AZ

Gürcüstan hakimiyyətinin özünəinamı - müxalifətin dəyişməyən taktikası - ŞƏRH

Gürcüstanda müxalifət oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrindən razı deyil. Narazılıq etmək qonşu ölkədə sanki bir ənənəyə çevrilib. Təəssüf ki, bəzən bunu demokratik hadisə də sayırlar.

Bu “seçki texnologiyası”nın əsası 2003-cü ilin noyabrında qoyulub. O zaman müxalifət parlament seçkilərinin saxtalaşdırılmasına etiraz etmişdi. “Qızılgül inqilabı” nəticəsində prezident Eduard Şevardnadze istefa vermiş, müxalifət lideri Mixael Saakaşvili ölkəyə rəhbərlik etməyə başlamışdı.

2011-ci ildə Rusiyadakı biznesini sataraq Gürcüstanda “Gürcü arzusu – Demokratik Gürcüstan Partiyası” yaradan milyarder Bidzina İvanişvili Prezident Saakaşvili hakimiyyətinə qarı mübarizəyə başladı.

2012-ci il oktyabrın 1-də keçirilən parlament seçkilərində İvanişvilinin başçılıq etdiyi blok qalib gəldi. O, həmin ilin oktyabrından 2013-cü ilin oktyabrınadək baş nazir olub. Prezident seçkisində onun partiyasının namizədi Georgi Marqvelaşvili qalib gəldikdən sonra milyarder siyasətdən getdiyinin elan edib.

8d9a3ab9-3fc1-3c72-916e-41d85a59.jpg

2023-cü ilin dekabrında o, siyasətə qayıtdığını elan edib. Ötən il İvanişvili “Gürcü arzusu”nun fəxri sədri olub.

Bir sıra təhlillərə əsasən, Saakaşvilinin hələ də başçılıq etdiyi indiki müxalifət 2008-ci ilin avqust hadisələri nəticəsində hakimiyyətdən gedib. Onda rəsmi Tbilisi Cənubi Osetiya və Abxaziyanın Gürcüstana güc yolu birləşdirməyə səy göstərmişdi. Ancaq Rusiyanın ciddi müqaviməti ilə qarşılaşdığından məğlub şəkildə geri oturdu. Gürcüstanın bu iki muxtar respublikaları özlərinin “müstəqilliklərini” elan etdi. Rusiya da onları tanıdı.

Yeri gəlmişkən, 2022-ci ilin fevralında başlamış Rusiya-Ukrayna müharibəsi 2008-ci ilin avqust hadisələrini ilə oxşarlıq təşkil edir.

Eduard Şevardnadze 2012-ci ilin iyulunda Tbilisidə çıxan “Asaval dasavali” qəzetinə müsahibəsində hakimiyyəti Mixeil Saakaşviliyə təhvil verdiyi üçün ölkə vətəndaşlarından üzr və bağışlanmasını istəmişdi. Şevardnadze Saakaşvilini tənqid edərək, onun ölkə üçün həyati vacib problemləri həll etməyə qabiliyyətinin çatmadığını bildirmişdi.

fda29978-ab5b-30e1-ad15-e3605d30.jpg

2016 və 2020-ci illərin parlament seçkilərində də indikinə oxşar vəziyyət yaranmışdı. Həmin dövrdə də “Gürcü arzusu” Partiyası müxalifəti məğlub etmişdi. Siyasi kampaniyanın nəticəsinə əsasən, indiki hakim partiya parlamentdəki 150 yerdən 90-nı qazanmışdı. Müxalifət isə birlikdə 60 yer əldə etmişdi.

Həmin il həm də koronovirus pandemiyasına görə bir çox ölkələrdə karantin elan olunmuşdu. Müxalifət indiki kimi ənənəvi texnologiya ilə parlamentə getməkdən imtina etmiş, seçkilərin nəticələrini tanımadığını bildirmişdi.

Onda parlamentə getməkdən imtina edən müxalifət növbəti aksiyaları Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirdi. Ancaq uğur əldə edə bilmədi. Nəticədə yenidən parlamentə döndü və ötən illər ərzində də onun işinə fəal şəkildə qatılıb.

69317f92-b43d-3f27-b904-b0ead3b4.jpg

Oktyabrın 26-da keçirilən seçkilərdə hakim partiya və “Xalqın gücü” səslərin 53,93 faizini qazanıb, müxalifət isə birlikdə 37 faizdən bir çox səs toplayıb. Bununla da dörd əvvəl olduğu kimi “Gürcü arzusu” və “Xalqın gücü” bloku parlamentdə 90, müxalifət isə 60 yer əldə edib.

Oktyabrın 28-də Tbilisidə müxalifətin çağırışı ilə seçkilərin nəticələrinə etiraz aksiyası keçirilib. Prezident Salome Zurbabişili siyasi kampaniyanın yekunlarına etiraz edərək seçiciləri “səslərini müdafiə etməyə” çağırıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası, NATO-nun Parlament Assambleyası və Avropa Parlamentinin yaydıqları birgə yekun bəyanatda siyasi kampaniyanın yaxşı təşkil edildiyi, səs vermək üçün böyük seçim olduğu, çox sayda beynəlxalq müşahidəçinin iştirakı vurğulanıb. Bununla yanaşı bəzi qüsurlar - partiyaların maliyyələşdirilməsində tarazlığın olmaması, dövlət qulluqçuları və seçicilərin müəyyən hədə-qorxuya məruz qalma halları da qeyd edilib.

a86d4451-9199-427b-b49a-b9991a8c.jpg

Beynəlxalq müşahidəçilərin seçkilərin yekununa dair yaydığı açıqlamada deyilir: “Biz beynəlxalq normaların bütün pozuntularını pisləyir, beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı bütün pozuntular barədə məlumatların tam araşdırılması ilə bağlı çağırışlarına qoşuluruq”.

ABŞ isə Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmətlə yanaşmağa, fundamental azadlıqlara xələl gətirən qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları aradan qaldırmaq üçün birgə işləməyə çağırıb. Dövlət katibi Antoni Blinken bildirib ki, Gürcüstanın Avropa İttifaqı və Avro-Atlantik inteqrasiya məqsədləri, ölkənin Konstitusiyasında təsbit edildiyi kimi, hökumətdən vətəndaş cəmiyyəti nümayəndələrinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının əsas azadlıqlarına hörmət etməyi tələb edir”.

Gürcüstanın Baş nazir İrakli Kobaxidze və fəaliyyətdə olan parlamentin sədri Şalva Papuaşvili ATƏT/DTİHB-nin rəyinin seçkilərin legitimliyini təsdiq etdiyini bildiriblər.

Hökumət başçısı qeyd edib ki, seçkilərdə pozuntular həmişə olur. O, nəticələrin saxtalaşdırıldığını təkzib edib.

0a9f43b2-32eb-3367-91de-9393795d.jpg

Mərkəzi Seçki Komissiyasının qərarı ilə hər seçki dairəsində beş məntəqədə səsvermə bülletenlərinin yenidən sayılmasına başlanılacaq. Məntəqələr püşkatma yolu ilə müəyyənləşəcək.

Bunu hakimiyyətin gərginliyi azaltmaq və kompromis üçün ilk addımı kimi də dəyərləndirmək olar. Səslərin püşkatma yolu ilə sayılması qalib tərəfin özünə inamının göstəricisi olaraq dəyərləndirilə bilər.

Növbəti addımlar necə olacaq? Ehtimal edilir ki, müxalifətin etiraz aksiyaları təzyiqlər edilmədən əvvəlki illərdə olduğu kimi tədricən sönəcək. Gürcüstan Konstitusiyasına əsasən, parlamentin ilk iclası seçkilərdən sonra on gün ərzində keçirilməlidir. Onun açılacağı günü indiki halda Salome Zurabişvili təyin etməlidir. Baş nazir İrakli Kobaxidze bildirib ki, prezident bunu etməzsə, o zaman parlament müstəqil şəkildə toplaşacaq: “Belə şəraitdə, hətta kobud konstitusiya pozuntusu olsa belə parlamentin işini sabotaj etməyə prezidentin resursu yoxdur”.

Beynəlxalq ictimaiyyət seçkilərdən sonra rəsmi Tbilisi ilə Moskvanın münasibətlərinin perspektivindən narahatdır. Bu məsələyə Baş nazir İrakli Kobaxidze aydınlıq gətirərək bildirib ki, Gürcüstan torpaqlarını işğal etdiyi üçün Rusiya ilə diplomatik münasibətlər bərpa olunmayacaq. Hökumət başçısı Avropa İttifaqı və NATO ilə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını da vurğulamışdı.

23207ed9-4689-3c32-bd6d-9ad78cff.jpg

Hər iki istiqamətdə ümidləri doğrularsa, Qərb Tbilisi ilə əməkdaşlığını davam etdirə bilər.

Gürcüstan hakimiyyəti müxalifətin etiraz aksiyası qarışında geri çəkiləcək? Son illərin etiraz aksiyaları onu deməyə əsas verir ki, rəsmi Tbilisi aksiyalarla öz yolundan dönməyib. Bu il “xarici agentlər” haqqında qanunun qəbul edilməsinə də etiraz aksiyası keçirilmişdi. Ancaq sonda hakimiyyət irəli sürdüyü qanun layihəsinin qəbuluna nail olub. Belə şəraitdə müxalifət Gürcüstanda hərbçilərə, yaxud başqa güc strukturlarının yardımına ümid edə bilər. Çünki etiraz aksiyalarının iştirakçıları mitinqlərlə yeni seçkilərin keçirilməsi tələblərini çətin reallaşdıra bilər. Daha doğrusu bunun baş verməsi gerçəklikdən uzaqdır. Beynəlxalq ictimaiyyət seçkilərdəki pozuntuları qeyd etməklə onun legitimliyini demək olar ki, tanıyıb. Elə püşkatma yolu ilə səsvermə bülletenlərin sayılması da tərəflərə saxtakarlığın olmadığına inandırmaqdır. Ehtimal etmək olar ki, bu halda da müxalifətin iddiası doğru çıxmazsa Qərbin yeni parlament və hökumətlə əməkdaşlıq etməkdən başqa yolu olmayacaq.

Gürcüstan hakimiyyəti keçirdiyi seçkilər, ölkəyə nəzarət etmək, siyasi kampaniyanın nəticələrinə verilən qiymətlə də özünü qalib saya bilər. Müxalifət təbliğat kampaniyası, seçki texnologiyası və mübarizə taktikası ilə dəyişmədiyini bir daha sübut edib.

Elə Qərb də bu kimi məsələlərdə dəyişmədiyini göstərir. Cənubi Qafqaz uğrunda mübarizədə demokratik qüvvələri regionda marağı olan güclərə qarşı qoymaqla onları hədəfdən uzaqlaşdırır və alətə çevirir. Bununla da demokratiya bölgədə pozuculuq amili kimi görünür. Gürcüstan nümunəsində belə qənaətə gəlmək olar ki, Cənubi Qafqazda marağı olan güclərin regiona yanaşmada dəyişməsi daha aktual, vacibdir. Əks halda, bu bölgələrin cəmiyyətləri demokratik dəyərlərdən uzaqlaşa bilər.

Sədrəddin İsmayılov,
Report.az

Seçilən
96
4
musavat.com

10Mənbələr