AZ

Xəstəxanalara axın çoxdur - 62 milyon tibbi xidmət


2024-cü ilin ilk 9 ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 62 milyona yaxın tibbi xidmət göstərilib.

"Medicina" xəbər verir ki, bunu TƏBİB İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.


O bildirib ki, tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.

Rəqəm nə dərəcədə ağlabatan görünməsə də, əslində xəstəxanaya nə vaxt getsək uzun sıranı, insanların sıx olduğunu görürük.

Belə çıxır ki, sağlamlıqda olan problemlərdən dolayı xəstələrin sayı çoxalıb?

Radioloq, tibb eksperti Aydın Əliyev Bizim.media-ya müraciətlərin çox olmasının arxasında gizlənən səbəblərdən danışıb.

"Rəqəmlərin çox olmasının səbəbi bir insanın bir neçə dəfə xəstəxanaya müraciət etməsi ola bilər. Amma hər bir halda müraciətlərin çox olması səhiyyənin mövcud durumunun ürəkaçan olmadığını göstərir. Nə qədər müraciətlər çox olursa, demək problemlər də çoxdur. Əgər bir insan bir neçə dəfə xəstəxanaya müraciət edirsə, ya şikayəti həllini tapmır, ya da xəstəxana, həkim lazımi müayinəni apara bilmir deyə başqa həkimlərə, xəstəxanalara müraciət etməli olurlar".

Bəs insanlar xəstəxanalara daha çox hansı səbəblərdən dolayı müraciət edirlər?

"Əlimizdə rəsmi statistika olmadığı halda insanların daha çox hansı səbəblərdən xəstəxanalara müraciət etdiyini bilmirik. Amma bu, önəmli faktdır. Ona görə də, insanların sağlamlığını özündə ehtiva edən bu cür məlumatların statistikası ictimaiyyətə açıq olmalıdır. Açıq olmadığı təqdirdə problem həll edilə bilməz", - deyə Aydın Əliyev bildirib.
Seçilən
11
3
medicina.az

4Mənbələr