"VAR sistemi düzgün qərarlar üçündür. Ancaq VAR-da oturanların verdiyi qərarların çoxu səhvdir. Nə deyəsən? Hər oyun bir fiasko olmalıdır da".
News24.az xəbər verir ki, bu sözləri sportal.az saytına açıqlamasında "Şamaxı"nın kapitanı Adil Nağıyev deyib.
Bölgə klubunun müdəfiəçisi Misli Premyer Liqasının 11-ci turunda "Qarabağ"la görüşdə özünün iştirak etdiyi epizodda baş hakim Cavid Cəlilovun qayda pozuntusu qeydə alaraq, qapılarına penalti verilməsini şərh edib. O, hər turda baş verən hakim səhvlərindən danışıb: "Onsuzda son oyunlarımızda belə şeylər başımıza çox gəlir. Artıq öyrəşməyə başlayırıq bunlara. Təbii ki, "Qarabağ"la görüşdə penalti olmasaydı, başqa cür olardı hər şey. Yenə də qismət. Həmin görüş artıq geridə qaldı".
Bununla yanaşı Nağıyev bu gün ölkə kubokunun ikinci təsnifat mərhələsində qarşılaşacaqları "Şəmkir"lə oyun barədə də fikirlərini söyləyib: "Rəqibimiz "Şəmkir" olsa belə, öz ciddiliyimizi, peşəkarlığımızı qorumalıyıq. Qələbə qazanaraq mərhələ adlamaq istəyirik. Bu görüşdən sonra bizi çempionatda "Zirə" ilə ağır oyun gözləyir. "Zirə" yaxşı komandadır və müdafiədə etibarlı oynayır. Onlara qol vurmaq həqiqətən çətin olur. Öz meydanımızda oynayacağıq. Bir neçə oyundur ki, qələbə qazana bilmirik. Bu oyunda da üç xal qazanmağa çalışacağıq".