Məktəbdənkənar təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması, peşəkar kadrların işə cəlb edilməsi vacib amillərdən biridir.
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı deyib.
O bildirib ki, MÜTDA tərəfindən “Məktəbdənkənar təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” hazırlanıb:
"İşə qəbul müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada iki mərhələ - test imtahanı və müsahibə üzrə keçiriləcək. Vakant yerlər və tarixlər ictimaiyyətə elan ediləcək. Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi də qarşıda duran hədəflər sırasındadır. Məqsəd məşqçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsidir. Bununla bağlı normativ sənədlər, qanunvericilik aktları təhlil olunub, ümumi təhsil müəssisələrində aparılan diaqnostik qiymətləndirmə təcrübəsi əsas götürülərək ümumi yanaşma əks olunub və MÜTDA tərəfindən çərçivə sənədi hazırlanıb".