AZ

Ərdoğanın mesajından sonra Öcalandan sürpriz qərar: “Hazırıq”

Müxalif DEM Partiyasının (keçmiş HDP) həmsədri Tuncer Bakırhan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, siyasətçi Türkiyədə yaşayan müxtəlif xalqlar arasında qardaşlığın təməli üçün şərtlərin olduğunu deyib.

PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı oğlu, DEM-in deputatı Ömər Öcalanla görüşünə işarə edən Bakırhan qeyd edib:

“Təkcə kürdlər deyil, bütün Türkiyə xalqlarında da ciddi ümid yaratdı. İlk mesaj təcridin (Öcalanın həbsi) davam etməsi idi. Hökumətə müraciət etmək istəyirəm. Sülhdə həmsöhbəti kimi gördüyünüz Öcalanın təcridini ən qısa müddətdə qaldırın və danışıqlar üçün şərait yaradın. Bunu cənab Baxçalı da söyləyib. Öcalan da deyib ki, əgər şərtlər yaranarsa, onu siyasi zəminə çəkəcək nəzəri və praktiki gücüm var. Yəni deyir ki, siz hazırsınızsa, mən də hazıram. Bunu ölkəni idarə edən hökumət bizdən yaxşı bilir. Tarixi fürsət, tarixi çağırış var. Qiymətləndirək. Qoy Türkiyə bu fürsətdən yararlansın. Doğrudanmı dövlət tarixi kürd-türk sülhünə hazırdır? Kürd tərəfi ən yüksək səviyyədən bəyan elədi ki, biz bütün qurumlarla hazırıq”.

Prezident Ərdoğan bundan öncə MHP sədri Dövlət Baxçalının Öcalanı azadlığı müqabilində PKK-nı buraxmağa, terrorçu fəaliyyətdən siyasətə keçidə yönəlik açıqlamasını "tarixi fürsət" adlandırıb.

“Bu cümhuriyyət türklər kimi kürdlərin də cümhuriyyətidir. Türklər və kürdlərin bir-birini sevməsi həm dini, həm də siyasi borcudur. Türkü sevməyən kürd deyil, kürdü sevməyən də türk deyil. Kürdsüz türk, türksüz də kürd yaşaya bilməz. Biz bunu ürəkdən, səmimiyyətlə, xoş niyyətlə deyirik. Alparslanın ordusunda türk, kürd, ərəb vardı. Bu zəfər təkcə türklər və kürdlərə yox, Anadoludakı türk-kürd qardaşlığına da vətən qurdu. Qardaşlığımızı birlikdə müdafiə etdik”, - Türkiyə lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
25
teleqraf.com

1Mənbələr