AZ

Yeni bir nagehan plan – Ermənilər Türkiyəyə yenidən qarmaq atır

Regionun informasiya məkanında belə bir yeni xəbər var: “Türkiyə mediasının nümayəndələri “Dünyanın kəsişməsi” layihəsini işıqlandırmaq üçün Ermənistana gələcək”.

Bunu Ermənistan baş nazirinin aparatının rəhbəri, hazırda Bakıda təcridxanada olan keçmiş “artsax” rəbəri Arayik Arutyunyanla eyni ad-soyadı daşıyan yüksək mənsəbli məmur bildirib. Yəni mötəbər mənbədir, “sensasiya dalınca qaçan media”nın uydurması deyil.

Ermənistanın son 30 ildə bu cür fəndlərə əl atması çox olub. Ermənilər tez-tez sülhprvər mantiyaya bürünür, barışıqdan, konstruktiv dialoqdan danışır, beynəlxalq müşahidəçilərin gözünü boyamağa çalışırlar.

Ancaq onlar bunu edərkən səmimidirlərmi? Əsla. Hər halda indiyədək göstərdikləri analoji təşəbbüslərdə heç vaxt səmimi olmayıblar.

20 il öncə ermənilər beynəlxalq təşkilatların patronajlığı ilə “kəsişmə” layihələrinə ikiəlli razı olmuşdular. Hər iki ölkədə eyni layihə həyata keçirilir, internet tv-ləri vasitəsilə sülh çağırışlarına dair təbliğat aparılır, “xalq diplomatiyası” çərçivəsində jurnalistlərin, ziyalıların, idmançıların İrəvana və Bakıya gediş-gəlişləri təşkil edilirdi.

surixxx.jpg

O zamanlar açıq-aydın ortada idi ki, beynəlxalq təşkilatların və ermənilərin əsl niyyəti Qarabağ münaqişəsini bu cür də dondurmaq, sülh sazişini yaranmış status-kvonu dəyişdirmədən imzalamaq, başqa sözlə, Azərbaycan ictimaiyyətinin Qarabağı unutmasına, ondan vaz keçməsinə nail olmaqdır.

Bu, Azərbaycanda ciddi müqavimətlə qarşılandı. Ancaq ölkəmizdə “xalq diplomatiyası”na könül verənlər, bu zəmində pul-para, mənsəb və şöhrət qazananlar da vardı. Sadəcə, ermənilərin və beynəlxalq təşkilatların əsl niyyəti faş olduqdan sonra o layihə iflasa uğradı.

Təxminən 10 il öncə yenə qüdrətli dövlətlərin patronajlığı ilə Ermənistan siyasiləri Azərbaycanın başı üzərindən və ya böyründən adlamaqla qardaş Türkiyə ilə münasibətləri istiləşdirməyə çalışdılar və bu istiqamətdə irəliyə doğru xeyli məsafə qət etdilər.

Bundan ötrü ermənilərin Türkiyəyə yönəlik əsas güzəştləri “erməni genosidi”nin dünyada tanınması prosesini ləngitmələri, bu barədə intensiv mübarizəni bir az arxa plana keçirmələri idi. Əslində isə onlar “erməni genosidi”nin beynəlxalq arenada tanınması planından vaz keçmirdilər, sadəcə, bu mövzuda apardıqları geniş təbliğat kampaniyasını zəiflədir, bu minvalla Türkiyə ilə Azərbaycanı ayırmaq istəyirdilər.

ojgul.jpg

Xatirinizdədirsə, təxminən 14 il öncə Türkiyə və Ermənistan arasında “futbol diplomatiyası” adlandırılan təmaslar oldu: Türkiyə prezidenti Abdulla Gül İrəvana səfər edərək hər iki ölkənin milli komandaları arasında keçirilən matça tamaşa etdi, daha sonra Ermənistan prezidenti eyni məqsədlə Türkiyədə səfərdə oldu. O ərəfədə İsveçrənin Sürix şəhərində ABŞ-nin dövlət katibi Hilari Klintonun “ağbirçəkliyi” ilə “Sürix protokolları” adlanan sənədlər də imzalanmışdı.

Bu “kəsişmə”nin ideya müəllifləri və əsas icraçıları sonradan məlum oldu. Ortaya çıxdı ki, bu, ABŞ-nin layihəsidir və bunun əsas icraçıları da Pensilvaniyada yaşayan Fətullah Gülənin Türkiyə hakimiyyətində yüksək vəzifələrdə təmsil olunan ardıcıllarıdır.

Ancaq sonradan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Gülən tərəfdarlarının arasında ixtilaf başlayanda Türkiyənin “erməni açılımı” layihəsi də heç-puç olub getdi.

nageh.jpg

Onu da xatırlayaq ki, həmin illərdə Türkiyənin məşhur jurnalistlərindən biri Nagehan Alçı Xankəndidə səfərdə olmuş, sonradan Gülən camaatına məxsus media qurumlarında separatçı bölgənin həyatına, “mübarizəsi”nə dair silsilə reportajlar dərc etdirmişdi.

İndi ermənilər yenidən Türkiyəyə qarmaq atır.

Qarabağ və onun ətrafında, eləcə də Ermənistan və Azərbaycan arasında 20 və 14 il öncəki durum tamam fərqlidir. İndi Qarabağ tam şəkildə özümüzdədir, Ermənistan da əvvəlki qalib durumunda deyil, ancaq əsas məsələ köhnə dövrlərdəki kimidir: sülh yoxdur. Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib, sadəcə, indiki məqamda bu barədə yüksək səslə danışmır.

rarat.jpg

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yüksək tribunalardan “Emənistan üçün “erməni genosidi”nin beynəlxalq miqyasda tanıdılması 1 nömrəli prioritet məsələmiz deyil” desə də, neçə nömrəli olduğunu deməyib, əksər erməni siyasətçilər və əhali isə Azərbaycanla Türkiyəni özünə düşmən görməkdə davam edir. Yəni sabah Ermənistanda hakimiyyət dəyişsə “genosid” məsələsi yenidən “1 nömrəli məsələ” olacaq və ermənilər Azərbaycandan revanş götürmək avantürasına qapılacaqlar.

İndilikdə bu dövlət açıq və gizli şəkildə silahlana-silahlana özü haqqında “sülhpərvər Ermənistan” obrazını yaratmağa cəhd edir və yenə də Türkiyə və Azərbaycanı bir-birindən ayırmağa, hər ikisini ayrı-ayrılıqda təkləməyə çalışır.

Onların fikri budur ki, Türkiyə cəmiyyətində belə bir qənaət yaratsınlar: “Bizim ermənilərlə nə problemimiz var? Budur, artıq, “genosid” iddiasından da vaz keçiblər. Qoy Azərbaycan ermənilərlə olan problemini özü həll etsin”.

Onu da deyək ki, lap əvvəldə Türkiyənin siyasi arnasında bu kimi fikirləri zaman-zaman qabardan qüvvələr vardı, indi onlar yenidən meydana atılmaq üçün fürsət tapacaqlar.

Ancaq qardaş ölkənin mediası, jurnalistləri bu oyuna gəlməməlidirlər, anlamalıdırlar ki, Ermənistan üçün əsas hədəf heç də Azərbaycandan torpaq qoparmaq deyildi, ermənilərin əsas hədəfi 101-109 il öncə olduğu kimi Türkiyəni parçalamaq, məhz Ağrı dağının ətrafında özlərinə “Böyük Ermənistan” düzəltməkdir.

Ona görə də türkiyəli jurnalistlər yenidən Nagehan Alçının yolunu gedərək, qondarma “sülhpərvər gündəliyi” üçün platforma olmamalıdır. Onun aşığı bir müddət alçı (dik) dursa da, sonradan böyrü üstə qaldı.

P.S. Türkcədə və klassik ədəbiyyatımızda “nagehan” kəlməsi “birdən gələn”, mənasında işlənir.

Araz Altaylı, Musavat.com

Seçilən
114
1
musavat.com

10Mənbələr