Son vaxtlar valideynlərin həkimlərə övladları ilə münasibətləri barədə müraciətlər çoxalıb.
Bunlar arasında uşaqların dərsi qavraya bilməməsi, həmçinin valideynlə uşaq arasında dərs öyrənmə prosesində problemlər yaranması kimi məsələlər də var.
Nəticədə, valideynlə övlad arasında, eyni zamanda müəllimlə şagird arasında konflikt yaranır. Eyni problem bağçalarda da mövcuddur.
Ölkə.az xəbər verir ki, bu məsələ ilə əlaqədar doktor psixiatr Aytən Namazova ilə danışdıq. Həkim BAKU.WS-ə açıqlamasında bunun səbəbini belə açıqlayıb:
"Altda yatan hansısa neyropsixiotik pozuntu ola bilər. Burada əsas 3 qrup xəstəliyi qeyd etmək istəyərdim.
Birinci qrupda diqqət əksikliyi və hiperaktiv pozuntu olan uşaqlar bətndaxili dövrdə həddən artıq dərəcədə hərəkətli olur və hətta ana bundan narahat olur, həkimə şikayət edir.
Uşaq doğulub, müəyyən inkişaf etdiyi etapda gəzməyə başlayır. Bu zaman uşaq valideynin əlindən qaçır, özünü maşının üstünə atır.
Bu xüsusiyyət özünü daha çox hərəkətlə ifadə edir. İrəliləyən mərhələdə uşaq məktəbə gedir. Tədris illərində uşaq diqqətini dərsə yönəldə bilmir.
Gözü müəllimə baxır, lakin fikri başqa yerdə olur. Müəllim sual verdikdə onu dinləmədən cavab verir. Bunlar diqqət əksikliyidir.
Hiperaktivlik pozuntu zamanı isə uşaq həddən artıq dərəcədə hərəkətli olur. Dərs prosesini pozur. Digər uşaqlarla yola getmir, qeyri-etik ifadələr işlədir.
Bəzən bu özünü impulsivliklə ifadə edir. Yəni hansısa hərəkəti edir, yaxud qeyri-etik ifadə işlədir və sonradan onun peşmanlığını çəkir.
Əgər 12 yaşına qədər diaqnoz qoyulursa, bu, diqqət əksikliyi və hiperaktiv puzuntu deməkdir. Əgər 12 yaşından böyükdürsa, bu zaman digər pozuntularla ifadə edilə bilər.
Bu, vaxtında müalicə olunmazsa, həmin uşaqlar gələcəkdə maddə asılılığına, alkoqol istifadəsinə və cinayətə meyilli olurlar. Hətta onlar ən qatı cinayətkara belə çevrilə bilərlər", - deyə Aytən Namazova bildirib.
Həkim deyir ki, ikinci qrup isə autistik spektr pozuntusudur:
"Günümüzdə ən geniş yayılmış autistik pozuntudur. Autizmli uşaqlar digərlərinə nisbətən dərslərdə və bacarıqlarında ləngimiş ola bilirlər.
Belə uşaqlar digərlərindən fərqli olaraq qavramaq problemləri yaşayırlar. Burada söhbət yüngül dərəcəli autizmdən gedir. Uşaq dərsi doğru-dürüst qavraya bilmir.
Əgər bu, yüngül dərəcədədirsə, digər uşaqlardan az fərqlənir. Əgər orta və ağır autizmli uşaqdırsa, bu zaman normal uşaqlarla birgə təhsil almaqda çətinlik çəkirlər".
Aytən Namazova deyir ki, üçüncü qrup isə əqli gerilik və inkişaf ləngiməsi olan uşaqlardır:
"Bunlar da yüngül, orta, ağır və çox ağır formalarda olur. Əqli gerilik və inkişaf ləngiməsi yüngül formada olan uşaqlar məktəbdə dərslərdə çətinlik çəkirlər. Hətta gələcəkdə psixoloji dəstək alsalar belə, öz yaşıdlarından geridə qalırlar.
Orta əqli gerilik və inkişaf ləngiməsi olanlar isə ancaq 11-ci sinif təfəkkürü formalaşa bilir.
Ağır dərəcəli əqli gerilik və inkişaf ləngiməsi müşahidə olunan uşaqlarda nitq ümumiyyətlə olmur. Çox ağır xəstələrdə isə hərəkət məhdudluğu və danışa bilməmək problemi olur".
Həkim deyir ki, bu problemli uşaqlar müalicə düzgün aparılmadıqda normal şəxsiyyət kimi formalaşa bilmir və hətta gələcəkdə qatı cinayətkar bel əoal bilərlər:
"El arasında belə fikirlər yayılıb: fikri havalardadır, böyüsün oxuyacaq. Təəssüf ki, valideynlər bununla bağlı həkimə müraciət etmək əvəzinə uşağa təzyiq edirlər.
Həmin valideynlər övladlarının xəstə olduğunu anlamırlar. Bu tip uşaqlarda özgüvənsizlik yaranır, onlar şəxsiyyət kimi formalaşa bilmirlər. Bu zaman uşaq özünü təsdiqləmək üçün zərərli vərdişlərə yönələ bilər.
Həmin uşaqlar böyüdükcə narkotik maddələrdən istifadəyə meyil edə bilərlər. İnternetdən və telefondan asılılıq yaranır. Depressiyaya düşürlər.
Depresiyadan çıxmaq və başlarını başqa şeylərlə qatmaq üçün zərərli, asılılıq yaradan vərdişlərə yiyələnirlər. Zərərli oyunlara qurşanırlar. Bu tip insanlarda davranış və şəxsiyyət poztuntusu yaranır. Belə uşaqlar gələcəkdə cinayətkara da çevrilə bilərlər".
Aytən Namazova deyir ki, valideynlərə bu məsələdə xüsusi tövsiyə edir:
"Tövsiyyə olaraq bildirmək istərdim ki, əziz valideynlər, uşağınızda belə hallar aşkarlanırsa, mütləq həkimə, psixiatra vaxtında müraciət edəsiniz.
Həmin uşaqları birinci növbədə telefondan uzaq tutmaq lazımdır. Telefondakı oyunda baş verənlər uşaqlara birbaşa təsir göstərir. Uşaqlar vaxtında yatıb, vaxtında oyanmalıdırlar. Normal yuxu saatı axşam saat 10-dan səhər saat 7-dəkdir.
Həmçinin uşaqlara məhdudiyyət qoyulmalıdır. Bu cür aktiv uşaqları idmana, oyunlara və müxtəlif fiziki hərəkətli yarışlara yönəltmək tövsiyə edilir".