AZ

Atatürkün həyatından cizgi filmi çəkmək nə qədər doğru münasibətdir...

Image

Aydın Xan Əbilov: “Tarixi şəxsiyyətlər haqqında cizgi filmi çəkmək birmənalı qarşılanmır”

Övladlarımızın düzgün təlim-tərbiyəsi, sağlam inkişafı, intellektuallığı və savadlılığı hər birimiz üçün çox vacibdir. Uşaqların dünyagörüşünün formalaşmasına təsir edən faktorlardan biri də məhz cizgi filmləridir. Müəyyən yaş dövrü var ki, uşaqlar üçün bu filmlər daha aktual olur,  çox izlənilir. 

Bu gün müxtəlif məzmunda, müxtəlif şəxsiyyətlərlə bağlı cizgi filmləri çəkilir. Ancaq elə tarixi şəxsiyyətlər var ki, onlar haqqında cizgi filminin çəkilməsi düzgün hesab edilmir. 

Bu yaxınlarda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında “Mustafa” cizgi filmi çəkilib. Bu cizgi filminin təqdimatı Avropada ermənilər tərəfindən əngəllənib. Bunun səbəbi isə ermənilərin türklərə olan nifrəti ilə bağlıdır. 

Ümumiyyətlə, Mustafa Kamal Atatürk kimi tarixi şəxsiyyətlər haqqında animasiya çəkilməsi nə dərəcədə doğrudur? 

“Atatürk obrazı cizgi filmlərində deyil, bədii, analitik filmlərdə, seriallarda canlandırılmalıdır”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Şərq və Qərb düşüncəsində insana, tanınmış şəxsiyyətlərə, dövlət qurucusuna, ağsaqqala, ağbirçəyə mövqe sərgiləmək tamam fərqlidir: “Qərbdə estetik texnologiyaların müxtəlif növlərində, kinofilmlər, kitablar, roman və cizgi filmlərində istənilən şəxs haqqında material hazırlana bilər. Ancaq Şərqdə tanınmış, tarixi şəxsiyyətlərə qarşı ağır, xüsusi bir münasubət var. Hətta bu şəxslər haqqında filmlər çəkiləndə, romanlar yazılanda onun şəninə yazılanlar bir qədər ciddiliyini və tarixiliyini qorumalıdır. Mustafa Kamal Atatürklə bağlı  dünyanın müxtəlif yerlərində çox dəyərli sənət əsərləri yaradılıb. Məlumdur ki, Atatürk Şərqlə Qərbi  Türkiyədə birləşdirərək, bu ölkəni dünyanın mərkəzi dövlətlərindən birinə çevirərək tarixdə böyük bir uğura imza atdı. Atatürkün Şərqlə Qərbi birləşdirən obrazı dünyanı vahid bir sivilizasiyaya çevirmək planını daha sonralar Azərbaycanda da gördük. Ulu öndər Heydər Əliyev möhtəşəm bir tarixi fəaliyyəti ilə də seçildi. İndi bu cür tarixi şəxsiyyətlər haqqında cizgi filmi çəkmək birmənalı qarşılanmır. Yaşından asılı olmayaraq hər kəs Mustafa Kamal Atatürkə, Heydər Əliyevə hörmət edir, onları hörmətlə anır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, M.K.Atatürk həm yaşayışı, həm fəaliyyəti, həm Türkiyəni xilas etməsi və digər xüsusiyyətlərinə görə seçilir. Atatürk tək Türkiyə tarixində deyil, eyni zamanda, Şərq ölkələri və  Azərbaycanın tarixində də möhtəşəm izlər qoyub: “Bu səbəbdən də hesab edirəm ki, Atatürk obrazı cizgi filmlərində deyil, bədii, analitik filmlərdə, seriallarda canlandırılmalıdır. Məlumdur ki, cizgi filmi elə bir janrdır ki, onu daha çox uşaqlar seyr edir, meyl göstərir. Atatürk tək uşaqların sevimli qəhrəmanı olmayıb, o hər bir insanın sevdiyi, hörmət etdiyi tarixi şəxsiyyətdir. Atatürk haqqında çox danışılacaq, çox filmlər çəkiləcək. Müxtəlif estetik düşüncə və texnologiya tərzinə uyğun olaraq əsərlər yaradılacaq. Ola bilsin ki, ilk baxışdan Avropa insanı üçün Atatürk obrazının cizgi filmində canlanması normaldır, ancaq Şərqdə tarixi şəxsiyyətlərə yanaşma tam fərqlidir”.

A.X.Əbilovun sözlərinə görə, ermənilər Atatürk haqqında çəkilən cizgi filmindən belə narahatlıq keçirir. Ermənilər bu film haqqında əks mövqe nümayiş etdirir. 

Günel CƏLİLOVA





Seçilən
50
baki-xeber.com

1Mənbələr