AZ

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, komitə sədri Zahid Oruc gündəliyə bir məsələnin - “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil olduğunu bildirib.

Azərbaycanda məişət zorakılığı ilə mübarizənin normativ hüquqi bazasının təkmilləşdirilməsi tədbirlərindən və bu sahədə dövlət orqanları tərəfindən görülən işlərdən söz açan Zahid Oruc vurğulayıb ki, müzakirəyə çıxarılan layihə də məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edir.

Komitə sədri layihədə məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma ilə bağlı qaydaların təkmilləşdirilməsindən danışıb. Qeyd olunub ki, təklif edilən dəyişikliklərdə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddətləri dəqiqləşdirilir, dinləmədə vəkilin, psixoloqun və tərcüməçinin iştirakı təmin olunur. Həmçinin layihədə məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq qərarların qəbulu və məhkəməyə müraciət qaydaları daha aydın şəkildə öz əksini tapıb.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihə barədə ətraflı məlumat verib, dəyişiklikləri aktual edən şərtlərdən danışıb. Şöbə müdiri sənəddə 5 maddə üzrə dəyişikliyin nəzərdə tutulduğunu deyib, əsas mahiyyət xarakterli dəyişikliyin qanunun yeni redaksiyada təklif edilən 9-cu maddəsində əks olunduğunu bidirib. Şöbə müdiri həmçinin qanun layihəsində təsbit olunan məişət zorakılığı ilə bağlı şikayətə baxılma prosedurları, müddəti, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlarla bağlı müddəaları diqqətə çatdırıb.

Daha sonra qanun layihəsi barədə müzakirələr aparılıb. Deputatlar təklif olunan dəyişikliklərlə bağlı rəy və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Seçilən
12
4
ikisahil.az

6Mənbələr