AZ

Öcalan Bağçalının təklifinə nə cavab verəcək?

PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının təklifinə nə cavab verəcəyi maraqla gözlənilir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Türkiyə mediasında bəzi iddialar yayılıb.

Xatırladaq ki, Bağçalı Öcalanın Türkiyə Böyük Millət Məclisinə (TBMM) gələrək PKK-nın ləğv olunmasını və terrorçuların silahları yerə qoymağa çağırış etməsi ilə bağlı təklif verib. 

Bunun ardınca Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) deputatı Ömər Öcalan həbsdə Abdullah Öcalanla görüşüb. 

Onun dayısına Bağçalının təklifini çatdırdığı, aralarındakı danışıqların isə qeydə alındığı bildirilir.

Türkiyəli ekspertlərin sözlərinə görə, Öcalan təklifi qəbul etmək qarşılığında 2 şərt irəli sürüb.

O, proseslərin hüquqi çərçivədə olmasını və zəmanətçi ölkənin iştirakını istəyib. Ölkənin adı bəlli olmasa da, hazırda türk mediasında ABŞ, Böyük Britaniya və Norveç kimi ölkələrin adı hallarınır.

Bundan başqa, Öcalanla bağlı daha bir iddia yayılıb. Belə ki, onun ilkin olaraq bu həftə həbsdə PKK-çılara çağırış edəcəyi bir video çəkəcəyi deyilir.

Həmin videonun isə PKK-nın rəhbər şəxslərinə göndəriləcəyi iddia olunur. Həmçinin, Abdullah Öcalanın PKK-nın ləğv olunduğunu açıqlayacağı və terrorçulara silahlarını buraxmağa çağıracağı bir məktub da yazacağı ilə bağlı məlumat yayılıb.

Bəzi ekspertlər həmin məktubun gələn həftə ictimaiyyətlə paylaşılacağını düşünürlər. Hətta sözügedən məktubu Ömər Öcalanın oxuyacağı da iddialar arasındadır.

Seçilən
7
cebheinfo.az

1Mənbələr