AZ

"Avropa Parlamentinin qərəzli “qətnamə”si Azərbaycanı heç də təəccübləndirmədi"

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi heç bir fakta əsaslanmayan, tamamilə yalan və riyakarlıq kontekstində hazırlanmış bir mətn, yaxud da söz yığınıdır. Azərbaycan əlehinə növbəti dəfə qətnamə qəbul etməsi bu qurumun erməni lobbisinin əlaltısına çevrildiyinin bir daha təsdiqi oldu. Bu qərəzli “qətnamə” Azərbaycanı heç də təəccübləndirmədi. Ona görə ki, ötən dövr ərzində biz Avropa Parlamentinin riyakar, ikili standartlardan ibarət və islamafob, Azərbaycanafob yanaşmasından başqa bir münaisbət görməmişik. Bu qətnamə də bu zəncirə daha bir halqa əlavə etdi. Şübhəsiz ki, bu da Azərbaycan üçün digər kağız parçalarından heç də fərqlənməməklə yanaşı, beynalxalq münasibətlər sistemində də heç bir hüquqi, siyasi əhəmiyyət daşımır.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, bu olduqca mənasız bəyanatdır və bu bəyanatın da heç bir müddəasının hüquqi zəmini yoxdur. Sırf siyasi, məqsədyönlü şəkildə qəbul olunan qərardır. Ona görə də Azərbaycan hər hansı bir şəkildə bu kağız parçasını qəbul etmir və burada da hər hansı bir Azərbaycana öhdəlik yaradan məqam ola bilməz. Ona görə biz bunu qətiyyətlə pisləyirik və Avropa İttifaqının bu qədər səviyyəsiz bir vəziyyətə gəlib düşməsinə acıyırıq. Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə 30 il davam edən  riyakar siyasətinə sadiq olduğunu nümayiş etdirdi.  Xüsusilə, qətnamədə Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı "etnik təmizləmə" iddialarının irəli sürülməsi tarixi və hüquqi həqiqətlərin təhrif olunmasıdır. Qarabağ həmişə Azərbaycan ərazisi olub və bu, BMT və digər beynəlxalq qurumlar tərəfindən dəfələrlə öz təsdiqini tapıb. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq bərpa etmişdir. Qarabağda yaşayan ermənilərə qarşı heç bir zorakılıq törədilməmiş, əksinə, mülki əhali üçün təhlükəsiz çıxış təmin edilmişdir. Qondarma "etnik təmizləmə" ittihamları isə sadəcə erməni lobbisinin yalanlarından biridir və bunu hamı bilməlidir. Etnik təmizləmədən danışanda Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi əsl etnik təmizləmə haqqında danışmaq lazımdır. XIX və XX əsrlərdə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından – indiki Ermənistan ərazisindən qovulub.  AP-nin bu münasibəti bir daha göstərdi ki, onlar üçün regionda baş verən reallıqların heç bir əhəmiyyəti yoxdur. Təbii ki, əhəmiyyəti olsa idi, 1988-1993-cü illərdə öz ata-baba yurdlarından etnik təmizləməyə məruz qalmış 950 min azərbaycanlının taleyi haqqında düşünər və indi bizə qarşı yönəltdikləri əsassız iddiaları onda da erməni vandallarına, faşistlərinə əsaslı şəkildə yönəldərdilər. Yəqin ki, indi olduğu kimi o zaman  da erməni lobbisindən aldıqları milyonların yaratdığı reallıq bir xalqın taleyindən daha önəmli  idi.

Millət vəkili qeyd edib ki, oktyabrın 22-də aparılan müzakirələr zamanı da Avropa Parlamentinin deputatları Azərbaycanda guya fundamental insan hüquqlarının pozulduğunu və qanunun aliliyinin təmin olunmadığını iddia ediblər. Görünən odur ki, Avropa Parlamentinin üzvləri COP29-un Bakıda keçirilməsinə qısqanclıqla yanaşır. Əgər belə olmasaydı, onlar “insan hüquqlarının pozulması şəraitində ekoloji problemlərin qorunmasının baş verə bilməyəcəyini” iddia etməzdilər. Hətta avroparlamentarilər daha “irəli gedərək” Avropa İttifaqını Azərbaycanla qaz sazişinə xitam verməyə çağırıb, bəziləri Bakıda keçiriləcək COP29 konfransını boykot etməkdən danışıb və Qarabağ ermənilərinin öz evlərinə qaytarılmasını “tələb” ediblər. Bütün bunlar “qətnamə”nin mətninin nə qədər reallıqdan uzaq olduğunu göstərir. Ona görə ki, bu gün Azərbaycan və Avropa İttiffaqı arasında enerji təhlükəsizliyi və qaz təchizatı məsələsində uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Eləcə də, Cənub Qaz Dəhlizinin həcminin genişləndirilməsi ilə bağlı da memarandum imzalanmışdır.

Bütün bunlara baxmayaraq, AP-nin qərəzli yanaşmasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Reallıq ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bütün bunlar bir daha onu deməyə əsas  ki, Avropa Parlamentini beynəlxalq hüquq, sülh maraqlandırmır. Bu qurumun destruktiv yanaşması bir daha onu göstərdi ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi onlar üçün heç bir əhəmiyyət kəsb etmir və maraq dairələrində də deyil. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

Seçilən
9
50
azerforum.com

10Mənbələr