ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) astronavtlarından biri Beynəlxalq Kosmik Stansiyadan (BKS) "Crew Dragon-8" ekipajı ilə birlikdə qayıtdıqdan sonra halı pisləşib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə NASA-nın Mətbuat Xidməti məlumat yayıb.
Astronavtlardan kimin vəziyyətinin pisləşdiyi dəqiqləşdirilmir. Sadəcə, bildirilib ki, astronavt həkimlərin nəzarəti altındadır, vəziyyəti stabilləşib.
Heyətin digər üç üzvü müayinə edildikdən sonra Hyustondakı Conson Kosmik Mərkəzinə yola salınıb.
"Crew Dragon-8" ekipajına amerikalı astronavtlar Metyu Dominik, Maykl Barratt və Cannet Epps, həmçinin "Roskosmos"un kosmonavtı Aleksandr Qrebenkin daxil idilər. Onların BKS-dəki missiyası yeddi ay davam edib.
Ekipajın Yerə qayıtması səkkiz dəfə təxirə salınıb. İlkin olaraq, onların gəmisi BKS-dən oktyabrın 8-də ayrılmalı idi, lakin Meksika körfəzi bölgəsindəki qasırğalar səbəbindən prosedur təxirə salınıb.