AZ

Bağça: təhsil, yoxsa qayğı məkanı? - sertifikatlaşdırmadan gözlənti

“Uşaqlarda psixoloji dəstək və sosial bacarıqların inkişafına önəm verilməlidir”

“Bağça uşağı qoyub getmək üçün yer deyil, orada uşağa aşağı yaşdan təhsil verilməlidir”.  Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablayarkən deyib.

O bildirib ki, bağçaları da sertifikatlaşdırma prosesinə cəlb etmək istiqamətində işlər görülür: “Biz ilk növbədə başa düşməliyik ki, uşaq bağçalarında vəziyyət nə yerdədir. Buna uyğun olaraq, biz ölçmə alətlərimizi hazırlamalıyıq. Çünki əsas məqsəd sertifikasiyaya hazırlıqdır. Məktəb prosesindəki sertifikatlaşma prosesi daim artır və davam edəcək. Biz bağçaları da buraya qoşmaq istəyirik. Ümumilikdə, kifayət qədər qənaətbəxş nəticə göstərmiş, həm də təkmilləşməyə ehtiyacı olan tərbiyəçilər bağçalarda işləyirlər. Görüləcək işlərin həcmi kifayət qədər çoxdur. Bir sistemi sertifikatlaşdırmadan keçirməzdən öncə ona təlimlər də verilməlidir. Bu bizim əsas məntiqimiz olub. Buna görə də müəyyən təlim paketləri hazırlanır”.

Nazir həmçinin bildirib ki, bağça çox spesifik müəssisədir: “Burada təhsil və qayğı məsələsi bir yerdədir. Tərbiyəçilər daha çox təhsil komponentindədirlər. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, bağçaların qayğı müəssisəsi olmaqla yanaşı, həm də təhsil müəssisəsi olduğunu unutmayaq”.

Bəs bu iki fəaliyyəti (təhsil və qayğı) optimal şəkildə necə birləşdirməli? Ekspertlər nazirin fikirlərini, gözləntilərini bölüşürmü?

İdeya

Rövşən Nəcəfov 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bağçalar və məktəbəqədər təhsil müəssisələri uşaqların sağlam düşüncədə formalaşmasında instinad nöqtəsidir: “Rəqəmsal dövrdə böyüyən uşaqları gələcəyə hazırlamaq üçün məsuliyyət anlayışı meyar olaraq götürülməlidir. Təhsil və qayğı məsuliyyətin əyani göstəricisidir. Başqalarının övladlarına da öz övladımız kimi baxmalıyıq. Uşaqların ailədə və iştirakçı olduğu digər mühitlərdə sağlam düşüncədə yetişməsinə dəstək olmaq lazımdır. Bağçalarda və məktəbəqədər təhsil müəssisələrində psixoloqların fəaliyyəti diqqətdə saxlanılmalıdır. Psixoloqların fəaliyyətləri genişləndirilməlidir. Psixoloqların peşəkar fəaliyyəti uşaqların təhsil və qayğısını nizamlayır. Uşaqlarla həm fərdi, həm də qrup halında psixoloji iş aparılmalıdır. Bağçalarda və məktəbəqədər təhsil müəssisələrində çalışan psixoloqların diplomları yoxlanılmalıdır. Daha sonra psixoloqların işə faydalılıq əmsalının ölçülməsi üçün addımlar atılmalıdır. Uşaqları sağlam düşüncədə inkişaf etdirmək istəyiriksə, onlara qarşı biganə qalmamalıyıq”.

Psixoterapevt əlavə edib ki, özəl bağça və məktəbəqədər təhsil müəssisələrini peşəkar müstəvidə sorğulamaq lazımdır: “Ödənişli əsaslarla xidmət göstərənlər qanun və hüquq çərçivələrini unutmamalıdırlar. Psixoloji fəaliyyətlərin qiymətləndirilməsində meyarlar hazırlanmalıdır. Yaxşı təhsil yaxşı insan yetişdirmir. Sağlam təhsil yaxşı insan yetişdirir. Yaxşı və sağlam arasındakı düşüncə dəyişməlidir. Yaxşının nə olduğunu hər kəs bilir. Sağlam düşüncədə olmaq məsuliyyət və vicdan tələb edir. Sağlam düşüncə yaxşı insan yetişdirir. Yaxşı təhsil sağlam düşüncədə insan yetişdirmir. Sağlam təhsil vermək üçün istər dövlət, istər özəl uşaq müəssisələri rüblük və illik psixoloji mühitin dəyərləndirilməsini aparmalıdırlar. Heç kimin pulu və ”daydayısı" qanundan artıq deyil. Qanun mədəniyyəti formalaşdırmalıdır, mədəniyyət qanunu yox. Hüquqi düşüncənin yaratdığı mühit sağlamdır. Mədəniyyətin təməli ədalətli olmaqdır. Özgə uşağı olmur. Gələcəyə sağlam düşüncəni aparmalıyıq. Real və virtual həyatda uşaqların psixi sağlamlığını pozmağa haqqımız yoxdur. Uşaqların psixi sağlamlığını qorumaq üçün uşaqların yaşlarına uyğun şəxsiyyət olaraq yanaşmalıyıq".

Diplom

Malvina Amirova 

Ağ Partiyanın Mərkəzi Aparatının üzvü, mütəxəssis Malvina Amirova da bizimlə söhbətdə qeyd edib ki, Emin Əmrullayevin  “Bağça uşağı qoyub getmək üçün yer deyil,  orada uşağa aşağı yaşdan təhsil verilməlidir” fikri təhsil və qayğı məsələlərinin birləşdirilməsi baxımından vacib məqamları gündəmə gətirir: “Onun bu bəyanatı erkən yaşda uşaqlara sadəcə nəzarət edilməyib,  təhsil verilməsinin əhəmiyyətini vurğulasa da, burada balansın qorunması önəmlidir.  Uşaqlara həm təhsil vermək,  həm də onların oyun və uşaqlıq hüquqlarını təmin etmək vacibdir. Bəzi bağçalarda təhsil proqramlarının çox ağır olması nəticəsində uşaqlar məktəbə gedəndə artıq həmin mövzuları bildiklərini düşünür və bu da onların marağını azaldır. Onlar deyirlər ki,  ”biz bunu bağçada keçmişik"  və bu, 4-cü sinfə qədər davam edir. Bu, uşaqlarda tədrisə həvəsin azalmasına səbəb ola bilər. Hətta bəzi hallarda uşaqlar məktəbə ya da bağçaya həvəssiz gəlirlər. Belə bir yanaşma uşaqların erkən yaşlardan öyrənmə prosesinə qarşı maraqlarını itirməsinə gətirib çıxarır ki, bu da onların gələcək təhsil motivasiyasına mənfi təsir göstərir.

Mən Emin Əmrullayevin fikrini tam bölüşməsəm də, müəyyən dərəcədə razıyam. Bağçalar yalnız valideynlərin uşaqları işə gedərkən qoyub gedəcəkləri məkan deyil, lakin təhsil müəssisəsi də deyil. 1,5 - 5 yaşlı uşaqlar hələ oyun oynayaraq öyrənməli, sosial bacarıqlar inkişaf etdirməli və yaradıcılıqlarını sərbəst ifadə etməlidirlər. Təəssüf ki, bəzi bağçalarda təhsil proqramı uşaqları həddindən artıq yükləyir və onların oynamaq üçün kifayət qədər vaxtı qalmır. Bu, onların təhsilinə müsbət təsir göstərmək əvəzinə, uşaqlıq dövrlərini məhdudlaşdıra bilər.

Fikrimcə, erkən yaşlarda təhsilin miqdarı və forması diqqətlə müəyyən edilməlidir. Bağça həm təhsil, həm də qayğı ilə balanslaşdırılmış bir mühit olmalıdır. Təhsil proqramı uşaqların yaşına uyğun şəkildə təşkil edilməli, onlara həm öyrənmək, həm də uşaq olduqlarını hiss etmək üçün kifayət qədər imkan yaradılmalıdır".

Kamran

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Elm və təhsil naziri Emin Əmrullayevin bağçaların təhsil və qayğı müəssisəsi kimi fəaliyyət göstərməsi ilə bağlı fikirləri, Azərbaycanda məktəbəqədər təhsilin və uşaqlara qayğının harmonik şəkildə inteqrasiya edilməsinin zəruriliyini önə çıxarır. Bu yanaşma dünya təcrübəsində geniş tətbiq olunan və uşaq inkişafını hərtərəfli təmin edən metodologiyalara əsaslanır. Bağçalar yalnız uşaqların təhlükəsiz bir mühitdə saxlandığı yerlər olmaqla kifayətlənmir, həm də onların erkən yaş təhsili və sosial emosional inkişafının təməlini təşkil edir.

Azərbaycanda məktəbəqədər təhsilin inkişafında çətinliklərdən biri, bu sahənin uzun illər boyunca qayğı mərkəzi kimi qəbul olunmasıdır. Valideynlər çox vaxt bağçaları yalnız uşaq baxım mərkəzi kimi dəyərləndirir, beləliklə təhsil komponenti kölgədə qalır. Halbuki, tədqiqatlar göstərir ki, erkən yaşlarda uşaqların beyin inkişafı sürətlə gedir və bu dövrdə alınan təhsil onların gələcək öyrənmə qabiliyyətini birbaşa təsir edir. UNESCO və UNICEF kimi beynəlxalq təşkilatlar da məktəbəqədər təhsilin təməlində təhsilin və qayğının bərabər şəkildə mövcudluğunu vurğulayır. Bu yanaşma, uşaqların həm akademik, həm də sosial və emosional bacarıqlarını inkişaf etdirməyə yönəlmişdir.

Bağçaların sertifikatlaşdırılması istiqamətində atılan addımlar təqdirəlayiqdir, çünki bu proses keyfiyyətli təhsil və qayğı xidmətlərinin təminatında əsas rol oynaya bilər. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin böyük bir hissəsi dövlətin nəzarəti altındadır və onların fəaliyyət keyfiyyəti, təhsilin effektivliyi və təhlükəsizlik standartları ilə bağlı çox ciddi tənzimləmələr tələb edir. Ölkəmizdə məktəbəqədər təhsildə yüksək standartların tətbiqi bağçaların səmərəliliyini artıracaq, burada çalışan kadrların isə peşəkar səviyyəsinin yüksəlməsinə təkan verəcək. Təhsil Nazirliyinin bağçalara təlim paketləri hazırlaması, tərbiyəçilərin sertifikasiyadan keçməsi, tədris və tərbiyə metodlarının yenilənməsi, uşaqların inkişafına kömək edən müasir, elmi əsaslı metodologiyaların tətbiqinə zəmin yaradacaq".

Dünya təcrübəsindən misal çəkən ekspert qeyd edib ki, Finlandiya, İsveç və Sinqapur kimi ölkələrdə məktəbəqədər təhsil təkcə təhsilə yönəlmir, həm də uşaqlara psixoloji dəstək və sosial bacarıqların inkişafı üçün müxtəlif proqramlar tətbiq edir: “Məsələn, Finlandiyada bağçalar, uşaqların təbiətə çıxması, rəsm çəkməsi, sosial bacarıqlarını inkişaf etdirməsi üçün xüsusi təlim metodlarına yer verir. İsveçdə isə uşaq bağçaları əsasən uşaq inkişafının bütün aspektlərini əhatə edən vahid mühitdə fəaliyyət göstərir. Bu ölkələrdə bağça müəllimləri ciddi təlimlərdən və kvalifikasiya proseslərindən keçərək uşaqlarla iş bacarıqlarını artırır, onların xüsusi ehtiyaclarını qarşılamağa hazır olurlar. Azərbaycanda bu kimi təcrübələrin tətbiqi və xüsusilə bağçaların sertifikatlaşdırılması prosesi, təhsil və qayğı xidmətlərinin keyfiyyətini artırmaq üçün effektiv vasitə ola bilər.

Statistik göstəricilər baxımından, Azərbaycanda məktəbəqədər təhsil alan uşaqların nisbəti hələ də aşağı səviyyədədir. Rəsmi məlumatlara əsasən, məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı təxminən 20-30 faiz arasında dəyişir ki, bu da beynəlxalq standartlarla müqayisədə aşağı bir rəqəmdir. UNICEF-in 2019-cu il hesabatına görə, dünya üzrə 5 yaşına qədər olan uşaqların 45%-i məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. Bu nisbət inkişaf etmiş ölkələrdə daha yüksəkdir; məsələn, Yaponiya və Norveçdə məktəbəqədər təhsil alma səviyyəsi 90%-ə qədər yüksəlmişdir. Azərbaycanda məktəbəqədər təhsilin inkişaf etdirilməsi üçün, həm valideynlərin maarifləndirilməsi, həm də təhsil müəssisələrinin struktur və metodik baxımdan yenilənməsi tələb olunur".

Əsədov əlavə edib ki, bağçaların qayğı mərkəzi olmaqla yanaşı, həm də təhsil müəssisəsi funksiyasını yerinə yetirməsi, gələcək nəsillərin daha hazırlıqlı və bilikli olmasını təmin edəcək: “Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlərin davamlı olması, sertifikatlaşdırma və təlimlərin müntəzəm şəkildə həyata keçirilməsi, bağçalarda təhsil və qayğı xidmətlərinin effektivliyini artıracaq. Azərbaycanda bağçaların inkişafında əldə olunacaq nəticələr, gələcəkdə məktəb təhsili üçün də keyfiyyətli təməl yaradacaq, uşaqların erkən yaşlarından sosial bacarıqlarının və təhsil qabiliyyətlərinin inkişafına dəstək olacaqdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

 

 

Seçilən
36
50
musavat.com

10Mənbələr