AZ

OPEK+ nefti “bölüşdürə” bilmir

Nüfuzlu agentliklər ölkələr arasında ziddiyyət yarandığını iddia edirlər

Neft ticarətçiləri arasında OPEK+ razılaşması iştirakçılarının dekabrda  neft istehsalını bərpa etmək planlarına dair fikir ayrılıqları yaranıb. "Bloomberg"in məlumatına görə, bu müzakirələr, neft qiymətlərinin qeyri-sabit iqtisadi perspektivlər fonunda azalması ilə daha da aktuallaşıb.

Alyansın planlarına görə, OPEK+ dekabrda gündəlik hasilatı 180,000 barel artırmağa başlamalıdır. Lakin istehsalçılar, tələbin zəifləməsi və rəqiblərin istehsal artımını nəzərə alaraq, hasilatı artırmağı oktyabrda planlaşdırılan müddətə görə təxirə salıblar.

"Bloomberg"in sorğusunda iştirak edən analitiklərin 16-sı OPEK+-un istehsal artımını gecikdirəcəyini proqnozlaşdırır. Qərarın önümüzdəki bir neçə həftə ərzində qəbul edilməsi gözlənilir.

Əsas istehlakçı Çində tələbin azalması və ABŞ, Braziliya və Kanadada hasilatın artması, Yaxın Şərqdə münaqişənin səngiməsi fonunda neft fyuçersləri iyulun əvvəlindən bəri 18 faiz ucuzlaşıb. Hazırda Brent etalon nefti 72 dollar civarında ticarət olunur ki, bu da Səudiyyə Ərəbistanı kimi bir çox OPEC+ üzvlərinin dövlət xərclərini ödəmək üçün çox aşağıdır.

"Reuters" agentliyi də 3 mənbəyə istinadən OPEK+ razılaşması iştirakçılarının hasilatı artırmamaq qərarına yaxın oduqlarına dair məlumat yayıb. Məlumata görə, dünya bazarında neft qiymətlərinin ucuzlaşması fonunda  razılaşma tərəfləri hasilatı artırmaq planını ikinci dəfə təxirə salmaqla bağlı müzakirələr aparırlar.

Qeyd edək ki, hələ OPEK+ iştirakçılarının oktyabr ayında hasilatı gündə 180 min barel artıracaqları güman edilirdi, lakin qiymətlərin son üç ilin ən aşağı səviyyələrinə düşməsi istehsalçıları hasilatı artırmaq qərarına tez bir zamanda yenidən baxmağa məcbur etdi.

Agentliyin həmsöhbətlərindən biri etiraf edib ki, OPEC+ neftə olan zəif tələbdən narahatdır və bu, təklifin artması ilə birlikdə qiymətlərin çox güclü çökməsinə gətirib çıxara bilər. Əsas amillərdən biri davamlı inkişaf trayektoriyasına nail ola bilməyən Çində iqtisadiyyatın zəif göstəricilər nümayiş etdirməsidir. Bu göstəricilərə müvafiq olaraq, tələb gözləntiləri aşağıya doğru yenidən nəzərdən keçirilir.

Neftin qiyməti oktyabrın əvvəlində Yaxın Şərqdə böyük hərbi münaqişə təhlükəsi səbəbindən kəskin yüksəlib. Ekspertlər İsrailin misli görünməmiş raket hücumuna cavab olaraq İranın neft infrastrukturunu vuracağını, Tehranın isə ərəb neftinin böyük hissəsinin keçdiyi Hörmüz boğazını bağlayacağını istisna etməyib. Lakin Təl-Əvivin cavab zərbələri İranın hərbi obyektləri ilə məhdudlaşdırılıb, eyni zamanda Tehran cavab verməkdən imtina edib. Bu isə qlobal bazara neft tədarükünün azalacağı gözləntilərini minimuma endirməklə qiymətlərin çökməsinə səbəb olub.

"Eurasia Group" konsaltinq şirkətinin enerji və iqlim departamentinin rəhbəri Henning Gloesteinə görə, neft tələbi ilə bağlı ən böyük problem Çindir: “Bu, Yaxın Şərqin dominantlıq etdiyi OPEK istehsalçılar qrupunu çətin vəziyyətə salacaq”.

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, Çində istehlak dörd ay dalbadal azalaraq qlobal neftə tələbatın 2020-ci il pandemiyasından bəri ən aşağı sürətlə artmasına səbəb olub. BEA-nın məlumatına görə, gündəlik tələbatın təxminən 1 faiz və ya 1 milyon barel artması gələn il tədarükün 1,5 milyon barel artması ilə kompensasiya ediləcək və bu, qlobal bazarlarda yeni bolluğa səbəb olacaq.

Dünya Bankı analitikləri hesab edirlər ki, 2025-ci ildə qlobal əmtəə qiymətləri neft bolluğu fonunda beş ilin ən aşağı səviyyəsinə düşə bilər. Dünya Bankının əmtəə bazarlarına dair hesabatına görə, bolluq o qədər çoxdur ki, o, hətta Yaxın Şərqdə daha geniş münaqişənin qiymət təsirlərini məhdudlaşdıra bilər.

Analitiklər hesab edirlər ki, 2025-ci ildə neft təklifi tələbi gündəlik orta hesabla 1,2 milyon barel üstələyəcək. Daha böyük profisit əvvəllər cəmi iki dəfə - 2020-ci ildə pandemiya və 1998-ci ildə neft qiymətlərinin düşməsi səbəbindən qeydə alınıb. Həddindən artıq tədarük, digər məsələlərlə yanaşı, sənaye istehsalının və elektrikli nəqliyyat vasitələrinin və mayeləşdirilmiş təbii qazla işləyən yük maşınlarının satışının artması səbəbindən Çində neftə tələbatın demək olar ki, 2023-cü il səviyyəsində qalması (doqquz ayda Çin 412,39 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır - red.) ilə bağlıdır.

OPEC+ üzvü olmayan bir sıra ölkələrin neft hasilatını artıracağı gözlənilir. Alyansın özü 2019-cu ildə pandemiyadan əvvəlki səviyyədən demək olar ki, iki dəfə çox olan 7 milyon barel həcmində əhəmiyyətli ehtiyat gücü saxlayır.

OPEC+un hasilatın hazırkı səviyyəsini saxlamaqda əsas problemi iştirakçıların əhəmiyyətli hissəsinin bu vəziyyətdən narazılığıdır. Onlar kvotaları ədalətsiz hesab edirlər. Bildirirlər ki, hasilatı azaldırlar, nəticədə onların bazar payını üzv olmayan tədarükçülər, ilk növbədə ABŞ tutur. Bundan əlavə, razılaşma iştirakçıları da hasilat kvotalarına əməl etmirlər. Bu ilin sentyabrı da daxil olmaqla Rusiya, İraq, Qazaxıstan hasilat kvotasından xeyli çox neft hasil edib. Sentyabrda OPEC+ sazişinin iştirakçıları Venesuela, İran və Liviya istisna olmaqla, 35,41 milyon barel neft hasil edib.

Neft hasilatının azaldılması ilə bağlı OPEC+ sazişi çərçivəsində məhdudiyyətlərə məruz qalan ölkələr sentyabrda ümumilikdə sutkada 35,407 milyon barel hasil edib - bu səviyyə kvotadan azad olan İran, Liviya və Venesuelada qara qızıl hasilatını nəzərə almır. Nəzərə alsaq ki, sentyabr ayı üçün saziş iştirakçılarının ümumi hasilat kvotası sutkada 35,350 milyon barel təşkil edir, onda aydın olur ki,  ay ərzində nəzərdə tutulan həcmdən 57 min barel çox neft hasil edilib. Baxmayaraq ki, avqust ayı ilə müqayisədə OPEC+ sazişi çərçivəsində neft hasilatı sutkada 134 min barel azalıb, bu, kvotadan artıq hasilatı tam kompensasiya etməyib.

12 OPEK ölkəsi sentyabrda sutkada 26,04 milyon barel hasil edib ki, bu da avqust ayı ilə müqayisədə 604 min barel azdır. İran və Küveytdə neft hasilatı ciddi şəkildə artıb, Liviya, İraq, Səudiyyə Ərəbistanı və Nigeriya hasilatı azaldıb.

OPEC+ sazişində iştirak edən qeyri-OPEC ölkələri sentyabrda gündəlik 14,06 milyon barel hasil edib ki, bu da avqust ayı səviyyəsindən 47 min barel çoxdur. Qazaxıstan hasilatı əhəmiyyətli dərəcədə artırıb (avqustda +75 min barel), Rusiya isə onu azaldıb (avqustda -28 min barel).

Buna baxmayaraq, avqust ayına qədər hasilatı sutkada 155 min barel azaldan İraqla birlikdə Rusiya və Qazaxıstan hələ də sentyabr ayında sövdələşməni pozanlar arasındadır.

OPEC+ sazişi çərçivəsində kvotadan azad edilən ölkələrdən Liviya hasilatı əhəmiyyətli dərəcədə azaldıb (-410 min barel). Venesuela və İran isə əksinə, sentyabrda neft hasilatını avqust ayı ilə müqayisədə - sutkada 3 min və 21 min barel artırıb.

Beləliklə, aydın olur ki, qiymətlərin ucuzlaşmasına, bazarda tələbin zəifləməsinə rəğmən, OPEK+ razılaşmasının bir sıra üzvləri kvotadan artıq hasilatı davam etdirirlər. Bu isə razılaşma iştirakçıları daxilində daha bir narazılıq mənbəyidir.

Razılaşma iştirakçıları arasında kvotaların ləğvi məsələsini gündəmə gətirən ölkələr İraq və Qazaxıstandır. Hər iki ölkə azaldılan həcmlərin bazar payını ABŞ, Kanada və Braziliya tərəfindən tutulmasını əsas gətirməklə may-iyun aylarında OPEK+ razılaşmasının dayandırılmasını tələb edirdilər. Lakin Rusiya və Səudiyyə Ərəbistanının səyləri nəticəsində onlar mövqelərini dəyişməli oldular.

Onu da qeyd edək ki, arxada qalmaqda olan həftənin əvvəlində Çindən gələn bədbin xəbərlərdən sonra oktyabrın 31-də xammal bazarları üçün sevindirici məlumat açıqlanıb. Çin Milli Statistika İdarəsinin (NSO) hesabatından aydın olub ki, Çinin istehsalat satınalma menecerləri indeksi (PMI) sentyabrda 49,8 bənddən oktyabrda 50,1 bəndədək yüksəlib. Göstərici aprel ayından bəri ilk dəfə 50 bəndin üzərinə qalxıb. İndeksin 50 bənddən yuxarı olması sektorda aktivliyin artmasını, aşağıda olması isə zəifləməni göstərir. "Trading Economic" analitiklərinin konsensus proqnozu sənaye PMI-nin 50 punkta yüksələcəyini nəzərdə tuturdu.

İqtisadi aktivliyin stimullaşdırılması tədbirləri sayəsində istehsal alt indeksi sentyabrda 51,2 bənddən 52 bəndədək - son altı ayın ən yüksək səviyyəsinə yüksəlib. Yeni sifarişlər üzrə göstərici 49,9 bənddən 50 bəndədək, məşğulluq subindeksi 48,2 bənddən 48,4 bəndədək yüksəlib, ixrac satışları 47,5 bənddən 47,3 bəndədək azalıb.

Çinin xidmət və tikinti PMI göstəricisi sentyabrda 50 bənddən bu ay 50,2 bəndədək artıb. Oktyabr ayında ümumi PMI bir ay əvvəlki 50,4 bənddən 50,8 bəndə (maydan bəri ən yüksək) yüksəlib.

Çindən gələn bu xəbər neft bazarında pozitiv əhvala səbəb olmaqla qiymətlərin 1 dollara yaxın artmasını şərtləndirib. Analitiklərə görə, noyabrın ilk ongünlüyündə - Çindən digər statistik göstəricilər açıqlandıqdan sonra bazarda qiymətlərin hansı yöndə hərəkət edəcəyi tam dəqiqləşəcək.

Onu da qeyd edək ki, Azərbaycan OPEK+ razılaşmasının iştirakçısıdır. OPEK-in hesablamalarına əsasən sentyabrda Azərbaycanda gündəlik neft hasilatı 488 min barel təşkil edib. OPEC+ ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan sentyabr ayında OPEC+ çərçivəsində müəyyən olunmuş kvotasından 63 min barel geridə qalıb, lakin avqust ayı ilə müqayisədə hasilatı 6 min barel artırıb.

Yeri gəlmişkən, qeyd edək ki, OPEK+ çərçivəsində hasilatın artırılması qərarı verilsə belə, Azərbaycanın belə imkanı yoxdur.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
28
musavat.com

1Mənbələr