AZ

Qərblə Şərq arasında POLAD MAGİSTRAL KÖRPÜ – FOTOLAR

“Sabunçu qəsəbəsində yerləşən Sabunçu vağzalı mühəndislik tariximizin bir hissəsidir. Hər dəfə yağış yağanda bu ərazidə hərəkətin iflic olması, müşahidə edilən arzuolunmaz mənzərə təəssüf doğurur. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidə yağış sularını kənar edən sistem, təmizləyici qurğular quraşdırıb çirkab suları yaxınlıqdakı göllərə ötürmə imkanlarını təhlil edərsə, çox yaxşı olar”.

Medianews.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

O qeyd edib ki, alimlər 2050-ci ilə kimi dünyada temperaturun iki dərəcə artacağı, buxarlanmanın, yağıntının və selin isə çoxalacağı barədə proqnozlar verirlər. Ekspertin qənaətincə, qlobal iqlimin dəyişməsini nəzərə alaraq, önləyici tədbirlər haqqında bu gündən düşünmək lazımdır.

R.Ağamirzəyev üç ay sonra Azərbaycanın ilk dəmiryolunun 145 yaşını qeyd edəcəyinə də toxunub, tarixə ekskurs edərək Sabunçu vağzalı barədə faktları diqqətə çatdırıb: “1880-ci ildə Azərbaycanın ilk dəmir yolu xətti istifadəyə verildi. Uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşası 1878-ci ilin sonunda başladı. Bakıda sadə sərnişin vağzalı binası inşa olundu. 1880-ci il yanvarın 20-də bu yolun təntənəli açılışı oldu. Həmin gün Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab olunur. Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanıldı. Amma çox keçmədi ki, eyni marşrutla sərnişin daşınmasına da start verildi. Bakıdan Sabunçuya 50–60 dəqiqəyə, Bakıdan Suraxanıya 90 dəqiqəyə çatmaq olurdu. Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verildi. 1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə)–Tiflis magistral dəmir yolu işə salındı”.

Ekspert söyləyib ki, Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərilib: “Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkildi. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi. 1908-ci ilin 20 yanvarında Tiflislə Culfa arasında dəmir yol magistralı rəsmən istifadəyə verildi. Beləliklə, Azərbaycan ərazisi Rusiyanın və dünyanın dəmiryol şəbəkəsinə qoşularaq Qərblə Şərq arasında polad magistral körpüsünə çevrildi”.

Vüqar MƏMMƏDOV

Seçilən
11
medianews.az

1Mənbələr