AZ

COP29 Azərbaycan Əməliyyat Şirkəti Anlaşma Memorandumu imzaladı

COP29 müddətində tədbir məkanı Bakı Stadionunun tələb olunan enerji ehtiyacının yaşıl enerji mənbələrindən qarşılanması məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti və “AzərEnerji” ASC-nin “Yaşıl Enerji Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, Anlaşma Memorandumu sənədinə əsasən prosesdə iştirak edən tərəflər - COP29 Azərbaycan Əməliyyat Şirkəti, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Stadium Operating Company” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında müvafiq əməkdaşlıq və koordinasiyanın təmin edilməsi məqsədilə beştərəfli müqavilənin imzalanması nəzərdə tutulur.

İmzalanma mərasimində iştirak edən COP29 Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfransın təşkili zamanı karbon emissiyalarının minimuma endirilməsi məqsədilə bir sıra tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O bildirib ki, tədbir məkanının enerji təchizatı üçün yaşıl enerjinin tədarükü istixana qazı (İXQ) emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək. Bu isə COP29 tədbirinin karbon neytral olma öhdəliyinə cavab verməklə yanaşı, dayanıqlılığın təcrübədə tətbiqi baxımından uğurlu nümunə olacaqdır.

Tədbirdə çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bildirib:

“COP29 dayanıqlı tədbir əməliyyatları və idarəçiliyində bir sıra ilklərə imza atmışdır və bununla da COP29 konfransının ölkədə dayanıqlı davranışların təşviqi və tətbiqinə və ümumilikdə yaşıl keçidə təkanı danılmaz xarakter almışdır. Biz inanırıq ki, Bakı Stadionu nümunəsində bir sıra tədbir infrastrukturları və məkanları ekoloji cəhətdən məsuliyyətli idarə olunacaq, enerji qənaətinə və yaşıl enerji ilə təchizata üz tutulacaqdır”.

Daha sonra çıxış edən “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin direktoru Emil İbadov ölkə başçısının işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, regionun hidroenerji potensialından səmərəli istifadə edilməsinə dair tapşırıqları vurğulayaraq, hazırda Qarabağ regionunda “Yaşıl Enerji Elektrik Stansiyası” MMC tərəfindən ümumi gücü 270 MVt olan 32 ədəd su elektrik stansiyasında yaşıl enerji istehsal edildiyini və yaşıl enerji layihələrinin iqlim dəyişmələrinə qarşı mübarizədə əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Xatırladaq ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirlə bağlı karbon emissiyalarının və ətraf mühitə mənfi təsirlərin azaldılması məqsədilə artıq müvafiq addımların atılmasını təmin edib. Belə ki, konfransın keçiriləcəyi Bakı Stadionunun ətrafında tikilmiş müvəqqəti konstruksiyaların enerji təchizatında istifadə ediləcək generatorlarda dizel əvəzinə hidrogenləşdirilmiş bitki yağının (HVO) istifadəsi, həmçinin stadion və ətraf tikililərdə səmərəli enerji sərfiyyatını təmin edən qurğu və avadanlığın quraşdırılması icra olunub.

Seçilən
89
50
unikal.az

10Mənbələr