ehtiva edən amillərdir. Ona görə bölgələrin yerləşdiyi yerdən asılı olaraq adekvat tədbirləri olmalıdır ki, hadisə baş verdikdə artıq qurbana çevrilmədən, minimal zərərlə ordan qurtulmaq olsun. Təbiət hadisələrindən 100  faiz sığortalanmaq mümkün deyil. Ancaq önləyici tədbirlər görməklə, daha az zərərlə burdan qurtulmaq olar. Müvafiq qurumların xəbərdarlıqları var. Məsələn, hidrometeorologiya xidməti sabah ərazidə deyir ki, sabah filan bölgələrdə yağış, qar yağacaq, güclü leysan olacaq, tufan olacaq, güclü külək əsəcək. Əlbəttə, artıq bu cür komandalar vaxtı müvafiq qurumlar hərəkətə keçir, harda daha çox təhlükə hissləri var, öncəki təcrübədən yağıntı miqdarından harda sürüşmə ehtimalı olub, harda su basmaq olub, harda uçqun təhlükəsi var və s. Artıq burada koordinasiyada əlaqələrlə belə bir fəaliyyət təşkil olunur və vaxtında qarşısının alınması, insanların evakuasiya olunması, təhlükəsiz yerə köçürülməsi və digər proseslər belə həyata keçirilir. Ona görə hesab edirəm ki, yerləşən bölgələrin təhlükə hissləri qiymətləndirilməlidir. Gələcəkdə baş verə biləcək təbiət hadisələri, təbii fəlakətlərə qarşı həm dövlət qurumları, həm də özəl qurumlar bu cür hadisələr anında nə etməlidir, necə davranmalıdır kimi bilik və bacarıqların olsun deyə təlimlərin təşkili vacibdir. Çünki bu bana dair bilik və bacarıqların olması onlara bu belə anlarda doğru düzgün qərar qəbul etməsinə kömək edir. Ən əsas məsələlərdən biri də insanların özünün bu barədə ən azı primitiv bilgilərə sahib olmasıdır ki, bu cür hadisələr zamanı nə etməli olduğunu bilsinlər. Əgər imkan varsa, nəqliyyat vasitəsinin üzərində oturub xilas etməyə gələn qrupları heç gözləməsin, özü ayaqla da 5-10 metr yolu yeriyib ordan çıxa bilər. Üstündəki paltarı batar və yaxud da ki, mobil telefonu və yaxud üzərində hansısa bir cihazı və yaxud da qiymətli bir əşyası korlana bilər deyə düşünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, heç nə insan həyatından, canından qiymətli deyil. Hər an gözlənilməz bir vəziyyətdə, qısa bir zamanda su ilə dola bilər və bu daha ağır nəticələrə gətirib çıxarda bilər. Ona görə bu cür hadisələr anında nə etməli, necə davranmalı olduğuna dair bilik, bacarıq anındaca doğru, düzgün qərar qəbul edərək ordan minimal zərərlə qurtulmağa gətirib çıxardır.

Yağan leysan yağışları bir çox ərazilərdə yolların keçilməz hala gəlməsi isə həm insanlar, həm də avtomobillər üçün təhlükə yaradıb. Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədova müraciət etdik: 

-Son zamanlar nəqliyyat vasitələrinin suda qalma, suda batma, bu və digər problemləri ilə bağlı problemlər yaşandı və yaşanmağa da davam edir. Çünki suda qalmış, yaxud suyla islanmış nəqliyyat vasitələri gələcəkdə hər hansı bir texniki nasazlığın açarı rolunu oynayır. Yəni, bu, çox ağır fəsadlara gətirib çıxara bilən bir məsələdir. Bundan çıxış yolu isə yalnız nəqliyyat vasitələrinin ümumi istifadəsi üçün prioritetləri müəyyən etməkdən ibarətdir. Hansı detala zərər dəyib, onu nəylə əvəz etmək olar sualı verilən əsas suallardan biridir. Ona görə də bunun haqqında məlumat araşdırmanın nəticəsi və yekun qərardan sonra verilə bilər.

Zeynəb Rzayeva

P.S. Xatırladaq ki,  yağışdan  sonra Nazirlər Kabinetində  son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirildi və ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edildi, müvafiq tapşırıqlar verildi.Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırıldı. Növbəti  yağışda şəhərin  təkrarı  yaşamayacağına  inanırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr