AZ

Hellouin nədir və necə yaranıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ və Avropada hər il oktyabrın 31-də qeyd olunan Hellouin bayramında insanlar balqabaqları oyaraq dekorasiya düzəldir, qorxulu kostyumlar geyinirlər. 

Bəs Hellouin nədir? Bu bayramı qeyd etmək ənənəsi necə yaranıb?

Hellouin Şimali Amerika və Britaniyada qeyd olunsa da, bu gün bəzi Avropa ölkələrində, Avstraliya, Yaponiya və Filippində də qeyd olunur. Hellouin bayramında insanlar xüsusi olaraq evlərini bəzəyir, balqabaqları oyaraq vahiməli dekorasiyalar hazırlayır, qorxulu paltarlar geyinirlər. Uşaqlar isə qapı-qapı gəzərək "trick or treat?" deyə soruşurlar. Ev sahibi buna görə uşaqlara konfet və ya pul verir. Hellouin bayramında maskalı şənliklər, qorxu filmləri seansları və qorxu evlərinə səyahətlər də həyata keçirilir.

Hellouin qədim Britaniyada bütpərəst Keltlər tərəfindən qeyd olunan "Samhain" Festivalından qaynaqlanır.

Keltlər üçün noyabrın 1-i yayın sonu və qışın başlanğıcı demək idi. Bu tarix gələndə fermerlərlə torpaq mülkiyyətçiləri arasında torpaq icarə müqaviləsi yenidən imzalanırdı. Eyni zamanda, keltlər yayın sonunda evlənir və ölülərinə dualar edirdilər. Keltlər inanırdılar ki, bu xüsusi gündə mərhumun ruhu ölməzdən əvvəl yaşadığı evi ziyarət edir. Onlar həmçinin, pis ruhları uzaqlaşdırmaq üçün hündür təpələrdə böyük tonqallar yandırırdılar. Həmin ərəfədə Keltlər pis ruhların ətrafda dolaşdığına inanırdılar, buna görə də onlar tərəfindən tanınmamaq üçün kostyumlar və maskalar geyinirdilər. Bu ənənələr "Samhain"in cinlər, pərilər, qoblinlər və cadugərlərlə anılmasına səbəb oldu. Romalılar 1-ci əsrdə Kelt torpaqlarını fəth etdikdən sonra öz məhsul bayramları olanı "Pomona" və ölüm bayramı "Feraliya" ilə "Samhain"i birləşdirdilər.

Daha sonra isə 7-ci əsrdə Roma papası "Samhain" Festivalını əvəz etmək üçün mayın 13-də qeyd olunan Müqəddəslər Gününü noyabrın 1-nə keçirmək qərarına gəldi. Beləliklə, 31 oktyabr və noyabrın 1-i ərəfəsi bütün müqəddəslərin günü (All-Hallows-Even) kimi qəbul edildi. Bundan sonra qərb dillərində "Halloween" sözü yaranıb. Orta əsrlərin sonlarında bu bayramlar xristian bayramı ilə birləşməyə başladı. Lakin Avropada Reformasiya hərəkatları zamanı bir çox xristianlar bu bayramı qeyd etməyi dayandırdılar. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
10
banco.az

1Mənbələr