AZ

Bu qərar sahibkarlara mənfi təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Card to card” (Kartdan karta) üsulu ilə bağlı sahibkarlara müraciət edib. 

Müraciətdə bildirilib ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Eyni zamanda POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.

“Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanunazidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. 

Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Maraqlıdır, bu qərar sahibkarlıq fəaliyyətinə yenicə başlayan şəxslərə necə təsir edəcək?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, nağdsız ödənişlərin aparılması, vergi uçotunun dəqiqləşdirilməsi baxımından yaxşı addımdır:

“Bu həm də istehlakçı üçün əlverişlidir. Məhsulun geri qaytarılması, əlavə dəyər vergisinin (ƏDV) hesablanması və sair bu kimi hallarda istehlakçıların hüquqları qorunur. Amma illik dövriyyəsi 200 min manatdan az olan sahibkarlar da POS-terminal quraşdırsalar, o zaman onların biznesi ciddi şəkildə ziyan görəcək.

Mağaza sahibləri POS-terminal əldə etmək üçün öncə bu xidməti təklif edən bank seçməlidir. Bundan sonra Şəxsiyyət vəsiqəsi, VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi), biznes qeydiyyatı sənədləri, bank hesabının məlumatları (əgər mövcuddursa) təqdim etməlidir.

Bundan sonra xidmət təklif edən bank sahibbkara müqavilə təqdim edəcək. Məhz ən böyük çətinlik də bu mərhələdə başlayır. Ölkədə POS-terminal xidməti təklif edən banklar ən az 2 illik müqavilə təklif edir. Sahibkar 6 ay, 1 il, hətta 18 aylıq ticarətlə və ya xidmətlə məşğul olmaq istəyirsə, heç bir bank ona POS-terminal xidməti ilə bağlı xidmət göstərməyəcək. Bu da sahibkar üçün ilk mərhələdəki problemlərdən biridir”. 

Eyni zamanda ekspert vergi məsələsində bir sıra vacib məqamlara da toxunub:

“Əgər sahibkar sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçibsə, o zaman gəlirdən sadələşdirilmiş vergi tutulur. Bu Bakı şəhərində gəlirin 4 %-i, digər bölgələrdə isə gəlirin 2 %-i həcmindədir.

Amma burada başqa bir məqam da var. Orta sahibkarlar üçün illik 200 min manat baryeri olmalıdır. Əgər mağaza ƏDV ödəyicisi kimi fəaliyyət göstərirsə, illik dövriyyəsi 200 000 manatdan çox olanlar üçün məcburidir. Hər satışda 18 % ƏDV və gəlir vergisi və ya mənfəət vergisi, yəni müəssisənin xalis mənfəətindən 20 %-i vergi olaraq ödənilməlidir.

Əlavə olaraq, mağaza işçi çalışdırırsa, əməkhaqqı məbləğinə uyğun olaraq sosial sığorta və işsizlik sığortası da ödənməlidir. Bu, işçilərin maaşından və işəgötürən tərəfindən əlavə olunan ödənişlərdən ibarətdir”.

Razi Abbasbəyli həmçinin, POS-terminal xərclərindən danışıb:

“Azərbaycanda POS-terminal vasitəsilə həyata keçirilən hər bir əməliyyatdan bank tərəfindən ümumilikdə 2 %-dən 4 %-dək komissiya tutula bilər. Bunun da nə qədər böyük məbləğ olduğunu təsəvvür etmək çətin deyil. Başqa bir məqam, maliyyə imkanları aşağı olan bəzi sahibkarlar POS-terminal cihazlarını satın ala bilmirlərsə, onu müqaviləyə uyğun olaraq icarəyə götürə bilərlər.

Lakin bu cihazların da icarəsi aylıq 40-50 AZN civarındadır. 

İllik POS-terminal icarəsi minimum 500 AZN civarındadır. 

Sahibkar POS-terminalı satın almaq istəyəndə isə bir az da çox xərcə düşür. Məsələn, sahibkar bankla ən azı 2 illik müqavilə bağlayıbsa və POS-terminal cihazı almaq istəyirsə, fünksionallığına görə seçim etməlidir.

Məsələn, əsas stasionar POS-terminallar, ənənəvi cihazlar 300-600 AZN, mobil POS-terminallar, bu terminallar simsiz və portativdir, mobil internetlə də işləyə bilir. Qiymətləri isə təxminən 500-900 AZN arasında dəyişir.

Smart POS-terminallar, əlavə funksiyalara əlavə proqramlar, inventar idarəetmə, NFC ödənişləri və s. malik olan yeni nəsil cihazlardır. Qiymətləri 1100 AZN və daha çox ola bilər. 

Azərbaycanda isə vətəndaşlar adətən yeni nəsil POS-terminallara üstünlük verir, yəni NFC dəstəkli terminallara. 

Qiymət isə ən azı 1100 AZN dir. Bütün bu xəclərin yaranması kiçik və orta sahibkarlar üçün əlavə yük yaradır. Həm bank POS-terminal xidmətinə görə çox xidmət haqqı tələb edir (hər satışda 3 faizə qədər komissiya), həm POS-terminal xidmətinə görə qısamüddətli müqavilə 2 illik bağlanır ki, bu da sahibkar üçün zəmanətsiz biznes və risk mühitində təhlükəlidir. Həm də POS-terminal cihazları çox baha icarəyə verilir və ya birdəfəlik satılır”. 

O qeyd edib ki, sahibkarların POS-terminal almasını daha asanlaşdırmaq lazımdır:

“Sahibkarların əlavə xərclərlə qarşılaşdığı bir mühütdə problemlər mövcud olduğu təqdirdə sahibkarları ağır cəriimələr ilə hədələmək yox, sahibkarların POS-terminallar əldə etməsi, bu sistemə qoşula bilməsi üçün ciddi güzəştlərə ehtiyacı var.  Əgər bu güzəştlər tətbiq edilərsə o zaman sahibkarların yüküdə nisbətən azala bilər”.

Seçilən
74
cebheinfo.az

1Mənbələr