AZ

Gürcüstan seçkiləri: sülh və inkişaf seçildi

Gürcüstanda keçirilən parlament seçkiləri bu ölkənin gələcəyi üçün həlledici anlardan biri oldu. Seçim yalnız daxili siyasi qüvvələrin deyil, həm də regional və qlobal qüvvələrin qarşı-qarşıya gəldiyi bir mərhələ idi. Gürcü xalqının öz iradəsini ortaya qoyduğu bu seçkilər, bölgədəki sülh və sabitlik üçün vacib bir addım olmaqla yanaşı, Qərbin Gürcüstana və geniş anlamda Cənubi Qafqaza olan təsirini yenidən qiymətləndirməsinə səbəb oldu.

Parlament seçkiləri əsnasında baş verən hadisələr Gürcüstanın daxili siyasi balansının necə dəyişəcəyini və ölkədə potensial etiraz dalğalarının yaranma ehtimalını göstərdi. Gürcüstanın siyasi səhnəsi və bu seçkilər ətrafında baş verən hadisələr, regionun gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Gürcüstan prezidenti Salome Zurabişvili seçki günü gərginliklərin qarşısını almağa çalışdığını iddia etsə də, əməlləri onun dediklərini tam əksini göstərdi.

Baş nazir İrakli Kobaxidze prezidentin bu sahədə heç bir səlahiyyəti olmadığını açıq şəkildə bildirdi. Bununla belə, seçkilərdən əvvəl xüsusi təhlükəsizlik tədbirləri görüldü və paytaxtda polis qüvvələri gücləndirildi.

Bu seçkilərdə jurnalistlərin iştirakı xüsusilə nəzərə çarpırdı. Lakin bununla yanaşı təşkilati məsələlərdə ciddi problemlər də özünü göstərdi. Gürcüstanın qeyri-rəsmi lideri, "Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişvili səs verməyə gələndə yaşanan izdiham, onun çıxışını müşayiət edən jurnalistlər arasında yaranan həddindən artıq maraq və sıxlıq, seçki prosesinin nə dərəcədə hərarətli olduğunu göstərirdi.

Seçkilərdə elektron səsvermə sisteminin tətbiqi kimi texnoloji yeniliklər də diqqəti çəkdi. Bu sistem saxtakarlığın qarşısını almaq məqsədi daşısa da, prosesin gedişi və nəticələri ilə bağlı ciddi suallar yaranmağa başladı. Bu isə təkcə daxili deyil, həm də xarici siyasət müstəvisində Gürcüstanın qarşılaşdığı problemlərlə bağlıdır.

Seçkilərin xarici müstəvisinə gəldikdə isə, bu il Gürcüstanın Qərblə olan münasibətlərində böyük gərginliklər müşahidə olundu. Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə əlaqələri hakim partiyanın qəbul etdiyi "Xarici təsirin şəffaflığı" haqqında qanun səbəbindən ciddi şəkildə pozuldu. Bu qanuna əsasən, əgər hər hansı bir QHT və ya KİV öz gəlirlərinin 20%-dən çoxunu xaricdən alırsa, onlar "xarici agent" kimi tanınacaqlar. Gürcüstan prezidenti Salome Zurabişvili, bu qanuna veto qoymağa çalışsa da, partiyanın qərarı onun səylərini boşa çıxardı. Qərb bu qanunu avrointeqrasiya yolunda əngəl kimi gördü və Avropa İttifaqı Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları dayandırdı.

Hakim partiya bu addımları Gürcüstanın maraqlarına uyğun hesab edir və Qərb dövlətlərinin ölkəni Rusiyaya qarşı ikinci cəbhəyə çevirmək istədiklərini bildirir. Gürcüstanın Rusiyadan iqtisadi asılılığı bu ölkənin xarici siyasətində balansın saxlanılmasının əsas səbəblərindən biridir. İqtisadi sahədə Rusiyanın təsirini nəzərə almadan, Gürcüstanın ciddi iqtisadi çətinliklərlə üzləşə biləcəyi barədə hakim partiya dəfələrlə xəbərdarlıq edib. Müxalifət isə bu qanunun qəbulunun ölkənin avrointeqrasiya prosesinə böyük zərbə vuracağını və Gürcüstanın Qərbdən uzaqlaşmasına gətirib çıxaracağını iddia edir.

"Gürcü Arzusu"nun tərəfdarları seçkilərdə qalib gəldikləri təqdirdə ölkədə sabitliyin qorunacağını və müharibə riskinin olmayacağını vəd edirdilər. Bununla belə, müxalifət partiyaları, xüsusilə Qərbpərəst qüvvələr, Gürcüstanın bu seçkilərdə Avropa ilə Rusiya arasında seçim etməli olduğunu bildirirdilər. Seçkilərin nəticələri ölkədə böyük bir siyasi böhranın başlanğıcı ola bilər, çünki müxalifət artıq hakim partiyanın seçki nəticələrini saxtalaşdıracağını iddia edir.

Müxalifət liderlərinin və onların Qərbdəki tərəfdarlarının Gürcüstanda yeni bir inqilab cəhdinə hazırlıq gördüyü ehtimalları da mövcuddur. Bu narahatlıqlar, xüsusilə Avropa İttifaqının və ABŞ-ın Gürcüstandakı seçkilərə diqqətini artırması ilə bağlıdır. Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell seçkiləri Gürcüstan üçün demokratik gələcəyin sınağı kimi dəyərləndirib və Qərbin Gürcüstanın daxili siyasətində böyük rol oynadığını bir daha vurğulayıb. ABŞ tərəfdən isə, Gürcüstanın siyasi həyatına müdaxilə cəhdləri barədə məlumatlar yayılır, xüsusən də Dövlət Departamentinin Gürcüstan seçkilərinə təsir etmək üçün yeni metodlar axtardığı bildirilir.

Bütün bunlar göstərir ki, Gürcüstanın siyasi gələcəyi qeyri-müəyyəndir və ölkə həm daxili, həm də xarici təzyiqlərlə üzləşir. Seçkilərin nəticələri Gürcüstanın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək: sabitlik və ya yenidən gərginlik və inqilabi proseslər. Gürcüstanın siyasi elitası və onun xarici müttəfiqləri arasında yaranan fikir ayrılıqları, ölkənin gələcəyinə dair ciddi narahatlıqlar doğurur. Gürcüstanın daxili sabitliyi, seçkilərin nəticələrinin nə qədər qəbul olunacağından və xarici təsirlərin necə dəyərləndiriləcəyindən asılı olacaq.

Bu arada MDB-nin baş katibi Sergey Lebedev bəyan edib ki, Gürcüstanda keçirilən seçkilərin nəticələri seçicilərin müstəqil kursun və qonşularla əməkdaşlığın əhəmiyyətini başa düşdüyünü göstərir.

"Nəticə özü-özünə aydın olur, bu, məntiqlidir: insanlar Gürcüstan xalqı üçün müstəqil kursun qorunmasının vacibliyini anlayırlar, bu kurs isə xalqın maraqlarına cavab verir," — deyə o vurğulayıb.

O əlavə edib ki, qonşular və Cənubi Qafqaz regionu, eləcə də Rusiya ilə əməkdaşlığın Gürcüstan xalqının maraqlarına cavab verdiyinə heç bir şübhə ola bilməz.

Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə bəyan edib ki, Gürcüstan vətəndaşları xarici müdaxilə cəhdlərinə baxmayaraq, keçirilmiş parlament seçkilərində öz iradələrini açıq şəkildə ifadə ediblər. O, Macarıstanın, həm Avropa İttifaqına sədrliyi müddətində, həm də ondan sonra Gürcüstanın Avropa inteqrasiyasını dəstəkləməyə davam edəcəyini vurğulayıb.

“Xarici müdaxilə cəhdlərinə baxmayaraq, Gürcüstan xalqı nə istədiyini açıq şəkildə göstərdi. Ailəni dəstəkləyən və vətənpərvər olan hakim partiya seçkilərdə böyük üstünlüklə qalib gəldi. Bravo, təbrik edirik!” — cənab Siyyarto sosial şəbəkədə yazıb.

Gürcüstanda "Dəyişikliklər uğrunda Koalisiya" və Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası parlament seçkilərinin rəsmi nəticələrini tanımaqdan imtina etdi. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, milyarder Bidzina İvanişvilinin 2012-ci ildən hakimiyyətdə olan "Gürcü Arzusu" partiyası qalib gəlib. Müxalifət etiraz aksiyaları keçirməyi planlaşdırır.

Seçilən
5
50
publika.az

10Mənbələr