AZ

Kirayə evlərin qiyməti ucuzlaşıb?- Ekspertdən açıqlama

 

Mənzil bazarındakı qiymətlər cəmiyyətimizi daim maraqlandıran mövzulardan biridir. Hər ilin müxtəlif   aylarında kirayə mənzillərin qiymətində artım və azalma müşahidə olunur. Bəzi elan saytlarında hazırda qiymətlərin bir qədər stabil olduğu, hətta sentyabr ayına nisbətən müəyyən evlərin qiymətinin endiyi nəzərə çarpır. Bəs bu nə ilə əlaqədardır? Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkənin böyük şəhərlərində, xüsusilə paytaxt Bakıda daşınmaz əmlak bazarındakı qiymətlərdə, istər satış, istərsə də kirayələrdə hər il ciddi şəkildə artımlar müşahidə olunur:“Xüsusilə Bakıda son illər, yəni 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin sərəncamına əsasən istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və bu tipli yaşayış massivlərindən ibarət olan fərdi həyət evlərinin söküntülərinə start verilib ki, bu da artıq  həmin binalar söküldükcə kirayə verilən evlərin kiraya mənzil bazarına çıxmasına səbəb olur. Başqa bir tərəfdən evləri sökülən hər bir şəxs ortalama 2-3 il müddətinə məcburən kirayəyə çıxır. Və bu da onu deməyə əsas verir ki, artıq paytaxt ərazisindəki kirayəlik evlərin böyük bir hissəsini elə paytaxt sakinləri özləri kirayələyir. Sökülən hər köhnə 3, 4 və 5 mərtəbəli binalardakı kirayə mənzillərin qiymətləri əlçatan olsa da,  onlar söküldükdən sonra yerində inşa olunan yeni tikili binalardakı mənzillərin kirayə qiymətləri isə köhnə tikili binalardan demək olar ki, 2 dəfəyə qədər baha qiymətə təklif olunur”.Ekspert qeyd edib ki, paytaxt Bakının baş planı təsdiq olunub ki, 2040-cı ilə qədər daha çox köhnə tikili binalar, onlarla, hətta yüzlərlə çoxmənzilli binalar və fərdi yaşayış evləri sökülərək ya yeni tikili binalarla əvəzlənəcək və yaxud dövlət ehtiyacı üstünə alınaraq hər hansı parkların salınması infrastrukturların qurulması üçün istifadə olunacaq:

“Yəni yaxın gələcəkdə paytaxt ərazisində ucuz kirayə mənzillər tapmaq müşkül məsələyə çevriləcək.  Kirayə mənzillərə tələbat daha çox avqust ayının sonundan sentyabr ayının birinci yarısına qədər olur ki, bu da tələbələrin bölgələrdən Bakıya dönməsi ilə əlaqədardır. Lakin digər aylarda isə tələbələr öz ev problemlərini həll etdiklərinə görə kirayə mənzil bazarında bir sabitlik hökm sürür. Bu baxımdan də qiymətlərdə də enmələr müşahidə olunmur”.Elnur Fərzəliyevin sözlərinə görə, o mənzillərin qiymətlərində cüzi enmələr müşahidə olunur ki, onların aylıq kirayə qiymətləri öz real bazar dəyərindən daha baha qiymətə təklif olunurdu və bu qiymətlərlə o mənzillər kirayə götürülmədiyi üçün hazırda həmin mənzillər bazara uyğun olaraq tənzimlənir və bazara uyğun qiymətlərlə kirayə bazarına çıxarılır.Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
31
missiya.az

1Mənbələr