AZ

13 ölkənin səyyahları AĞDAMDA - FOTO

Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Şuşadan sonra Ağdama gəliblər.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, həmçinin şəhər işğaldan azad olunduqdan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn səyyahlara burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilən dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib. Qeyd olunub ki, Ağdam şəhərini yerlə-yeksan edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb.

Xarici səyyahlar sonra Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub.
 

Daha sonra səyyahlar Ağdam İmarət Kompleksinə gəliblər. Onlara məlumat verilib ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğalda olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət Kompleksində yerləşib. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb.


Qeyd edilib ki, işğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar nümayiş olunur.

Xarici səyyahlara Ağdamda həyata keçirilən bərpa-tikinti işləri barədə də məlumat verilib. Bildirilib ki, Ağdam şəhər mərkəzi ilə bərabər ətraf bir neçə kəndə də yenidən qurma işləri görülür və yaxın gəlcəkdə keçmiş məcburi köçkünlərun Ağdama da qayıdışı təmin olunacaq.

Qeyd edək ki, Bu gündən Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
18
4
bizim.media

10Mənbələr