AZ

Kənd Təsərrüfatı Nazirliyində TİKA-nın nümayəndə heyəti ilə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə proqram koordinatoru Hayrettin Özçeliyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli 29 oktyabr – Respublika Günü münasibətilə Türkiyə xalqını təbrik edib, qardaş ölkəyə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb. Aparat rəhbəri Türkiyənin bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu və əlaqələrin dinamik inkişaf etdiyini deyib. Bildirib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Kənd təsərrüfatı sahəsində Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsi mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində işini uğurla davam etdirir.

Hayrettin Özçelik kənd təsərrüfatı sahəsində Azərbaycanla əlaqələrin genişləndirilməsinə xidmət edən əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.

Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılmasının zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla, o cümlədən TİKA ilə əməkdaşlıq davam etdirilir. Görüşdə TİKA ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr