Son günlər sosial mediada və müxtəlif vebsaytlarda Heydər Əliyev Beynəlxalq Hava Limanı adından yayılan saxta reklam geniş müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, reklama görə, hava limanı “6 aydan artıq sahibləri tapılmayan baqajları anbardan boşaltmaq üçün cəmi 1 manat 88 qəpik ödəməklə təhvil verir”.
Kampaniya kimi göstərilən bu təklif, əslində, şəxsi məlumatları oğurlamaq məqsədi ilə yaradılmış bir fırıldaqçılıq sxemidir.
İstifadəçilər reklamda göstərilən linkə kliklədikdə saxta bir sayta yönləndirilir. Saytda “itirilmiş baqajı geri almaq” üçün bank kartı məlumatlarının daxil edilməsi tələb olunur. Cüzi məbləğdə ödəniş təklifi insanlara inandırıcı gəlir, lakin bu məlumatlar oğurlanaraq, maliyyə dələduzluğu məqsədilə istifadə edilir. Şərhlərdə isə guya baqajını geri alan insanların müsbət fikirləri yerləşdirilib ki, bu da fırıldağı daha inandırıcı göstərmək üçün istifadə olunur.
Heydər Əliyev Beynəlxalq Hava Limanı rəsmiləri bu elanların tamamilə saxta olduğunu və hava limanının bu kampaniya ilə heç bir əlaqəsi olmadığını vurğulayıblar. Rəsmi açıqlamada hava limanının itirilmiş baqaj prosesini yalnız öz vebsaytları və sosial media hesabları vasitəsilə idarə etdiyi bildirilib.
Vətəndaşlardan yalnız rəsmi mənbələrə etibar etmələri xahiş olunur.
Məsimə Məmmədova